Siyasət

  • 1 866

Azərbaycanın Türk dünyası ilə əlaqələri yüksəlir ŞƏRH

image

Azərbaycanın 44 günlük Qarabağ zəfəri ümumilikdə türk dünyası adına qazanılan parlaq qələbə kimi qızıl hərflərlə salnamələrə həkk olundu. Bütün türkdilli xalqların qürurlandığı bu şanlı qalibiyyət, heç şübhəsiz, türk birliyinin daha da güclənməsinə böyük təkan verdi. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin, Qarabağ Bəyannaməsinin imzalanmasının isə rəmzi mənası oldu.

Ölkəmizin Türk dünyası ilə əlaqələrini nümayiş etdirən amillərdən biri də intensiv qarşılıqlı səfərlərdir. Bir neçə gün əvvəl dövlətimizin başçısının Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə qeyd etdiyi kimi, o, son iki ildə Qazaxıstana dörd dəfə, Qazaxıstan Prezidenti isə həmin müddətdə Azərbaycana üç dəfə səfər edib. Bundan əlavə, Türkiyə, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr prezidentləri, həmçinin Macarıstanın Baş naziri ötən iki ildə Azərbaycana səfərlər ediblər.

Bu günə qədər Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin Qarabağ və Şərqi Zəngəzura bir neçə dəfə səfər etmələri də ölkələrimizin həmrəyliyinə örnəkdir. Xüsusi qeyd edək ki, türkdilli ölkələr işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən quruculuq işlərinə də dəstəklərini göstərirlər.

Bu səfərlərdən biri məhz cari ilin iyul ayının 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü oldu. Bu görüş müxtəlif aspektləri ilə tarixə düşdü. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdiyi kimi, “Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Azərbaycanın təşəbbüsüdür. Həm də Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir”.

Ümumiyyətlə, son illər Azərbaycanın Türk dünyası ölkələri ilə əlaqələri yüksələn xətlə inkişaf edir, əməkdaşlığı isə genişlənərək demək olar bütün sahələri əhatələyir. Türk dünyasının birləşməsi bütün türkdilli xalqların gələcəyi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Hazırda Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr bu istiqamətdə böyük səylər göstərirlər. Azərbaycanın üzv olduğu bütün digər beynəlxalq təşkilatlarla yanaşı, Türk Dövlətləri Təşkilatında mühüm təşəbbüslərlə çıxış etməsi bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Şuşada keçirilən qeyri-rəsmi Sammit də məhz bu təşəbbüslərdən biri kimi diqqətəlayiqdir.

Bəli, tədbir mühüm əhəmiyyət kəsb etməklə yanaşı həm də, “tarixi sammit” kimi bütün türk dünyasının tarixinə düşəcəyi şəksizdir. Həm də ona görə “tarixidir” ki, azad olunmuş ərazilərdə keçirilən ilk beynəlxalq səviyyəli sammitdir. İmzalanan Qarabağ Bəyannaməsi isə xüsusi qeyd olunmalıdır. Bu sammitin türk dünyasının birliyini daha da gücləndirəcəyi şübhə doğurmur.

Əminliklə deyə bilərik ki, Şuşa Zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacaq.

Elşən SƏFƏROV,

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər