44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatdı. Şanlı Qələbəmiz 30 illik həsrətə, nisgilə, sıxıntılara son qoydu. Xalqımız bu Qələbəni böyük coşqu, sonsuz sevinclə qeyd edir. Müstəqilliyimizin, suverenliyimizin, milli mənliyimizin, milli qürurumuzun, milli kimliyimizin rəmzi olan üçrəngli bayrağımız işğaldan azad olunan torpaqlarımızda dalğalandıqca başımızı dik tutur, hər zaman böyük inamla bəyan etdiyimiz “Biz tarixi torpaqlarımıza qayıdacağıq” çağırışının reallıqda öz əksini tapmasından qürur duyuruq. Bu tarixi Qələbənin əldə olunmasında milli birliyimizin, həmrəyliyimizin rolu xüsusi qeyd olunur. 44 günlük müharibə bir daha göstərdi ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin əyani təzahürüdür.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Zəfər Azərbaycan xalqına təcavüzkar Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının düşməndən azad edilməsinə, ərazi bütövlüyünün təmininə nail olmaq şansı qazandırmışdır. İlham Əliyevin əldə etdiyi Zəfərlə Ermənistan tərəfinin uydurduğu böyük Ermənistan mifi darmadağın edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şuşanın alınması günündə və əslində Vətən müharibəsində qələbəmizin təmin edildiyi vaxtda Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını və abidəsini dərin ehtiramla ziyarət etməsi qırx dörd günlük müharibə dövrünün ən təsirli və unudulmaz tarixi hadisələrindən biridir. Bu ibrətamiz hadisə ilə Prezident İlham Əliyev 30 il davam etmiş Dağlıq Qarabağ münaqişəsinin həllində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və vəsiyyət etdiyi tarixi bir missiyanın uğurla başa çatdırılmasının şərəfli bir hesabatını vermişdir. Dövlətçilik baxımından son dərəcə əhəmiyyətli olan bu mühüm hadisə siyasi varislik cəhətdən də mühüm əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş 8 noyabr Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qalib ölkə kimi birlikdə keçirdiyi Zəfər paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir.
8 Noyabr Zəfər Günü Azərbaycanın çoxyüzillik tarixinin şanlı səhifəsini təşkil edir. Vətən müharibəsi və onun qələbə ilə başa çatması müasir Azərbaycan dövlətinin həyatının ən parlaq anları kimi, tariximizin bundan sonrakı dönəmlərində daim xüsusi qürur və iftixar hissi ilə xatırlanacaq. Çünki bu, millətin ümid, inam, qürur anları idi. Bu, ölkəmizin yeni tarixinin başlanğıcı, yeni inkişaf üfüqlərinin açılması məqamıdır. Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi oldu, tarixə milli qürurumuzun təntənəsi kimi yazıldı.
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri