Siyasət

  • 1 410

“Ermənistanın yeganə çıxış yolu yalnız sülhdür“ - ŞƏRH OLUNDU

image

"Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi qələbədən sonra Azərbaycan yenə də humanist addımlar atmaqla Ermənistanı sülhə dəvət edərək, ona düşdüyü acınacaqlı durumdan qurtuluş yolunu göstərməsinə baxmayaraq, Ermənistan bəzi qərb dairələrin ucuz "vəd"lərinə güvənərək bu prosesdən uzaqlaşmağa çalışır". Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.

O bildirib ki, Prezident cənab İlham Əliyev müxtəlif bütün çıxışlarında erməniləri çirkin əməllərdən, təxribatlardan yayınmağa çağırmaqla, sülh müqaviləsinin bağlanmasının həm Ermənistan, həm də region üçün əhəmiyyətli olduğunu dəfələrlə vurğulamasına baxmayaraq, Ermənistan rəhbərliyi hər vəchlə sülhdən yayınır Beləliklə, 10 noyabr Bəyanatında üzərinə düşən öhdəlikləri yerinə yetirmir:

"2020-ci ilin 10 noyabr Bəyanatında yer alan şərtlərə əməl olunmasının vacibliyi həm Azərbaycan, həm də Rusiya tərəfindən qeyd olunmasına baxmayaraq Ermənistan tərəfi bu günə qədər əldə olunmuş razılaşmanın şərtlərinə əməl etməyib. Ermənistan təxribatçı mövqeyində qalmaqla bütün hallarda özünü oda atır. 2020-ci ilin sentyabrına qədər Azərbaycan Ermənistana şans verməklə, münaqişəni dinc yolla tənzimləməyə çalışırdı. Lakin Ermənistan Azərbaycanın bu mövqeyini düzgün qiymətləndirə bilmədi və nəticədə 2020-ci ilin payızında olduqca ağır məğlubiyyətə uğradı və Ermənistan ordusu darmadağın edildi. Buna baxmayaraq kapitulyasiya aktı imzalayan Ermənistan təxribatçı mövqeyində qalmaqda davam edir.

​Qeyd edək ki, cari ilin 18 iyul tarixində Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdə olub. Səfər çərçivəsində Prezident İlham Əliyev 12 xarici dövlət və hökumət başçısı ilə görüş keçirib, Zirvə toplantısının açılış və bağlanış plenar sessiyalarında, enerji məsələlərinə həsr olunmuş dəyirmi masada iştirak edib, beynəlxalq əhəmiyyətli tədbirdə Azərbaycan reallıqlarını, rəsmi Bakının siyasi mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bu toplantı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi nəzərdə tutulmuşdu. Təbii ki, görüşün təşkil olunması ilə bağlı təşəbbüs Böyük Britaniya tərəfindən olsa da, Ermənistan tərəfi öz məkrli siyasətini bir daha sərgiləyərək bundan imtina edib. Ermənistan daxilində tez-tez sülh bəyanatları verən, Azərbaycanla ən qısa zamanda sülh sazişini imzalamağa hazır olduğunu bəyan edən N.Paşinyan əsl gerçəklikdə sülhdən, dialoqdan niyə yayınır?

​Bu bir faktdır ki, Ermənistan baş naziri Nikol Paşinyan Londonda Prezident cənab İlham Əliyevlə görüşdən imtina etməsi ilə sülh müqaviləsinin imzalanması prosesinə zərər verdi. Ermənistanı cəsarətləndirən ABŞ və Fransa gələcəkdə rəsmi İrəvanın həm Avro-Atlantik məkana, həm də NATO-ya inteqrasiyasına çalışırlar. ABŞ-ın Ermənistan Müdafiə Nazirliyində çalışacaq daimi müşavir təyin etməsi, Aİ-nin mülki missiyasının sərhədə gətirilməsi və s. buna nümunədir. Bütün bunların kontekstində Azərbaycan dəqiq mesajlar verir: Ermənistan sülh müqaviləsini imzalasın, Zəngəzur dəhlizinin açılmasını həyata keçirsin, konstitusiyada dəyişiklik etsin, sərhədlərin tanınması prosesi baş tutsun.

​Ölkəmizin sülh sazişi istiqamətində bütün imkanlarını səfərbər etdiyi bir vaxtda qarşı tərəfin bunu gözardı etməsi, bundan əlavə son zamanlar silahlanma istiqamətində müəyyən addımlar atması, bu istiqamətdə də dünya ölkələri ilə razılaşmalar əldə etməsi Ermənistanın özünü necə bir təhlükəli vəziyyətə salmasından xəbər verir. Bu təbii ki, regionun gələcək inkişafı və prespektivlərinə Ermənistan tərəfindən vurulan növbəti zərbə kimi qiymətləndirmək olar.

​Ancaq Ermənistan tərəfi bilməlidir ki, onun tərəfindən gələcək hər hansı təxribat, hər hansı bir təhdid Azərbaycan tərəfindən qətiyyətlə alınacaq və adekvat cavab veriləcəkdir. Qərbin bəzi dairələrin "vəd"lərinə aldanan Ermənistan sülhdən yayınma və silahlanma kimi fəaliyyətləri sərgiləməklə sülh prosesində öz üstünlüyünü nümayiş etdirmək istəsədə bu heç zaman mümkün olmayacaqdır. Çünki qalib tərəf Azərbaycadır və sülh şərtləri qalib Azərbaycan tərəfindən irəli sürülüb və diktə edilir. Əgər rəsmi İrəvan mövcud şəraitdə barışmaq istəməsə "Dəmir Yumruq"la rastlaşması qaçınılmaz olacaq. Bu da artıq Ermənistanın tamamilə məhv olması ilə nəticələnəcək".

Digər xəbərlər