PDF Oxu

Siyasət

  • 1 950

"Hər kəs öhdəliyinə düşəni etməlidir” - ŞƏRH EDİLDİ

"Hər kəs öhdəliyinə düşəni etməlidir” - ŞƏRH EDİLDİ

“Parlament seçkiləri demokratik dövlət quruculuğunun çox vacib və əhəmiyyətli prosedurlarından biridir. Parlament seçkiləri olmasa, demokratiya və demokratik dövlət quruculuğu olmaz. Bu baxımdan Azərbaycanda Milli Məclisə seçkilər barəsində qərarın verilməsi və artıq prosesin başlaması ölkəmiz üçün əhəmiyyətli hadisə kimi dəyərləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, seçkilər Azərbaycan cəmiyyətindən, seçkidə namizəd, iddiaçı kimi iştirak etmək istəyən şəxslərdən və müvafiq dövlət orqanlarından kəmiyyət və keyfiyyətcə yeni tələblər ortaya qoyur: “Çünki Azərbaycan artıq ərazi bütövlüyünü bərpa edib, işğal faktoru tamamilə aradan qaldırılıb. Ölkəmizdəki separatizm ocağı demək olar ki, söndürülüb. Əgər indiyə kimi ölkədə bütün parlament seçkiləri xarici hərbi təcavüz, işğal rejimi və separatizm ocağının mövcudluğu şəraitində keçirilmişdisə və bunlar seçkinin kəmiyyət, keyfiyyətinə bu və ya digər dərəcədə mənfi təsir göstərmişdisə, bu gün artıq Azərbaycan sözügedən ziyanlı faktorlardan tam azad olub. Bu gün Azərbaycan xalqının, dövlətinin və seçicilərin iradəsi hakimi-mütləq kimi seçki prosesinin üzərində özünü göstərməlidir. Bu nöqteyi-nəzərdən əvvəlki seçkilərlə müqayisədə bütün cəhətlərdən üstün və təkmil seçkinin ortaya qoyulması hər bir vətəndaşın, dövlət orqanının, eləcə də seçkilərə qatılmaq istəyən namizədlərin vacib işi və vəzifəsi olmalıdır.Bu seçkilərin bütün Azərbaycan xalqı və vətəndaşları üçün vacib, əhəmiyyətli olan nəticəsi də var ki, o da Azərbaycan dövlətinin beynəlxalq miqyasda başının uca edilməsidir. Unutmayaq ki, bu seçki Azərbaycanın daxili işi olsa da, nəticələr və seçki prosedurlarının həyata keçirilməsi ölkənin beynəlxalq miqyasda manevrlərində müəyyən dərəcədə özünü göstərir. Bu səbəbdən də hər kəs çalışmalıdır ki, seçkilərin nəticələrindən sonra beynəlxalq miqyasda mənfi rəyin səsləndirilməsi üçün bir dənə belə tutarlı əsas olmasın. Seçkilərin demokratik, şəffaf keçirilməsi üçün hər kəs öhdəliyinə düşəni etməlidir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər