PDF Oxu

Siyasət

  • 2 535

"Yaşıl dünya naminə həmrəylik ili"nə töhfə TƏHLİL

"Yaşıl dünya naminə həmrəylik ili"nə töhfə TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "BU GÜN BAKI DÜNYANIN ƏN GÖZƏL ŞƏHƏRİ KİMİ İNKİŞAF EDİR"

Azərbaycanın paytaxtı doğma Bakımız ildən-ilə, gündən-günə gözəlləşir və müasirləşir. Müstəqilliyin arxada qalan 30 ildən artıq bir zamanda onun simasına yeni-yeni bənzərsiz naxışlar vurulub, gözəl park və xiyabanlar, geniş prospektlər, möhtəşəm və modern binalar, meydanlar və körpülər bu gün Azərbaycan paytaxtının ayrılmaz atributları sırasındadır. Qədimlik və müasirliyin heyrətamiz harmoniyası şəhərimizə özünəməxsus yaraşıq verir. Bu gün hər sahədə qazandığımız uğurların təməlində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi dayanır. Azərbaycan həm bölgədə, həm də dünya miqyasında ən sabit və dinamik inkişaf edən ölkələrdən birinə çevrilib. Möhtərəm Prezidentin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Bu inkişaf göstəriciləri insanlarda qəti bir əminlik formalaşdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara və zəfərlərə imza atacaq.

Ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramları hazırlanıb, işlək mexanizmlər əsasında həyata keçirilib. Ən müxtəlif sahələrdə intibah prosesi geniş vüsət alıb. Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların balanslı və davamlı inkişafının sürətləndirilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edib. Bu gün Azərbaycan nümunəvi inkişaf modelinə malik olan ölkəyə çevrilib.

"QU QUŞLARI" TARİXİ ANSAMBLIN SİMASI ÖZÜNƏ QAYTARILDI

1960-1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı quruculuq işləri həyata keçirilir, o cümlədən Bakıda memarlıq kompleksləri və paytaxtın simasını dəyişən binalar inşa edilirdi. Paytaxtımızda qurulan "Qu quşları" fəvvarəsi də sakinlərin və şəhərimizin qonaqlarının sevimli məkanlarından biri kimi tanındı. Dahi şair Nizami Gəncəvi və görkəmli bəstəkar Qara Qarayevin "Yeddi gözəl" poeması və baletindən ruhlanaraq yaradılan və 7 qu quşu heykəlindən ibarət fəvvarə paytaxtın "əfsanəvi" məkanına çevrildi. 2007-ci ildə Dənizkənarı Bulvarda aparılan yenidənqurma işlərindən sonra "Qu Quşları" fəvvarəsinin yerinə yeni fəvvarə kompleksi yaradıldı. Amma ötən əsrin 60-ci illərindəki "Qu Quşları" fəvvarəsi xatirələrdə hələ də yaşayırdı. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu tarixi ansambl yenidən bərpa edildi və tarixi siması özünə qaytarıldı. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub, təbii daşlar üzərində 7 qu quşu heykəli hazırlanıb.

EKOLOGİYANI ÇİRKLƏNDİRƏN "QARA ŞƏHƏR"İN YERİNDƏ "AĞ ŞƏHƏR"

Paytaxtımız hər tərəfli gözəlləşir. Hər yerdə aparılan-abadlıq quruculuq işləri onun simasını köklü şəkildə dəyişib, infrastruktur təminatı, kommunal xidmətlərin keyfiyyəti yaxşılaşıb, əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib. Dünyanın qədim neft sənayesi mərkəzi olan paytaxt Bakı da qısa müddətdə ən iri şəhərlərdən birinə çevrilərək özünün təkrarolunmaz simasını əldə edib. Son illər Bakıda həyata keçirilən ardıcıl inkişaf prosesi şəhərimizin tarixi ilə müasirliyini özündə birləşdirərək tamamilə yeni bir simadadır. Əsrlər boyu müxtəlif mədəniyyətlərin, dini inancların ahəngdarlıqla qovuşaraq, mükəmməl harmoniya yaratdığı Bakı Qız Qalası, Qala Divarları, Şirvanşahlar Saray Kompleksi, məscidləri, karvansaraları və digər memarlıq abidələri ilə sirli aləmə çevrilən paytaxtımıza yeni çalarlar əlavə olunub. Bura tariximizin daş yaddaşıdır, onun hər parçası keçmişimizin əbədiləşmiş məqamlarını özündə yaşadır. Geniş vüsət alan abadlıq-quruculuq və yenidənqurma işləri paytaxtımıza yeni bir ahəng gətirib. Xüsusilə, böyük parkların, xiyabanların salınması və köhnə tikililərin sökülərək, yenilərinin inşası şəhərimizə yeni çalarlar əlavə edib. Şəhərin simasına xüsusi gözəllik verən yaşıllıqlar Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına da təsirsiz ötməyib. Ekoloji fəlakət mənbəyi olan Balaxanıda, Bibiheybət neft mədənlərində, Böyükşorda aparılan işlər nəticəsini verib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Bakıda havanın keyfiyyətinin böyük dərəcədə yaxşılaşdığını diqqətə çəkərək, havanı çirkləndirən bir çox mənbələrin ləğv edildiyini bildirib: "Onlardan biri Bibiheybət zonası idi, hansı ki, o, ekoloji fəlakət mənzərəsi idi. İndi orada park salınıb, idman qurğuları, xiyabanlar yaradılıb, bulvar o zonaya qədər uzadılıb. İkincisi, havanı və ekologiyanı böyük dərəcədə çirkləndirən "Qara şəhər" idi. indi onun yerində "Ağ şəhər" yerləşir. Bu da, böyük şəhərsalma layihəsidir. Əlbəttə, Balaxanı zibilxanası havanı, demək olar ki, zəhərləyirdi. Çünki orada yanan məişət tullantılarının söndürülməsi mümkün deyildi. Hazırda orada böyük zibilyandırma zavodu və çeşidləmə poliqonu fəaliyyət göstərir. Bu ərazi ekoloji təmiz zonaya çevrilib".

