PDF Oxu

Siyasət

  • 1 876

COP29 Azərbaycanın qlobal nüfuzunu bir daha sübuta yetirəcək TƏHLİL

COP29 Azərbaycanın qlobal nüfuzunu bir daha sübuta yetirəcək TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: «Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq»

Bu reallıqdır ki, 44 günlük qələbədən ötən 3 il müddətində ölkəmiz bundan əvvəl və bu gün beynəlxalq tədbirlərin, eləcə də nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrildi. Bunun nəticəsidir ki, mötəbər beynəlxalq təşkilatların rəhbərləri öz tədbirlərinin Azərbaycanda keçirilməsini təsadüfən müəyyənləşdirmir. Son illər Azərbaycanın dünyada sabit məkan kimi tanınması da bunun ən bariz nümunəsidir.Belə ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi də məhz tarixi hadisə olmaqla yanaşı, həm də ölkəmizin böyük etimad və hörmət sahibi olduğunu sübut edir. Azərbaycan bu beynəlxalq hörmətə məhz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində nail olub.

Prezident İlham Əliyev ötən il dekabrın 15-də keçirdiyi müşavirədə bu tədbirə Bakının evsahibliyi etməsi qərarının bütün dünya ölkələri tərəfindən dəstəkləndiyini, Azərbaycana növbəti dəfə böyük etimad göstərildiyini qeyd edərək bildirmişdir: «Biz buna layiqik, çünki uğurlu siyasi gedişlərimiz nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Bunun nəticəsidir ki, beynəlxalq aləmdə Azərbaycana olan hörmət günbəgün artır. Bu, reallıqdır".Azərbaycan övlət başçısının dünyada qazandığı yüksək nüfuz bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə imkan yaradır. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüslər, qlobal məsələlərdə yüksək fəaliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən dəstəklənir və təqdirəlayiq hesab edilir. Elə COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın qəbulu da bir daha göstərdi ki, dünya ölkələri İlham Əliyevin fəaliyyətinə yüksək qiymət verirlər.

BMT-NİN İQLİM DƏYİŞİKLİYİ ÜZRƏ ÇƏRÇİVƏ KONVENSİYASININ TƏRƏFLƏR KONFRANSININ 29-CU SESSİYASININ PAYTAXTIMIZDA KEÇİRİLMƏSİ HƏM DƏ AZƏRBAYCANIN UĞURLU QLOBAL TƏQDİMATIDIR

Prezident İlham Əliyev müşavirədə qeyd etdi ki, biz bu tədbiri yüksək səviyyədə keçirəcəyik və yeni uğura imza atacağıq. Çünki bu gün Azərbaycan dünyada öz sözünü deyən, öz yerini bilən və fəaliyyəti qiymətləndirilən bir dövlətdir.Bəli, bu gün mötəbər tədbirlərin Bakıda keçirilməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsi, ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun günbəgün artdığının sübutudur.

Eyni zamanda, bu bir reallıqdır ki, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdən biridir. Cənab İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” əsasında ölkədə bərpa olunan enerji istehsalı siyasətinin strateji təməli də qoyuldu, 5 Milli Prioritetdən biri “təmiz ətraf mühit” və “yaşıl artım”la bağlı sənəd qəbul edildi. Bu isə yaşıl iqtisadiyyata keçidlə bağlı qarşıya yeni hədəflər qoydu. Bu hədəfləri uğurla icra edən Azərbaycan ötən dövrdə ən böyük layihələrə ev sahibliyi etdi. Və bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un bu il ölkəmizdə keçirilməsi deyilənlərin göstəricisidir. Qeyd etmək yerinə düşər ki, COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər. Ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda Ermənistanın Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdüyünün şahidi olduq. Bundan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atdı. Beləliklə, növbəti, COP29 olaraq adlandırılan konfrans bu ilin 11-24 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək. Buna COP28 konfransında iştirak edən 195-dən çox ölkənin yekdilliklə səsverməsi nəticəsində qərar verilmişdir. COP29 çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. COP29 ölkə tarixində keçiriləcək ən böyük tədbir hesab olunur.

