Dünya

  • 1 188

Antonio Quterreş iqlim dəyişikliyi ilə əlaqədar açıqlama verdi

image

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş hər il yarım milyon insanın anomal istilər səbəbindən öldüyünü bəyan edərək, yeni qlobal addım atmağa çağırıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Antonio Quterreş BMT binasında jurnalistlərə iqlim dəyişikliyi ilə bağlı açıqlama verib.

Son bir həftədə dünyada temperaturun görünməmiş səviyyəyə yüksəldiyinə diqqət çəkən Antonio Quterreş 21 iyulun indiyə qədər qeydə alınan ən isti gün olduğunu xatırladıb.

"Bizim bölünmüş dünyamızı birləşdirən bir şey varsa, o, da hamımızın təsirini hiss etdtiyimiz yüksələn temperaturdur",-deyə Birləşmiş Millətlər Təşkilatının baş katibi qeyd edib.

Dünyanın hər yerində temperaturun yüksəldiyinə diqqət çəkən Antonio Quterreş bunun milyardlarla insana təsir etdiyini və temperaturun 50 dərəcəyə qədər yüksəldiyini qeyd edib.

Antonio Quterreş isti dalğasının Saharanın cənubu, ABŞ, Səudiyyə Ərəbistanı, Asiya və Afrikada ölümcül təsirləri olduğunu ifadə edərək bəzi yerlərdə məktəblərin bağlandığını bildirib.

"Anomal istilər hər il yarım milyon insanın ölümünə səbəb olur" deyən Antonio Quterreş bunun tropik qasırğalar səbəbindən yaşanan ölümlərdən 30 dəfə çox olduğunu vurğulayıb.

Yüksək temperaturun əsas səbəblərinin qalıq yanacaq istifadəsi və iqlim dəyişikliyi olduğunu vurğulayan BMT baş katibi deyib: "Anomal istilər artıq bizim yeni anormallığımızdır".

Bunun təsirinin azaldıla biləcəyini və ölümlərin qarşısının alına biləcəyini ifadə edən Antonio Quterreş deyib: "Bu gün biz yeni bir qlobal hərəkətə çağırırıq".

İlk növbədə cəmiyyətin ən həssas təbəqəsinin qorunmalı olduğuna diqqət çəkən Antonio Quterreş istilərin hər kəsə eyni şəkildə təsir göstərmədiyini, bunun kasıblara, hamilə qadınlara, qadınlara, əlillərə, qocalara və uşaqlara daha çox təsir etdiyini bildirib.

İşçilərin qorunmasının başqa bir mühüm məsələ olduğunu bildirən Antonio Quterreş qlobal işçi qüvvəsinin 70 faizinin həddindən artıq istilər səbəbindən ciddi risk altında olduğunu qeyd edib.

BMT baş katibi həmçinin iqtisadiyyatların və cəmiyyətlərin dayanıqlığının artırılmasının vacibliyini vurğulayıb.

İqlim böhranına səbəb olan problemlərə diqqət yetirilməsinin vacibliyini vurğulayan Antonio Quterreş deyib: "Semptomlarla mübarizə aparmaq üçün xəstəliyi müalicə etməliyik. Bu xəstəlik öz evimizi yandırıb külə çevirir. Xəstəliyin adı qalıq yanacaqlardan asılılıqdır''.

Antonio Quterreş ölkələrin qalıq yanacaq istehlakına tez bir zamanda son qoymasının vacibliyini vurğulayaraq dünya liderlərini bu mövzuda hərəkətə keçməyə çağırıb.

BMT-nin baş katibi deyib: "Mesaj aydındır. Temperaturlar yüksəlir. Anomal istilər insanlara və planetə mənfi təsir edir. Dünya temperaturun yüksəlməsi ilə mübarizə aparmaq üçün səy göstərməlidir".