Siyasət

  • 1 805

Türk Dövlətləri Təşkilatı iyulun 6-da daha bir uğura imza atdı

image

Fikrət Əliyev: Təşkilat potensial xarici təhlükələrə qarşı vahid mövqedən çıxış etmək əzmini bir daha dünyaya nümayiş etdirdi

“Bu gün dünyada cərəyan edən proseslər insanlıq və ümumilikdə bəşəriyyət üçün heç də xoş gələcək vəd etmir. Çünki ötən hər gün ərzində yer üzünün hansısa nöqtəsində hərbi qarşıdurmaların, daxili savaşların, yaxud da ölkələr arasında müharibələrin olmasına dair yeni-yeni məlumatlar alırıq. Təbii ki, bütün bunlar öz gələcəklərini, təhlükəsizliklərini düşünən ölkələr və birlikləri ciddi şəkildə narahat edir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “UNİTY Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev deyib.Onun sözlərinə görə, bu narahatlıq heç də əsassız deyil: “Biz son dövrlər dünyanın aparıcı analitik mərkəzlərinin hesabatlarında, o cümlədən tanınmış politoloq və hərbi şərhçilərin açıqlamasında Üçüncü Dünya müharibəsinin qaçılmaz olduğuna dair fikirlərə rast gəlirik. Özü də bu fikirlər kifayət qədər əsaslandırılmış şəkildə bəyan edilir. Onu da unutmaq olmaz ki, dünya müharibəsi baş verərkən bunun təsirinə ilk məruz qalan müdafiə baxımdan zəif olan ölkələr olur. Deməli, öz gələcəyini düşünən ölkələr, o cümlədən birlik və ittifaqlar zaman itirmədən qabaqlayıcı addımlar atmalıdırlar”.F.Əliyev qeyd edib ki, bu baxımdan Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyəti təqdirəlayiqdir: “Bəlli olduğu kimi Azərbaycan və Türkiyənin dövlət başçılarının öncüllüyündə TDT son vaxtlar xüsusilə də fəal addımlar atır. Artıq türk dünyasında aparıcı bir birlik olaraq önə çıxan TDT eyni zamanda qlobal məkanda da aparıcı təşkilat olma yolunda inamla addımlayır. Bunun da kökündə qeyd etdiyim kimi cənab İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın qətiyyəti dayanır. Bu gün cənab İlham Əliyevin “bizim ailəmiz Türk dünyasıdır” çağırışını əldə rəhbər tutan TDT iyulun 6-da daha bir uğura imza atdı”.F.Əliyev vurğulayıb ki, iyulun 6-da Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü dünya tərəfindən maraqla qarşılanan Qarabağ Bəyannaməsinin qəbulu ilə tarixə düşdü: “31 bənddən ibarət bu Bəyannaməni nəinki TDT-nin, ümumilikdə Türk dünyasının yaxın gələcək üçün “Yol xəritəsi” adlandırmaq olar. Bu Bəyannamənin əhəmiyyətini artıran daha bir vacib məqam isə sənədin girişində əks olunan “Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışlarının türk dövlətlərinin vahid güc kimi çıxış etməsini tələb etdiyini və qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərlə bağlı mütəmadi məsləhətləşmələrin aparılmasının zəruriliyini etiraf edərək” sözləri və ”24-cü bəndlə (“Üzv dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq müdafiə sənayesi sahəsində birgə fəaliyyətin davam etdirilməsi niyyətlərini bir daha vurğulayır və bu xüsusda lazımi tədbirlərin görülməsi üçün üzv dövlətlərin aidiyyəti qurumlarına tapşırıq verirlər”) bağlıdır. Hesab edirəm ki, bu, TDT-nin potensial xarici təhlükələrə qarşı vahid mövqedən çıxış etmək əzmini bir daha dünyaya nümayiş etdirdi”.

SƏBİNƏ

Digər xəbərlər