PDF Oxu

Siyasət

  • 4 141

Türk dünyasının inkişaf əsri ŞƏRH

Türk dünyasının inkişaf əsri ŞƏRH

Prezident İlham Əliyev: "Bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir"

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi, Qarabağ Bəyannaməsinin qəbul edilməsi tarixi əhəmiyyətə malik hadisəyə çevrildi. Bu görüş türk dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni soy-kökə və uzun tarixə söykənən türk dövlətləri arasında əlaqələr bu gün yeni dövrün çağırışlarına uyğun olaraq inkişaf etdirilir. Ölkələr arasında qarşılıqlı hörmət və etimad üzərində qurulmuş əlaqələr ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və səmərəli əməkdaşlıq daha da yüksəlib. Qarşılıqlı səfərlər, bu səfərlər çəçivəsində aparılan müzakirələr, imzalanan sənədlər gələcək inkişaf baxımından diqqətçəkəndir. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bildirdiyi kimi, "Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir". Dövlətimizin başçısı bildirib: "Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır".

"AZƏRBAYCAN TÜRK DÖVLƏTLƏRİ ÜÇÜN ÖNƏMLİ TRANZİT XİDMƏTLƏRİ GÖSTƏRİR"

Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsinin qarşımızda duran prioritet məsələlərdən biri olduğunu bildirən Cənab Prezident qeyd edib ki, Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb: "Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək".

"TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATININ GÜCLƏNDİRİLMƏSİ AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNİN PRİORİTET İSTİQAMƏTİDİR"

Əlbəttə ki, beynəlxalq aləmdə etibarlı tərəfdaş olan Azərbaycana göstərilən etimad və inam regionla məhdudlaşmır, beynəlxalq miqyasda onun nüfuzunu daha da möhkəmləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müxtəlif əməkdaşlıq layihələri ilə region və onun hüdudlarından kənarda sülh və sabitliyin sərhədlərinin genişləməsinə davamlı olaraq töhfələr verir. Regionumuzda baş verən proseslərin normallaşdırılması istiqamətində görülən işlər milli maraqlarımızın ifadəsidir. Dövlətimizin xarici siyasətində ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması və müxtəlif prioritetlər üzrə inkişaf etdirilməsi dövlətlərarası münasibələrin inkişafinda mühüm rol oynayır.

"Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir", - deyən Prezident qeyd edib ki, Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir.

QARABAĞIN VƏ ŞƏRQİ ZƏNGƏZURUN QURULMASINDA TÜRK DÖVLƏTLƏRİNİN ROLU

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev də iştirak edirdi. Xüsusi olaraq qeyd edək ki, Azərbaycanın suverenliyinin bərpa olunması işində Özbəkistan və özbək xalqı dəstək olmuşdur. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin işğaldan azad olunan ərazilərimizə Füzuli və Şuşa şəhərlərinə səfərləri münasibətlərin inkişafında qeyd olunmalıdır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin "Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır" sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirmişdir. Qardaş Türkiyə şirkətləri isə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında fəal iştirak edirlər.

"TÜRK DÖVLƏTLƏRİNİN RƏHBƏRLƏRİNİN AZAD EDİLMİŞ TORPAQLARA SƏFƏRLƏRİ QARDAŞLIQ HƏMRƏYLİYİNİN TƏZAHÜRÜDÜR"

"Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür" – deyə Prezident çıxışında bildirib. Dövlətimizin başçısı qeyd edib: "Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər. Fürsətdən istifadə edərək, qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürümü bildirirəm".

Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrləri əhatə edir. Tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olan Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər uğurla davam edir. Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Dövlətlərarasi münasibətlərdə imzalanan sənədlər, bəyanatlar mühüm rol oynayır. İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İqtisadi sahədə də əlaqələr inkişafdadır. Ticarət-iqtisadi, kənd təsərrüfatı, energetika, səhiyyə, nəqliyyat-logistika, ətraf mühitin mühafizəsi, dövlət xidmətlərinin göstərilməsi, mədəni-humanitar, sosial və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılıq əldə olunub.

Əlbəttə ki, bütün dost ölkələr kimi, Azərbaycan Prezidentinin uzaqgörən və müdrik siyasəti nəticəsində əldə edilmiş uğurlar Özbəkistanda da sevinclə qarşılanır. Xatırladaq ki, Özbəkistan keçmiş Qarabağ münaqişəsi ilə bağlı məsələdə daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Vətən müharibəsi dövründə də Özbəkistan Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə, münaqişəni sülh yolu ilə həll etmək üçün diplomatik danışıqlara başlamağa çağırıb.

Təbii ki, Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına öz töhfəsi verəcəkdir.

"BİZİM AİLƏMİZ TÜRK DÜNYASIDIR"

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Şuşaya səfər edən Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, şəhəri gəziblər. Şuşada yeni məscidinin layihəsi barədə məlumat verilib.

Qədim Şuşada təməli qoyulan məscid həm də müasir memarlıq nümunəsi kimi göz oxşayacaq. İki minarəsi və mozaika ilə bəzədiləcək günbəzi olan məscidin layihələndirilməsi azərbaycanlı və italiyalı memarlarla birgə həyata keçirilib. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni təcəssüm etdirəcək.

Şuşada aparılan abadlıq-quruculuq, bərpa işləri arasında Aşağı Gövhər Ağa məscidi də var. Burada aparılan bərpa işləri artıq başa çatıb. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn bu məscid İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər Ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşanın işğalı zamanı məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnib, məscid vandalizmin qurbanına çevrilib. Bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscidin divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilib. İşğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının da dağıntılarının bir qismi konservasiya olunub. Bu dost türk dövlətlərinin başçılarının Şuşada olmaları və aparılan abadlıq-quruculuq işləri ilə tanışlıq dövlətlərarası münasibətlərin möhkəm bağlara söykəndiyini göstərir.

Beləliklə, Zirvə görüşü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən sayca üçüncü qeyri-rəsmi fövqəladə Zirvə görüşü idi. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü Azərbaycanın Qarabağ torpağında baş tutan ilk yüksək səviyyəli Zirvə toplantısı kimi tarixə yazıldı. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir".

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər