Prezident İlham Əliyev: "Biz güclü tərəfdaşlığı nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də quracağıq"
Azərbaycan müstəqil dövlət olaraq bütün sahələrdə olduğu kimi, xarici siyasətlə bağlı qanunvericilik bazasının yaradılması və beynəlxalq konvensiyalara qoşulmaq istiqamətində böyük uğurlar qazanıb. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, xarici siyasətin həyata keçirilməsi istiqamətində də ardıcıl işlər görüldü. Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınmağa başladı, bir sıra dövlətlərlə diplomatik əlaqələr quruldu. Ümummilli Liderin hazırladığı mükəmməl xarici siyasət strategiyasının məntiqi nəticəsi olaraq, ölkəmiz bütün regional məsələlərdə həlledici söz sahibinə çevrildi. Bir çox dövlətlərlə yanaşı, müstəqil Azərbaycan Pakistanla da diplomatik əlaqələr qurdu. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi rol oynayıb, bir sıra vacib sənədlər imzalanıb.
Azərbaycanın suverenliyini ilk tanıyan ölkələrdən biri kimi Pakistan ölkəmizlə siyasi, iqtisadi və mədəni əlaqələrin yeni tarixi şəraitə münasib şəkildə yenidən qurulmasına çalışmışdır.
"Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib.
Bu bağlantının böyük sərvət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: "Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq".
GƏLƏCƏK ƏMƏKDAŞLIQDA YENİ İMKANLAR
Azərbaycanın dost, qardaş ölkə olan Pakistanla əlaqələr yüksələn bir xətlə inkişafdadır. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərməsi münasibətlərin inkişafında müstəsnadır. Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri çərçivəsində dövlət başçılarının təkbətək görüşü və geniş tərkibdə görüşləri zamanı aparılan müzakirələrdə qarşılıqlı inam və etimad özünü büruzə vermiş oldu. İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanan sənədlər dövlətlərarası münasibətlərdə yeni imkanlar açacaqdır, "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında tranzit ticarət haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında preferensial ticarət Sazişi", "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının Kommunikasiyalar və Özəlləşdirmə Nazirliyi arasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli İrs və Mədəniyyət İdarəsi arasında 2024-2029-cu illər üzrə mədəni mübadilə Proqramı", "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş" və digər sənədlərin imzalanması gələcək əməkdaşlıqda yeni imkanlar vəd edir.
Görüş çərçivəsidə ikitərəfli ticarəti genişləndirməklə bağlı razılığa gəlinib. Birgə əməkdaşlıq və birgə investisiya sahələri müzakirə olunub və qarşılıqlı mənfəətli layihələrə ilkin olaraq 2 milyard dollar dəyərində investisiyalarla bağlı müzakirə aparılıb.
"Yatıracağımız sərmayələrin ilkin həcmi, əziz qardaşımın qeyd etdiyi kimi, təxminən iki milyard dollardır. Biz energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurla əməkdaşlıq etdiyimiz müdafiə sənayesində bir sıra layihələri artıq nəzərdən keçirdik. Beləliklə, biz güclü tərəfdaşlığı nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də quracağıq. Baxın, bu gün nə qədər sənəd imzalandı. Biz həmin sənədlərin mübadiləsinin şahidi olduq" – deyə Prezident bildirib. Cənab Prezident onu da bildirib ki, biz hər zaman bir-birimizi dəstəkləmişik. Biz hər zaman əməkdaşlıq etmişik: "Lakin hazırda biz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar bizim planlarımızdır və bütün planlarımız icra olunacaq".
"PAKİSTANIN YÜKSƏKRÜTBƏLİ RƏSMİLƏRİNİN BİRMƏNALI BƏYANATLARI BİZƏ ƏLAVƏ GÜC-QÜVVƏT VERDİ"
Pakistan-Azərbaycan əlaqələri həm də hərbi əməkdaşlıq müstəvisində inkişaf edir. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikası ilə Pakistan arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında saziş bunun bariz nümunəsidir. Qeyd olunan sənəddə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib. Pakistan həmişə Azərbaycanın yanındadır və Azərbaycana qardaş və dost ölkədir və bu münasibət qarşılıqlıdır. Ermənistanın Azərbaycana qarşı təcavüz və təxribatları, günahsız insanlara qarşı hücumları Pakistan xalqı, dövləti tərəfindən daim pislənilmişdi. Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır. "Biz həmişə çətin zamanlarda bir-birimizin yanında olmuşuq. Biz əlbəttə, xatırlayırıq ki, 2020-ci ildə Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən biri idi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edirdi" – deyə Prezident bildirib. 2020-ci ilin 27 sentyabr tarixində ölkəmizdə Vətən müharibəsi başlayanda Pakistan xalqı Azərbaycana dəstək nümayiş etdirdi və bizim yanımızda olduqlarını nümayiş etdirdilər. Ermənistanın Azərbaycana qarşı təcavüzünə, terrorçuluğuna, mülki insanlara qarşı hücümlarına Pakistan da hər zaman mövqeyini bildirdi. Azərbaycana dəstək nümayiş etdirərək yanımızda oldu. "Biz, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur", - deyən Prezident bildirib ki, İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi: "Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır." Bu dəstək xalqımız tərəfindən çox böyük rəğbət və sevgi ilə qarşılandı, şəhər və kəndlərimizdə Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə və Pakistan bayraqları da dalğalandırılır.
Pakistan dövləti Azərbaycanın ədalətli mövqeyini bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlarda dəstəkləyib, ölkəmizə maddi və mənəvi dəstək olub. Təbii ki, bu münasibət dövlətlərimiz arasında əlaqələrin inkişafından, dostluq və səmimi qardaşlıq münasibətlərindən qaynaqlanır. Dövlətlərarası münasibətlərin qısa tarixi dövrünə nəzər salsaq görərik ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biridir. Bakıda Pakistanın, İslamabada isə Azərbaycanın daimi nümayəndəliyi açılmışdır. Pakistan və Azərbaycan arasındakı əlaqələr siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri əhatə edir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür.
Azərbaycan da hər zaman qardaş ölkənin - kəşmirlilərin haqq işini dəstəkləyibdir. Bu münasibətlər xalqların əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. "Bizim Cəmmu və Kəşmirlə bağlı mövqeyimiz yaxşı məlumdur. Biz İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləriyik. Biz Cəmmu və Kəşmir əhalisinin hüquqlarını qətiyyətlə dəstəkləyirik və əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyirik. Beləliklə, haqq Sizin tərəfinizdədir, ədalət, beynəlxalq hüquq Sizin tərəfinizdədir. Azərbaycan öz mövqeyini birmənalı şəkildə ifadə edən və öz mövqeyini müdafiə edən ölkələrdən biridir" – deyə Prezident diqqətə çatdırıb.
İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın ölkəmizə siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirilib. Hazırda ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
Prezident İlham Əliyevin Pakistana səfəri ikitərəfli münasibətlərin inkişafında öz sözünü deyəcəkdir. Azərbaycanla Pakistanın əlaqələri bundan sonra da dinamik inkişaf edəcək.
Azərbaycan və Pakistan qardaş xalq olduğunu və münasibətlərin qarşılıqlı dəstək, səmimiyyət üzərində qurduğunu əməli fəaliyyətdə göstərib. Bu münasibətlər müasir dünyada yeni müstəviyə yüksəlib.
Nəzakət ƏLƏDDİNQIZI