PDF Oxu

Siyasət

  • 1 618

14 İYUL 1969-CU İL, 55 İL – ZİRVƏYƏ YÜKSƏLİŞİN BAŞLANDIĞI GÜN TƏHLİL

14 İYUL 1969-CU İL, 55 İL – ZİRVƏYƏ YÜKSƏLİŞİN BAŞLANDIĞI GÜN TƏHLİL

Bu gün dünyada elə bir xalq tapmaq olmaz ki, tarixinin taleyüklü və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına Tanrının bəxş etdiyi böyük şəxsiyyətdir. Və xalqımız ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 14 iyul, 1969-cu ildə hakimiyyətə gəlməsinin 55-ci ildönümünü qalib xalq kimi qarşılayır. Məhz bugünkü günün memarı olan Ümummilli Liderin arzuları artıq həyata keçirilib. Bütün fəaliyyətini Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına həsr edən ulu öndərin yarımçıq qalmış ideyalarını dahi şəxsiyyətin siyasi məktəbinin ən layiqli yetirməsi Azərbaycan Prezidenti İlham Əliyev reallaşdırdı. Rəşadətli Azərbaycan Ordusu xalqımızın 30 illik yurd həsrətinə birdəfəlik son qoydu. Və 2020-ci il noyabrın 10-da Ermənistan dövləti təslim olduğunu rəsmən təsdiqlədi. Azərbaycan qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi strategiyası sayəsində öz gücünə torpaqlarımızı işğaldan azad etdi. Bununla da ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”. Bəli, bu gün Qarabağ məsələsi yoxdur! Məhz iqtisadi güc, rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, ərazi bütövlüyümüz təmin edildi.

55 İL ÖNCƏ BAŞLANAN BU YOL ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN XALQI, MİLLƏTİ İLƏ BÜTÜNLƏŞMƏSİ, BÜTÖVLƏŞMƏSİ YOLU OLUB

55 il əvvəl bu gün - 14 iyul 1969-cu il. Bu, Azərbaycan xalqı və dövləti üçün adi - sıradan bir təqvim gününü ifadə edən tarix deyil. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. 1969-cu il Azərbaycanın ən yeni tarixinə dönüş ili kimi düşmüşdür. Ulu öndər Heydər Əliyev Azərbaycan KP MK-nın 14 iyul 1969-cu il tarixli plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilmişdi. Həmin plenumda ulu öndər qarşıda duran mürəkkəb və çətin məsələlərin həlli, bir sıra ciddi problemlərin aradan qaldırılması üçün səylə işləyəcəyini, yüksək etimadı doğrultmağa çalışacağını vurğulamış, qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini qeyd etmişdi.

Bu, bir həqiqətdir ki, ümummilli liderin fəaliyyəti sayəsində 1970-1982-ci illər baş vermiş müsbət dəyişikliklərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi baxımından müstəqil Azərbaycanın yaranması salnaməsində ən parlaq səhifələrdir. Məhz həmin illərdə böyük ictimai-siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ rəhbərliyi Azərbaycan iqtisadiyyatının hərtərəfli tərəqqisini və dinamik inkişafını nəzərdə tutan xüsusi qərarlar qəbul etmişdi. Sosial-iqtisadi inkişafın başlıca istiqamətlərini müəyyən edən həmin qərarların xalqımızın mənafeləri baxımından tarixi əhəmiyyəti var idi. Bu gün əminliklə demək olar ki, indiki mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin genişlənməsi və dünya iqtisadiyyatına daha dərin inteqrasiyası prosesi hələ 1970-ci illərdə – 1980-ci illərin əvvəllərində təməli qoyulmuş potensiala əsaslanır.

Ulu öndərin hakimiyyətə gəlməsi ilə bütövlükdə İttifaq miqyasında Azərbaycanın nüfuzu yüksəldi. Qısa bir müddətdə Azərbaycan xammal respublikasından böyük sənaye mərkəzinə çevrildi. Ən əsası, milli-mənəvi dəyərlər inkişaf etdi, Azərbaycan vətəndaşı bir şəxsiyyət kimi yetişməyə başladı.

Deyirlər ki, hadisələrin həqiqi dəyər və əhəmiyyəti müqayisədə aşkarlanır. Bəli, bu gün birmənalı şəkildə qeyd etmək olar ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütün parametrlərinə görə pik nöqtədədir. 55 il öncə başlanan yol Heydər Əliyevin xalqın eyni ideya və amal ətrafında--vahid və çiçəklənən Azərbaycan uğrunda bütövləşməsi yolu olmuşdur. Ən əsası odur ki, xalqımız bu illər ərzində özünü böyük və müdrik rəhbərinin yanında görmüşdür. Məhz buna görədir ki, Azərbaycan xalqı bu illərdə özünü arxalı və güvənli hiss etmiş, müasir tariximizin ən çətin anlarında öz liderinə – Heydər Əliyev müdrikliyinə üz tutmuşdur. O dövrün statistik məlumatları da təsdiqləyir ki, dahi siyasi xadim qısa zaman kəsiyində Azərbaycanın sosial-iqtisadi həyatında böyük dəyişikliklərə imza atmışdır. Heydər Əliyevin Azərbaycanın problemlərini dərindən bilməsi, yüksək vətənpərvərlik və yüksək təşkilatçılıq qabiliyyəti cəmiyyətin resurslarını problemlərin həllinə yönəltməyə imkan vermişdi. Müəssisələrin yenidən qurulması, yenilərinin açılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, infrastrukturların yenilənməsi qısa müddət ərzində böyük nailiyyətlərin əldə olunmasına yol açmışdı. 1969-1982-ci illərdə Azərbaycanda 250 yeni müəssisənin yaradılması ulu öndərin titanik fəaliyyətinin miqyasını göstərir. Bu qədər müəssisənin fəaliyyətə başlaması da milyonlarla yeni iş yerlərinin açılmasına gətirib çıxarmışdı. Təhsil sahəsində intibah, mənzil fondunda sıçrayış qeydə alınmışdı. 1970-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılması, minlərlə azərbaycanlı gəncin SSRİ-nin aparıcı təhsil müəssisələrinə göndərilməsi müstəqil Azərbaycanın ordusu üçün zabit kadr heyətinin formalaşmasına təkan vermişdi. Ümummilli lider həyatı boyu şəxsi nümunəsi ilə sübut etmişdir ki, maarif və mədəniyyətimizin, elm və təhsilimizin təəssübkeş himayəçisidir. Digər sahələrdə olduğu kimi, Azərbaycanın təhsil sisteminin inkişafı tarixində əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar müxtəlif mərhələlərdə, xüsusən 70-80-ci illərdə və müstəqillik dövründə aparılan təhsil islahatlarının hazırlanması və həyata keçirilməsi Heydər Əliyevin böyük və əvəzsiz xidmətlərinin bəhrəsidir. O illərdə Heydər Əliyevin qayğısı ilə regional mədəni-iqtisadi mərkəz xarakterli şəhərlərin üstün inkişafı əmək ehtiyatlarından istifadənin regional problemlərinin həllində, kəndin əmək qabiliyyətli əhalisinin məşğulluq səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdı. Heydər Əliyevin fəaliyyəti yüksək qiymətləndirilərək, 1982-ci ildə Sov.İKP MK Siyasi Bürosüna üzv seçilmiş, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsinə təyin edilmişdi. O zaman SSRİ Nazirlər Soveti Sədrinin 12 müavinindən yalnız bir nəfər birinci müavin idi. Tarixdə ilk dəfə idi ki, SSRİ kimi dövlətin rəhbərliyində türk oğlu təmsil olunurdu. Heydər Əliyev sonralar bu illəri belə xatırlayırdı: "Bəzən gecələr işim qurtaranda da evə getmir, səhərə qədər öz-özümə düşünür, respublikanın vəziyyətini yaxşılaşdırmaq üçün planlar qururdum. Mən bir azərbaycanlı və bir türk idim. Kommunist rejimi daxilində onlarla münasibətlər tarazlığını saxlamaqla yanaşı, vəzifənin verdiyi imkanlardan istifadə edərək, doğma xalqım üçün faydalı işlər görmək haqqında düşünürdüm. Buna görə də, iki şey lazım idi. Azərbaycan Kommunist Partiyasına rəhbərliyi müvəffəqiyyətlə həyata keçirmək və nüfuzunu get-gedə artırmaq".

Heydər Əliyev həmin dövrdə xalqının sabahını düşünərək, müstəqil dövlət quruculuğu üçün lazım olan daxili və beynəlxalq şərtləri ümumi sovet sistemində tədricən hazırlamağa və tarixən qarşısında duran ümummilli problemləri həll etməyə başlamışdı. Müstəqilliyin təməllərini təşkil edən həmin şərtlər Heydər Əliyevin mahiyyətcə milli maraqlara söykənən baxışları və dövrün reallığını nəzərə alaraq yürütdüyü rasional siyasəti nəticəsində formalaşmışdı. Xüsusilə qeyd etmək vacibdir ki, ümummilli lider kommunist rejimi reallıqlarında Azərbaycan xalqının rifahına nail olaraq müstəqil dövlətçilik üçün zəruri olan şərtləri hazırlamış və hər bir azərbaycanlını narahat edən problemlərin həll edilməsi istiqamətində tarixi addımlar atmışdı.

1969-1982-ci illəri əhatə edən tarixi dövrdən danışan Prezident İlham Əliyev qeyd edib ki, Heydər Əliyev kimi güclü liderin Azərbaycanın rəhbərliyinə gəlməsindən sonra köklü dəyişikliklər baş vermişdir. “Onun Azərbaycana rəhbərlik etdiyi 13 il ərzində Azərbaycan Sovet İttifaqı çərçivəsində ən inkişaf etmiş və qabaqcıl respublikaya çevrilmişdir”, - deyən dövlət başçısı vurğulayıb ki, əlbəttə, Azərbaycan müstəqil deyildi və Sovet İttifaqında müəyyən ideoloji çərçivələr də var idi. Ancaq buna baxmayaraq, həm respublikanın sosialiqtisadi inkişafında, həm milli mənəvi dəyərlərin təbliğində o illərdə Heydər Əliyev böyük işlər görmüşdür.

Bəli, Heydər Əliyev müxtəlif tarixi dövrlərdə tarixi və mənəvi-siyasi məsuliyyəti üzərinə götürərək, vacib təşəbbüslərlə çıxış edərək xalq və dövlət qarşısında milli vəzifəsini yerinə yetirməklə nümunə formalaşdırıb - örnək yaradıb. Onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən gördüyü işlər muxtar respublikanın sosial-iqtisadi inkişafını təmin etməklə yanaşı, dövlətçilik ənənələrinin bərpası və qorunması baxımından müstəsna əhəmiyyətə malik oldu. Dövlətçilik tariximizin daha bir dönüş nöqtəsi - həlledici məqamı Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıtması, ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi missiyasını öz üzərinə götürməsi oldu. O, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu, xalqın, dövlətin və dövlətçiliyin Qurtuluşu idi. 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın böyük etimadı əsasında Azərbaycan Prezidenti seçilən Heydər Əliyev qısa zamanda ölkədə sabitliyin, milli həmrəyliyin və inkişafın təmin edilməsi, Azərbaycanın beynəlxalq arenada layiqli yer tutması üçün ardıcıl, məqsədyönlü işlər həyata keçirməyə başladı. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf dövrü kimi tarixə düşdü. Ən əsası, Ümummilli Lider dövlətçilik tariximizdə siyasi varislik erası və ənənələrini yaratmaqla davamlı inkişaf üçün etibarlı zəmin yaratmış oldu. Ümummilli Liderimiz 2003-cü ildə xalqa müraciəti zamanı İlham Əliyevə özü qədər inandığını qeyd etmişdi. "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu, sadəcə, Heydər Əliyevin taleyüklü məsələləri inandığı bir insana həvalə etməsi deyildi. Burada dahi liderin uzaqgörənliyi də aydın sezilir. Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan bu fikirlər Prezident İlham Əliyevin son 20 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası bugünkü qələbəmizə bələdçilik edir: bugünkü qələbənin məntiqi əsası, bünövrəsi və onu yaradan fəlsəfə Heydər Əliyevin fəaliyyətinin məhsuludur. Prezident İlham Əliyev xalqımızın ən böyük arzularını gerçəkləşdirən Şəxsiyyət kimi, eyni zamanda, Müzəffər Liderlik adını əbədi olaraq tarixə yazdı. O, son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Məhz bu tarixi həqiqətləri incələdikdən sonra vurğulaya bilərik ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ardıcıl, uğurlu siyasəti nəticəsində dövlətçilik ənənələrimiz yenidən dirçəldi və inkişaf etməyə başladı. Eyni zamanda, bu gün Azərbaycan dövləti İlham Əliyevin Liderliyi sayəsində dünyada qalibiyyət və zəfərlər yazan, öz gücü ilə ərazi bütövlüyünü bərpa edən qüdrətli ölkə olaraq tanınmaqdadır. Cənab İlham Əliyev sübut etdi ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan, torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizədən saxlaya bilməz. Bu dövrdə İlham Əliyev çox təzyiqlərlə üzləşdi. Lakin dövlətimizin rəhbəri onların hamısına qətiyyətlə, cəsarətlə sinə gərdi. O, siyasi peşəkarlıqla Azərbaycana qarşı beynəlxalq miqyasda diplomatik cəbhənin formalaşmasının qarşısını aldı. Və bütün bunların fonunda Qarabağ cəbhəsində Azərbaycan Ermənistanın yürütdüyü 30 illik işğalçılıq, talançılıq, varvarlıq, terrorçuluq siyasətini əməli şəkildə cəzalandırdı. Xüsusilə, Şuşamızın işğaldan azad olunması münasibəti ilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edən Cənab İlham Əliyev həm də ata vəsiyyətini yerinə yetirdiyini qürurla, şərəflə vurğuladı. Bu, həm də belə bir qənaətə gələn həqiqətdir ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev işğal altındakı torpaqlarımızın, xüsusilə də Şuşamızın azad olunmasında siyasi varisi Cənab İlham Əliyevin möhtəşəm yer alacağını görürdü! Uzaqgörən və Əbədi Liderimizin Şuşa vəsiyyəti də onun azad olunmasından sonra xalqımıza çatdırıldı. 8 noyabr 2020-ci il. Həmin unudulmaz tarix-Şuşanın erməni işğalından azad olunduğu gün Prezident İlham Əliyev Ulu Öndərin Fəxri Xiyabandakı müqəddəs məzarını ziyarət etdi və sonra Şəhidlər Xiyabanından xalqa müraciət edərək tariximizə qızıl hərflərlə həkk olunacaq bu sözləri dedi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan!”.Bəli, bu dövlətçilik tariximizlə yanaşı, həm də dünyanın yeni tarixinə yazılan bu qalibiyyət simvolunda xalqımızın iki övladının – Ulu Öndər Heydər Əliyevin və Böyük Sərkərdə, Prezident İlham Əliyevin adlarının qızıl hərflərlə həkk olunması artıq danılmaz bir gerçəklikdir – ATA vəsiyyətinin və OĞUL vədinin yerinə yetirilməsi gerçəkliyi! Və bu gün Azərbaycan ən yüksək zirvələri fəth etməklə ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Və bu gün müqəddəs qələbə günündə hamımız Ulu Öndərin məzarını ziyarət edəcək, onun ruhuna dualar oxuyacağıq. Çünki çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq, çünki Qarabağ Azərbaycandır!

Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir, ən qüdrətli zamanları irəlidədir! Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir! Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu əsəri zənginləşdirən Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə davamlı uğurlara imzanın atılması, Azərbaycanın dünya dövlətlərinin imzaları arasında imzasının olmasıdır. Bu, Heydər Əliyev işığının nurlandırdığı yolun davamçısı Prezident, Ali Baş Komandanımız Qalib Lider İlham Əliyev yolunun dönməz və sarsılmaz yoludur.Bəli, Ruhun şad olsun, Ulu Öndər, Qarabağ Azərbaycandır! Azərbaycan xalqının Qalib Lideri, Azərbaycan xalqının Prezidenti İlham Əliyev dəmir siyasətinin nəticəsində «Dağlıq Qarabağ» problemi yoxdur! Prezident İlham Əliyev bildirib ki, biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır: «Bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.Və bu gün fəxr edirik ki, dahi öndərimizin ideyaları yaşayır və geniş şəkildə inamla Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və Heydər Əliyevin nurlu xatirəsi bundan sonra da qəlblərdə əbədi yaşayacaqdır. Bu gün fəxr edirik ki, dahi öndərimizin ideyaları yaşayır və geniş şəkildə inamla həyata keçirilir. Ümummilli liderimizin Azərbaycan xalqı qarşısındakı möhtəşəm xidmətləri unudulmur, böyük minnətdarlıq hissi ilə daim yad edilir. Heydər Əliyevin nurlu xatirəsi bundan sonra da qəlblərdə əbədi yaşayacaqdır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər