“2020-ci ilin sentyabrında Ermənistanın işğalı altında olan ərazilərimizin işğaldan azad olunması əməliyyatları 44 gün çərçivəsində böyük uğurla başa çatdı. Biz torpaqlarımızı işğaldan azad etdik, işğalçı Ermənistan ordusunu qüdrətli Azərbaycan ordusu darmadağın etdi. Torpaqlarımızı işğaldan azad etdikdən dərhal sonra həmin ərazilərə soydaşlarımızın, keçmiş məcburi köçkünlərin məskunlaşdırımması prosesi qarşımızda duran əsas vəzifə oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev də bundan sonrakı mərhələdə, yəni torpaqlarımızı işğaldan azad etdikdən sonra əsas vəzifəmizin soydaşlarımızın işğaldan azad etdiyimiz, doğma torpaqlara qaytarılmasından ibarət olduğunu hər zaman vurğulayır. Bu məsələ ölkə Prezidentinin fəaliyyətinin ayrıca bir istiqamətini təşkil edir. Nəzərə almaq lazımdır ki, işğalçı Ermənistan torpaqlarımızı işğal altında saxlayan zaman orada görülməmiş dağıntılar törədib, daşı daş üstündə qoymayıb. Bütün yaşayış məskənlərini yerlə-yeksan edib, maddi-tarixi abidələrimizi məhv etmişdir. Azərbaycan təbiətinə ölçüyəgəlməz zərər vurulub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, müvafiq olaraq Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında bərpa-quruculuq işlərinin də miqyası olduqca böyükdür: “Buna baxmayaraq qarşısına qoyduğu bütün məqsədlərə hər zaman uğurla çatmağı bacaran Azərbaycan Prezidenti cənab İlham Əliyev ərazilərimizdə bərpa-quruculuq işlərini də çox böyük uğurla başlatdı. Bu istiqamətdə fəaliyyətin olduqca effektiv, konseptual əsası formalaşdırıldı. Böyük Qayıdış strategiyası həyata keçirilməyə başlanıldı. Azərbaycan Prezidenti prosesin əvvəlindən vurğuladı ki, işğaldan azad etdiyimiz ərazilər dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Bu gün artıq biz bunun əlamətlərini çox aydın şəkildə görməkdəyik.Çox böyük sürətlə müasir tələblərə cavab verən, keyfiyyətli yaşayış məskənləri, məntəqələri yaradılır. Diqqəti çəkən başlıca məqam ondan ibarətdir ki, bu yaşayış məskənləri ağıllı şəhər, ağıllı kənd konsepsiyası əsasında yaradılır. Bu da orada məskunlaşan soydaşlarımızın daha rahat, keyfiyyətli həyat şəraitinin təmin olunmasını şərtləndirir. Biz torpaqlarımızı işğaldan azad etdikdən sonra hər il həmin ərazilərin bərpa və quruculuğu işlərinə dövlət büdcəsindən daha artıq vəsait ayrıldığını görürük. Ayrıca olaraq nəzərə almalıyıq ki, Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlər içərisində işğaldan azad olunmuş ərazilərimizdə soydaşlarımızın məskunlaşdırılmasından ibarətdir. Təbii ki, effektiv məskunlaşdırma üçün böyük maliyyə və xüsusi diqqət tələb olunur. Dövlətimiz bu istiqamətdə bütün addımları atır, sürətlə həmin ərazilərin siması dəyişir.Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlərə uğurla çatmaq üçün ölkə başçısı tərəfindən Azərbaycan Respublikasının “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” təsdiq edilib. Bu strategiya, həm də işğaldan azad olunmuş ərazilərimizdə soydaşlarımızın məskunlaşması məsələsini ifadə edir. Bütün bunlar göstərir ki, dövlətimiz konkret konsepsiya əsasında həmin ərazilərdə bərpa-quruculuq işlərini planla şəkildə həyata keçirir. Soydaşlarımızın məskunlaşdırılması sistemli şəkildə reallaşır.
Azərbaycan görülən bütün işləri yalnız öz resursları hesabına həyata keçirir. Bu da Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir.Ölkə Prezidentinin vurğuladığı kimi 2026-cı ilə qədər işğaldan azad etdiyimiz ərazilərimizə təxminən 147 min soydaşımızın köçürülməsi nəzərdə tutulub. Bu da çox böyük göstəricidir. Bu ilin sonuna kimi isə 20 min soydaşımız öz doğma torpaqlarında məskunlaşdırılacaqlar.Əhalinin məskunlaşdırılması həmin ərazilərdə yüksək səviyyəyə cavab verən infrastruktur quruculuğunu, yaxşı inkişaf etmiş nəqliyyat, logistika sisteminin qurulmasını tələb edir ki, bütün bunları Azərbaycan çox uğurla həyata keçirir. İşğaldan azad etdiyimiz ərazilərdə artıq 2 hava limanı istifadəyə verilib, üçüncüsü isə Laçında fəaliyyətə başlayacaq. Çoxsaylı infrastruktur layihələri icra olunub, proses bu gün də davam etdirilir. Həmin ərazilərə gələcəkdə köçürüləcək vətəndaşlarımızın məşğulluğunun təmin olunması üçün lazımi tədbirlər həyata keçirilir. Bütün bunlar bir daha nümayiş etdirir ki, işğaldan azad etdiyimiz ərazilərimizdə Böyük Qayıdış strategiyası uğurla həyata keçirilir.
Həmin ərazilərin böyük iqtisadi potensialı uğurla milli iqtisadi inkişaf dövriyyəsinə reinteqrasiya etdirilir. Bu da milli iqtisadiyyatın daha da inkişafına təkan verəcək. Həmin ərazilərdən gələcək turizm zonası kimi istifadə olunacaq, bu istiqamətdə də addımlar atılır.
Bütövlükdə, işğaldan azad etdiyimiz ərazilər sürətlə dünyanın ən gözəl məskənlərindən birinə çevrilir”.
Müəllif: Səbinə Hüseynli