PDF Oxu

Siyasət

  • 2 418

Vətən müharibəsi şəhidlərinin doğum günlərində xatirələri yad edilib FOTO

image

İyul ayının 12-də Vətənimizin müdafiəsi uğrunda öz canlarından keçən, rayonun Aşağı Cürəli kəndindən olan şəhid Mirzəyev Orxan Əli oğlunun və Çaylı kəndindən olan şəhid Allahverdiyev Elnur Kamil oğlunun doğum günləri münasibəti ilə ailələri ziyarət olunub. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ziyarətçilər şəhidlərimizin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs edərək baş sağlığı diləklərini çatdırıblar.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Mirzəyev Orxan Əli oğlu 12 iyul 2001-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə O.Babayev adına Aşağı Cürəli kənd tam orta məktəbində təhsil almış və 2019-cu ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərmiş və Laçın rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 2 noyabr 2020-ci il tarixində Aşağı Cürəli kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Mirzəyev Orxan Əli oğlu ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Allahverdiyev Elnur Kamil oğlu 12 iyul 2001-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Çaylı kənd tam orta məktəbində təhsil almış və 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş və Şuşa şəhəri istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 10 noyabr 2020-ci ildə Çaylı kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Allahverdiyev Elnur Kamil oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər