PDF Oxu

Siyasət

  • 6 626

“Tovuz döyüşləri ilə başlayan 44 günlük Vətən müharibəsi qəhrəmanlıq səhifəmizidir” - RƏYLƏR

“Tovuz döyüşləri ilə başlayan 44 günlük Vətən müharibəsi qəhrəmanlıq səhifəmizidir” - RƏYLƏR

“12 iyul 2020-ci ildə başlanmış Tovuz döyüşləri 44 günlük Vətən müharibəsinə aparan yolun başlanğıcı kimi qeyd edə bilərik. Bu döyüşlər Ermənistanın törətdiyi təxribat nəticəsində Qarabağ torpaqlarından uzaqda yerləşən sərhədçilərimizin qoruduğu Tovuz rayonu ərazisində baş verib. Amma Azərbaycan əsgəri bu döyüşlərdə özünün məğlubediməzliyini sübut etdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Deputat bildirib ki, Tovuz döyüşləri, həm də Qarabağı işğaldan azad etmək üçün xalqımızın səfərbər olunmağa hazır olduğunu nümayiş etdirdi: “Xalqımız küçələrə çıxaraq hamılıqla müharibəyə getməyə və torpaqları erməni işğalından azad etməyə getməyə hazır olduqlarını göstərdi. 15 iyulda keçirilmiş Nazirlər Kabinetinin iclasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram” çağırışına minlərlə gəncimiz qoşularaq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrində qeydiyyatdan keçmək üçün axışdılar. Düzdür, Tovuz döyüşlərində şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amma Tovuz döyüşləri zamanı xalqımız torpaqlarımızın Ermənistan işğalı altında qalması ilə heç vaxt barışmayacağını sübut etdi. Tovuz döyüşləri düşmən üçün bir siqnal idi. Əgər Ermənistan Tovuz döyüşlərindən nəticə çıxarıb torpaqlarımızı azad etsəydi 44 günlük Vətən müharibəsinə ehtiyac qalmazdı. Bununla yanaşı qeyd etmək istəyirəm ki, Tovuz döyüşləri ilə başlayan 44 günlük Vətən müharibəsi qəhrəmanlıq səhifəmizidir. Torpaqlarımızı döyüş meydanında azad etdik. Bütün dünya Azərbaycanın gücünü gördü. Bundan sonra heç kim xalqımızın haqqını tapdalaya bilməz. Çünki, xalqla ordu birliyi Ali Baş Komandanın Dəmir yumruquna çevrilib və günü-gündən mökəmlənməkdədir. Biz qalibik və bundan sonra həmişə başımızı uca tutub qürurla yaşayacağıq”.
Hərbi ekspert Ədalət Verdiyev: “Azərbaycan Silahlı Qüvvələrinin böyük qələbəyə aparan zəfər yolu 2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin Günnüt və 2020-ci ilin Tovuz döyüşlərindən keçdi. Tovuz döyüşləri Azərbaycanın hərb tarixinin zəfər döyüşlərindən biridir. Bu döyüşlər göstərdi ki, Azərbaycan ordusu düşmənin istənilən təxribatlarının və gözlənilməz hücumlarının qarşısını günün istənilən saatında, ilin istənilən fəslində almağa qadirdir.Döyüşlər zamanı düşmənin çoxsayda hərbi obyektləri və onlarla canlı qüvvəsi məhv edildi. Düşmənin şəxsi heyəti öz mövqelərindən geri çəkilməyə məcbur oldu, yüzlərlə yaralısı olan düşmən itkilərindən dərin şok keçirdi. Döyüşlərin nəticəsində Azərbaycan bir daha dünyaya sübut etdi ki, güclü Ermənistan ordusu barəsində miflər artıq darmadağın edilib və Azərbaycan işğalçı Ermənistanı istənilən ərazidə və istənilən coğrafiyada cəzalandırmaq, öz ərazilərini azad etməyə tamamilə hazırdır. Tovuz döyüşləri Azərbaycanın həm hərbi qələbəsi ilə nəticələndi, həm də dövlətimizin geosiyasi üstünlüyü ilə özünü aşkar şəkildə büruzə verdi. Tovuz döyüşləri böyük zəfərə aparan yolun ilk addımlarından biri kimi işğalçı düşmənə qarşı uğurlu dövlət-xalq birliyinin fundamental əsaslarını təmin edən bir faktor kimi dəyərləndirilməlidir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər