Siyasət

  • 1 547

Güclü Liderlə yeni uğurlara doğru ŞƏRH

image

Azərbavycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının çağırışı bu olub: «Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik».

Dövlət başçısı İlham Əliyev bu çağırışı ilə Azərbaycanın keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaradır. Düzgün qurulan, düşünülmüş və məqsədyönlu siyasət daim ölkənin qarşısında yeni-yeni imkanlar yaradır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, öz iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirməsi, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın üzləşdiyi hər bir iqtisadi çətinlikdən uğurla çıxmasını təmin edir. Azərbaycan dayanıqlı inkişafı ilə daim dünyanın diqqətindədir. Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Ulu Öndərin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi bugünümüzə və gələcəyimizə xidmət edən addımları sırasındadır. Yeni neft strategiyasının uğurları hazırda Azərbaycanın bütün bölgələrinin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında, infrastrtuktur layihələrinin uğurlu icrasında özünün aydın ifadəsini tapır. Azərbaycanın qısa müddətdə sabitlik diyarı kimi tanınması, normal iqtisadi mühitin yaradılması böyük investisiyalar məkanına çevrilməsini şərtləndirdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır ki, bunun da 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bugünkü reallıqlarımız Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə çatdığını təsdiqləyir.

«Azərbaycan xalqı da tam əmindir ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir»,-deyən Prezident İlham Əliyev düzgün qurulan siyasətin daim uğurların davamlılığına yol açdığını təsdiqləyir. Və bu gün Azərbaycanın keçdiyi inkişaf yolunun təhlil edərkən «Biz nə etdik» sualına cavab ölkəmizin bugünkü reallıqlarıdır. Bir də tarixi inkar etməklə, öz maraqları naminə ədaləti və beynəlxalq hüququ arxa plana keçirməklə nəyəsə nail olmaq mümkün deyil. Qarabağ münaqişəsinin tarixin arxivinə atılmasından sonra da Azərbaycan qərəzli yanaşmalarla, qeyri-ciddi təbliğatla üz-üzə qaldı. Bunun da səbəb bəllidir. Cənab İlham Əliyev bu cəhdləri belə əsaslandırır ki, Qarabağı azad etməyimizi də ona görə bizə bağışlamırlar ki, onların əlindən bu rıçaq çıxdı: «Azərbaycan, məcazi mənada desək, bu qarmaqdan çıxdı. Artıq bu amil yoxdur. İkinci Qarabağ müharibəsindən sonra status və Qarabağ ermənilərinin hüquqları mövzularını ortaya atmışdılar ki, yenə də burunlarını oraya soxa bilsinlər. Beynəlxalq missiyanın oraya göndərilməsini təkidlə tələb edirdilər ki, yenə də vəziyyəti qarışdırsınlar. O rıçaq da əllərindən çıxdı. Ona görə indi yeni bir mövzu axtaracaqlar.»

İşğalçıya dövlətə havadarlıq edən dövlətlər indi də belə bir ittiham səsləndirirlər ki, guya Azərbaycan Ermənistana hücum etmək istəyir. Dövlət başçısı İlham Əliyev çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, lap axıra qədər gedərdik: «Cermuk şəhəri - bizim keçmiş əsl adı İstisu olan şəhər gözümüzün qabağında idi. Kim idi bizi saxlayan? Bizim niyyətimiz yox idi. Bizim niyyətimiz sərhədimizi mühafizə etmək idi. Elə təpələr əlimizdə olmalı idi ki, biz ermənilərin planlarını gözümüzlə görək. Bu mövzu ilə bağlı bir qərbli qonağımla söhbət əsnasında mənə dedi ki, axı sizin peykiniz var, siz peykdən də görə bilərsiniz. Deyirəm, mənim peykim mənim gözlərimdir. Mən gözlərimlə görməliyəm. Bir dənə də nahaq iş görməmişik, bu əsasdır, əsas amildir. İkincisi də gücümüz, cəmiyyətimizin birliyi, xalqımızın birliyidir və bu birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdik… Çünki bu Zəfəri şərtləndirən xalqın ruhu idi və əsgəri qabağa göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi. Nə qədər silahın olsa, nə qədər ordun peşəkar təlimlərdə olsa, əgər ruh yoxdursa, heç bir təpəni də sən götürə bilməzsən.»

Bu gün ölkəmizin demokratik inkişafı göz qabağındadır. Yeni dövrə qədəm qoyan Azərbaycanın bu mərhələnin bir zərurət kimi qarşıya qoyduğu 7 fevral növbədənkənar prezident seçkilərində nümayiş etdirdiyi demokratiya təcrübəsi ölkəmizə qarşı aparılan qərəzli təbliğatlara tutarlı cavabdır. Və bu gün Azərbaycan sülh və təhlükəsizliyin təmin olunmasını istəyir. Və 44 günlük İkinci Qarabağ müharibəsi haqqın, ədalətin kimin tərəfində olduğunu bir daha təsdiqlədi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Vətən müharibəsi həqiqət anı oldu. Kimin haqqın, ədalətin, kimin isə şərin, işğalçı dövlətin yanında olduğu bir daha təsdiqləndi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, müharibə gücümüzü, əyilməz iradəmizi, birliyimizi, qələbə rəmzinə çevrilən “dəmir yumruq” öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq.

Tarixi Zəfərimizdən ötən üç ildən artıq dövrdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu daha da artdı. Azərbaycan ən yüksək tribunalardan haqlı mövqeyini beynəlxalq ictimaiyyət çatdırdı. Tarixi Zəfərimizdən sonra əsas hədəf ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi idi. Cənab İlham Əliyev bütün çıxışlarında bildirir ki, biz bu məsələni sülh yolu ilə həll etmək istəyirdik. Lakin dünya gücləri yenə də susmağa üstünlük verdi. Təbii ki, vəziyyət bu şəkildə davam edə bilməzdi. Azərbaycan Silahlı Qüvvələrinin ötən ilin 19 sentyabr tarixində həyata keçirdikləri birgünlük antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi. Dövlət başçımız İlham Əliyevin söylədiyi kimi: «Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır».

Və bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Və bu gün haqlı və güclü Azərbaycan beynəlxalq müstəvidə daha böyük hədəflər uğrunda əzmlə çalışır. Güclü Liderlə yeni uğurlara doğru, yolun açıq olsun, Azərbaycan!

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlaş Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

Digər xəbərlər