COP29 KONFRANSINA EV SAHİBLİYİNİ AZƏRBAYCAN ÜÇÜN 2024-CÜ İLİN ƏN MÜHÜM HADİSƏSİ VƏ ÖLKƏNİN “YAŞIL İQTİSADİYYAT”A KEÇİD STRATEGİYASININ MƏNTİQİ DAVAMIDIR

Göründüyü kimi, bu gün COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin “yaşıl iqtisadiyyat”a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyev dərin məzmunlu çıxışında dedi: “...Biz uğura uğur əlavə edirik və ən azı həm Azərbaycanda, həm də regionda hər kəs anlayır ki, bunlar təsadüfi hadisələr deyil. Bütün bu işlər düşünülmüş siyasətin, strategiyanın, düzgün taktikanın və siyasətimizin, diplomatiyamızın bir sıra digər aspektləri üzərində qurulub...”.

Beynəlxalq təşkilatlara rəhbərlik etməkdə zəngin təcrübə qazanan Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müxtəlif vaxtlarda bu quruma iki dəfə sədrlik edib. Qoşulmama Hərəkatının sədri olduğu müddətdə həyata keçirilən tədbirlər qurumun üzv dövlətləri tərəfindən yüksək dəyərləndirilib. Mötəbər tədbirlərə uğurlu ev sahibliyi etmək Azərbaycanın beynəlxalq aləmdə olan reytinqini getdikcə artırıb. Bütün bunlar, sözsüz ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət və diplomatik məharət nəticəsində mümkün olmuşdur.

Ölkəmizin bu tədbirə ev sahibi kimi seçilməsi həm də onu göstərir ki, Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıda bilib və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. Tədbirin Azərbaycanda keçirilməsi isə onun bu istiqamətdə daha da tanınmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə geniş imkanlar açacaq. Tədbir çərçivəsində Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü tədbirlər daha böyük qlobal auditoriyanın diqqətinə çatdırılacaq.

Bu gün Azərbaycanın “yaşıl enerji” təchizatçısına çevrilməyi də əsas hədəflərdəndir. Artıq Azərbaycan Gürcüstan, Macarıstan və Rumıniya ilə Qara dənizin dibindən sualtı kabel vasitəsilə “yaşıl enerji”nin Avropaya ixracı layihəsini icra etməkdədir. Ona görə COP29-un Azərbaycanda keçirilməsi də bu prosesin davamıdır və ölkəmizin “yaşıl enerji”yə keçid və bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı qarşısına qoyduğu məqsədlərə çatmasında böyük rol oynayacaq.

«COP29 BEYNƏLXALQ KONFRANSINI DA BİZ YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRƏCƏYİK VƏ BU, ÖLKƏMİZİN, XALQIMIZIN NÖVBƏTİ BÖYÜK UĞURU OLACAQ»

Prezident İlham Əliyev ötən il dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə hazırlıq işlərinin aparıldığını deyib: «Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik».

Dövlətimizin başçısı deyib: «Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək».«Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq», - deyən dövlət başçısı bu gün Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı: «Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi».

«FRANSADA BƏZİ SİYASİ LİDERLƏR ERMƏNİLƏRDƏN DAHA ÇOX ERMƏNİ OLMAĞA ÇALIŞIRLAR»

«Antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir». Bu fikri Prezident İlham Əliyev keçirilən müşavirədə deyib.Bəzi Qərb ölkələrinin, ənənəvi olaraq da Fransanın bununla barışmaq fikrində olmadığını qeyd edən dövlətimizin başçısı bildirib: “Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar”.

Azərbaycan Prezidenti onu da vurğulayıb ki, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı: «Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı».COP29-un gələn il ölkəmizdə keçirilməsi barədə qərarın əhəmiyyətinə toxunan dövlətimizin başçısı vurğulayıb: “Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi”.

Bir sözlə, Prezident İlham Əliyevin bu təşəbbüsü də əvvəlkilər kimi ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Və bu gün Azərbaycan, dövlət başçımızın söylədiyi kimi: «Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq». Və bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər