Prezident İlham Əliyev: "Bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir və biz tərəfdaşlığımızın daha da gücləndirilməsini istəyirik"
Böyük tərəqqi yolu keçən və Zəfər qazanan Azərbaycan beynəlxalq münasibətləri, diplomatik əlaqələri də uğurla inkişaf etdirir. Tarixi qədim İpək yolu üzərində yerləşən Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün dünyada Cənubi Qafqazın lider ölkəsi kimi tanınır və beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul edilir. Qarşılıqlı etimada əsaslanan münasibətlər, sıx təmaslar, dövlət başçısının dünya ölkələrinə səfərləri, imzalanan sənədlər və s. dövlətlərarası münasibətlərin dinamik inkişafına, keyfiyyətcə yeni mərhələyə yüksəlib. Müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur.
İKİTƏRƏFLİ VƏ ÇOXTƏRƏFLİ PLATFORMALARDA DƏSTƏK
Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Pakistan arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir. Dövlətlərarası münasibətlərin qısa tarixi dövrünə nəzər salsaq görərik ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biridir. Bakıda Pakistanın, İslamabada isə Azərbaycanın daimi nümayəndəliyi açılmışdır. Pakistan və Azərbaycan arasındakı əlaqələr siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri əhatə edir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" bağlanıb. 9 aprel 1996-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə olub. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə bir sıra sənədlər imzalanıb. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım edib. Vurğulamaq yerinə düşər ki. 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib.
Ulu Öndərin siyasi kursunun uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistanla münasibətlərin inkişaf etdirilməsinə daim diqqətlə yanaşır. Qarşılıqlı əlaqələrin davamı olaraq 2004-cü il iyulun 8-də Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfin Azərbaycana rəsmi səfəri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşü zamanı iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında, beynəlxalq terrorçuluq, turizm, gömrük işi sahəsində hökumətlərarası saziş, həmçinin, Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Birgə Bəyannamə imzalanıb. Prezident Pərviz Müşərrəf Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində yaranmış Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini müdafiə etdiyini qəti şəkildə bildirib. Qardaş ölkə Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini hər zaman ifadə edib. Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır.
MÜDAFİƏ VƏ HƏRBİ SAHƏDƏ ƏMƏKDAŞLIQ
2005-ci il aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistana 2 günlük rəsmi səfər edib. Səfər çərçivəsində ölkələrarası münasibətlər müzakirə olunub, nəqliyyat, informasiya və kommunikasiya, aviasiya, mədəniyyət, maliyyə və təhsil sahəsində 6 əməkdaşlıq sazişi imzalanıb. Keçirilən görüşlər, imzalanan bu və ya digər sənədlər Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın davamlı olduğunu göstərir. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir və biz tərəfdaşlığımızın daha da gücləndirilməsini istəyirik. Azərbaycan hər zaman Pakistanın mövqeyini dəstəkləyib. Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır.
İQTİSADİ-TİCARƏT ƏLAQƏLƏRİ GENİŞLƏNİB
2023-cü ilin iyulunda Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Lahorda "Azərbaycan Respublikasının "SOCAR Trading" şirkəti ilə Pakistan "LNG Limited" şirkəti arasında LNG yüklərinin alqı-satqısı haqqında Çərçivə Müqaviləsi"nin imzalanma mərasimi keçirilib. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 27 milyon ABŞ dolları təşkil edib. Pakistan tərəfi Azərbaycan şirkətlərinin bu ölkəyə sərmayə qoymasında çox maraqlıdır. Hazırda Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərir. Pakistan şirkətləri işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak üçün də müraciət ediblər. Azərbaycan Pakistan ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini vacib hesab edir. Prezident İlham Əliyevin tapşırığı ilə, Pakistandan idxal olunan düyü məhsullarının idxal rüsumu birtərəfli güzəşt tətbiq edilməklə 2027-ci il dekabrın 31-dək 15 faizdən 0 faizə endirilib.
STRATEJİ TƏRƏFDAŞLIQ HAQQINDA BİRGƏ BƏYANNAMƏ
Dövlətimizin başçısının 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci il 28 fevral-1 mart tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirib. Pakistan İslam Respublikası Prezidentinin 2015-ci ildə Azərbaycana rəsmi, 2019-cu ildə işgüzar səfərləri və dost ölkənin Baş nazirinin 2016-cı və 2023-cü illərdə rəsmi səfərləri Azərbaycan-Pakistan əlaqələrini daha da möhkəmləndirib, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına mühüm töhfə verib. 2015-ci il martın 11-14-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük töhfə verib.
Pakistan həmişə Azərbaycanın yanındadır və Azərbaycana qardaş və dost ölkədir və bu münasibət qarşılıqlıdır. Ermənistanın Azərbaycana qarşı təcavüz və təxribatları, günahsız insanlara qarşı hücumları Pakistan xalqı, dövləti tərəfindən daim pislənilmişdi. Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır. 2020-ci ilin 27 sentyabr tarixində ölkəmizdə Vətən müharibəsi başlayanda Pakistan xalqı Azərbaycana dəstək nümayiş etdirdi və bizim yanımızda olduqlarını nümayiş etdirdilər. Ermənistanın Azərbaycana qarşı təcavüzünə, terrorçuluğuna, mülki insanlara qarşı hücümlarına Pakistan da hər zaman mövqeyini bildirdi. Azərbaycana dəstək nümayiş etdirərək yanımızda oldu. Bu dəstək xalqımız tərəfindən çox böyük rəğbət və sevgi ilə qarşılandı, şəhər və kəndlərimizdə Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə və Pakistan bayraqları da dalğalandırılır.
Pakistan dövləti Azərbaycanın ədalətli mövqeyini bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlarda dəstəkləyib, ölkəmizə maddi və mənəvi dəstək olub. Təbii ki, bu münasibət dövlətlərimiz arasında əlaqələrin inkişafından, dostluq və səmimi qardaşlıq münasibətlərindən qaynaqlanır
PAKİSTANDA SİLSİLƏ HUMANİTAR YARDIMLAR PROQRAMI
Millət və dövlət maraqları baxımından, müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin ali ideallarını özündə ehtiva edir. Firavanlığı yaratmaq, həyat tərzində sağlam mühiti formalaşdırmaq, insanların fiziki sağlamlığına diqqət yetirmək, sülhün, əmin-amanlığın çarçısına çevrilmək və s. fondun məqsədi olaraq, özünü büruzə verir. İctimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət, qayğıya ehtiyacı olan uşaqlara, təhsilə diqqət və s. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanizm prinsiplərindən yaranır. Onu da vurğulayaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında əhəmiyyəti ilə seçilir. Bu gün deyə bilərik ki, dünyanın bütün ölkələrində Fondun həyata keçirdiyi layihələrə münasibət yüksəkdir. Mehriban xanım Əliyevanın dünyanın bir sıra nüfuzlu mükafatlarına layiq görülməsi də elə bu bəşəri dəyərlərə münasibətinin və fəaliyyətinin nəticəsidir. Azərbaycanın Birinci Xanımı sivilizasiyalararası dialoqa töhfə verməklə yanaşı, məktəblərin tikintisinə, dini məbədlərin bərpasına da köməklik göstərir. Azərbaycan və Pakistan arasında dostluq münasibətlərinin daha da genişlənməsinə töhfəsini verir. Pakistanda talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələr üçün Heydər Əliyev Fondunun dəstəyi ilə xeyriyyə aksiyasının keçirilməsi də məhz xeyriyyəçilik əməllərinin göstəricisidir. Aksiya çərçivəsində İslamabad şəhərində yerləşən Sundas lassemiya Mərkəzinə Fondun dəstəyi ilə alınmış qan kisələri və tibbi ləvazimatlar, ərzaq paketləri və hədiyyələr təqdim edilib. Mehriban xanım Əliyeva çıxışlarının birində vurğulamışdır ki, Heydər Əliyev Fondu tərəfindən bir sıra mühüm layihələr və xeyriyyə proqramları Pakistanın müxtəlif yerlərində icra olunub: "Çox fərəhlənirik ki, birinci layihəmiz - Müzəffərabadda 2005-ci ilin oktyabrında güclü zəlzələ nəticəsində dağılmış qızlar məktəbinin tikintisi çox uğurlu olmuş və gələcək əməkdaşlığımız üçün yaxşı əsas yaratmışdır". Mehriban xanım Əliyevanın təşəbbüsü ilə zəlzələdən ən çox dağılan bölgələrdən olan Müzəffərabadın Rara bölgəsində 500 şagirdlik qızlar məktəbi tikilib. Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində "Edhi Home" kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və Hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılmış, Peşavər şəhərində "Akbar Care" serebral iflic institutunda imkansızlar üçün pulsuz müayinə təşkil edilmişdir. Eyni zamanda, Xayber Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadın və uşaq xəstəxanasında açıq ürək əməliyyatları aparılmış, Hamza Fondu (Peşavər) üçün müasir qanköçürmə avadanlığı, laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını və iki min qanköçürmə paketi alınmış, Xayber Göz Fondunun yeni binasının tikintisi üçün maddi yardım göstərilib. Pakistan rəhbərliyi tərəfindən Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı – "Hilal-e-Pakistan" ordeninin təqdim edilməsi də təsadüfi deyildi. Həyata keçirilən xeyirxah işlər Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, habelə, bu gün Vətən, xalq naminə aparılan məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürü olmaqla yanaşı, həm də Fondun cəmiyyətdə və xaricdə artan nüfuzunun ifadəsidir. Fondun Pakistanda həyata keçirdiyi layihələr Azərbaycan və Pakistan xalqlarının dostluq və qardaşlıq münasibətlərinin inkişafına öz töhfəsini verir. Fondun Pakistanda həyata keçirdiyi bütün sosial və humanitar layihələr Pakistanla Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirməsinə və dərinləşdirməsinə xidmət edir. Əlbəttə ki, Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələri səmimi münasibət və möhkəm təməllər üzərində qurulub. Mehriban xanım Əliyeva tərəfindən icra olunan sosial və humanitar layihələr onun Pakistana olan səmimi münasibətinin təzahürüdür.
YENİ REALLIQLAR VƏ ƏMƏKDAŞLIQ İMKANLARI
Beləliklə, əminliklə deyə bilərik ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Azərbaycanın Vətən müharibəsində Qələbəsi və antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Prezident İlham Əliyevin iyulun 11-12-sini əhatə edəcək dövlət səfəri Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfər zamanı Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə ikitərəfli görüşlər keçirəcək. Şübhəsiz ki, Prezident İlham Əliyevin Pakistana dövlət səfəri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət gətirərək, qarşılıqlı əməkdaşlığın daha geniş sahələrini əhatə edəcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI