Cari ilin 5-6 iyul tarixində Türk dünyasının diqqəti Şuşada olub. Regional və beynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderlərinin iştirakı ilə şəhərdə qeyri-formal sammit keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib. Xatırladaq ki, TDT-nin dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı qərar 2023-cü ilin noyabrında Astanada - TDT-nin "Türk Əsri" çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilib. Cari ilin 6 iyun tarixində dövlətimizin başçısı İlham Əliyev TÜRKPA nümayəndələri ilə görüşündə bildirmişdi ki, onun təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Azərbaycan Prezidenti xüsusi vurğulayıb ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etmir. Qeyd edək ku, eyni mövqeni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səsləndirib: "Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Təşkilatımızın növbədənkənar Zirvə Toplantısının iyul ayında Türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada keçirilməsindən məmnunluq hissi keçirdiyimi xüsusi qeyd etmək istəyirəm".
Şuşada 6 iyul tarixində Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinin genişləndirilməsi, beynəlxalq nüfuzunun artırılması istiqamətində atılacaq addımlarla bağlı mühüm mesajlarla çıxış edib.
Sammitdə qəbul edilən tarixi və mühüm qərarlara nəzər salaq: Birincisi, Türk Dövlətləri Təşkilatının cari büdcəsinin və strukturunun birlikdə nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını bildirən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon dolları məbləğində vəsait köçürüb. Qeyd edək ki, Zirvə görüşündə "Türk Dövlətləri Təşkilatının Katibliyinin heyətinin və büdcəsinin artırılmasına dair qərar" imzalanıb.
İkincisi, təbiidir ki, ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı hər bir çıxışında buna toxunur. Türk dünyasının əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensial olduğunu əsaslı şəkildə qeyd edir. Belə ki, hazırda qarşıda dayanan prioritet məsələlərdən biri Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsidir. Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Bu gün artan yükdaşımalarını nəzərə alaraq Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. 2025-ci il Azərbaycanın 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükgötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.
Ümumiyyətlə, Sammitdən ortaya çıxan mühüm bir mesaj da odur ki, birgə səylərlə bütün Qarabağ gələcəkdə türk dünyasının əbədi dostluğunun həqiqi rəmzinə çevriləcək. Qəbul edilən qərarlar və imzalanan Qarabağ Bəyannaməsi türk dünyasının həmrəyliyini və həmçinin, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.
Ümumiyyətlə, bu sammit türk dünyasının mənəvi bağlantısı istiqamətində növbəti ciddi addımdır. Düzdür, indiyə qədər türk dövlətləri müxtəlif platformalarda əməkdaşlıq edirdilər. Amma bu Zirvə əməkdaşlığın da zirvəsidir və münasibətlərdə özünəməxsus yer tutacaq. Ən mühümü isə gələcəkdə bütün Qarabağ siyasi dialoq məkanına çevrilə bilər. Güman edirik ki, bu sammitdən sonra bölgəyə daha çox xarici investisiyanın cəlb edilməsinə şərait yaranacaq. Şuşa Zirvə görüşü TDT-ya üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacaq.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini