"Bu ilin mayın 19-da İran Prezidenti İbrahim Rəisi Azərbaycan Prezidenti ilə görüşdən qayıdanda vertolyot qəzasına düşərək həlak oldu. Həmin görüşdə də İbrahim Rəisi Azərbaycanla İran arasında münasibətlərin normallaşması üçün əlindən gələni edəcəyini, Azərbaycana dəstək olacağını bildirmişdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.O bildirib ki, son keçirilən Prezident seçkilərində yeni Prezident seçilən Məsud Pezeşkian seçkiqabağı seçki təbliğatında bildirirdi ki, o, islahatlar aparacaq və İranda azərbaycanlılar, türklərin öz dillərində məktəbləri olacaq, digər millətlər də öz milli mənliklərini qoruyub saxlayacaqlar: "Biz bilirik ki, İranın siyasətini Ali dini rəhbər Xomeyni müəyyən edir. Prezident özbaşına nəyisə edə bilməz. Ancaq görünən odur ki, Məsud Pezeşkian islahatçıdır. Onun tərəfdarları İranda çoxdur. Təkcə azərbaycanlılar yox, ona kürdlər, ərəblər, digər azsaylı millətlərin nümayəndələri də səs verdilər. O, islahatçı olduğuna görə farsların içində də ona səs verənlər oldu. Ona görə də o, böyük səs çoxluğu ilə Prezident seçildi.Hesab edirəm ki, İran-Azərbaycan münasibətləri Məsud Pezeşkian and içib Prezident vəzifəsinə gələndən sonra daha da yaxşılaşacaq. Çünki bunun üçün min bir şərait var. Azərbaycan artıq Cənubi Qafqazın lider ölkəsidir. Azərbaycanla təkcə Cənubi Qafqaz yox, Avropa ölkələri, Amerika hesablaşır. Azərbaycanın son dövrlər apardığı böyük siyasət onu dünya ölkələri içində layiqli yer tutmağa səbəb olub. Xatırladaq ki, noyabrda keçiriləcək BMT-nin iqlim dəyişikliyi ilə bağlı COP29 tədbiri çox böyük bir tədbir olacaq və inanıram ki, təzə seçilən İran Prezidenti Məsud Pezeşkian da burada iştirak edəcək. Azərbaycan-İran münasibətləri daha da inkişaf edəcək".
Müəllif: Söylü Ağazadə