DÜNYADA TANINAN UĞURLU VƏ BÖYÜK EKOLOJİ LAYİHƏ

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı" çərçivəsində həyata keçirilən Bakı Ağ Şəhər layihəsi dünyanın qabaqcıl və müasir şəhərsalma layihələri səviyyəsindədir. "Azərbaycanda yüz illərdən bəri Qara Şəhər adlanan şəhər ağaracaqdır, təmizlənəcəkdir, orada gül-çiçək əkiləcəkdir və o, Azərbaycanın gözəl bir guşəsinə çevriləcəkdir.", - deyən Ümummilli Lider Heydər Əliyev uzaqgörəliklə söylədiyi fikirlər reallığa çevrilib. Artıq Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra tikililər, avtomobil yolları və digər infrastruktur işləri tamamlanıb. Müxtəlif ölçülü küçələr salınıb və yolaltı kommunikasiya infrastruktur işləri aparılıb. Qarabağ Atları küçəsinin mərkəzində səkkizmərtəbəli, müasir fasadlı yaşayış binalarının əhatəsində Qarabağ Atları Meydanı yerləşir. Burada həmişəyaşıl ağaclar və kollardan ibarət landşaft salınıb. Meydanın mərkəzində Qarabağ atlarının heykəl kompleksi quraşdırılıb. Qarabağ atları heykəl kompleksi Azərbaycanın Qarabağ torpaqlarının 30 illik işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindəki Zəfərinə həsr edilib. Dövlət başçısının həyata keçirdiyi tədbirlər öz uğurlu nəticəsini verir. Ağ Şəhər də onlardan biridir. Həm uğurlu, həm də böyük bir ekoloji layihə kimi dünyada tanınır. Həmçinin, Bakı şəhərinin sakinləri arasında da böyük etimadla qarşılanır. Dinamik inkişaf edərək perspektivliyi ilə iri biznesi və xarici investorları cəlb edən paytaxt, getdikcə daha çox iş və yaşayış, istirahət və əyləncələr üçün arzu edilən böyük şəhərlərdən birinə çevrilir.

Bu layihənin reallaşdırılması ilə Qara Şəhərin sənaye siması keçmişdə qalaraq yerini Bakı Ağ Şəhər adlı harmoniya və rahatlıq məkanına verərək, öz təkrarolunmaz cizgiləri ilə regionda lider olan Bakı şəhərinin yeni müasir mərkəzinə çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Məqsədimizə çatmışıq, şəhər içində artıq şəhər var".

YENİDƏN QURULAN NƏRİMANOV PARKI SAKİNLƏRİN İXTİYARINDA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Bakının Nərimanov rayonunda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib. Ərazisi 4,1 hektar olan park XX əsrin 50-ci illərində salınıb. Ötən müddətdə bu park gəzinti və əyləncə baxımından şəhər sakinləri üçün sevimli məkana çevrilib. 1960-cı illərdə yaxınlıqda metro stansiyasının tikilməsi parka marağı daha da artırıb. Şəhərimizin müasir inkişaf səviyyəsinə və memarlıq üslubuna uyğun olmayan park nadir dizaynda yenidən qurulub. Burada müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılıb, o cümlədən uzun müddət yararsız vəziyyətdə olan fəvvarə meydanının yenidən qurulması işləri həyata keçirilib. Parkın ərazisində yeni yaşıllıq sahələri yaradılıb, istismara yararsız, parkın ümumi görkəminə xələl gətirən tikili və qurğular ərazidən götürülüb. Mövcud ictimai-iaşə obyektlərinin fasadları müasir üslubda, parkın yeni layihəsinə uyğun təmir edilib, o cümlədən yeni işıq dirəkləri, eləcə də idman qurğuları və uşaq əyləncə meydançası yaradılıb. Mühəndis-kommunikasiya xətləri əsaslı şəkildə yenilənən park yağış sularının axıdılması üçün nəzərdə tutulan xətlərlə təmin edilib. Dövlətimizin başçısının tapşırığı ilə paytaxt Bakıda parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə ardıcıl tədbirlər davam etdirilir. "Yaşıl dünya naminə həmrəylik ili"ndə yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Nərimanov rayonu ərazisində yenidən qurulan Nərimanov parkı da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir. Nərimanov parkının yenidən qurulması bu il COP29-a ev sahibliyi edəcək ölkəmizdə elan olunan "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində həyata keçirilən işlərə də töhfə vermək baxımından xüsusi önəm daşıyır.

MİLLİ ELEMENTLƏRDƏN İBARƏT İNCƏSƏNƏT NÜMUNƏSİ

Bildiyimiz kimi, görülən işlərin davamı olaraq Bakıda "Crescent Mall" ticarət mərkəzinin açılışı oldu. Qeyd edək ki, "Crescent Mall" ticarət mərkəzi ənənənin innovasiyalarla qovuşduğu bir məkan kimi Bakının müasir və dinamik inkişafını əks etdirir. 115 min kvadratmetr sahədə alış-veriş, əyləncə və istirahətin təklif edildiyi məkanda 5 mərtəbəli müasir texnologiyalarla inşa edilən bina, 3 mərtəbəli 1193 parkinq yeri, açıq havada yerləşən terras və restoran, həmçinin Azərbaycanda ilk dəfə fəaliyyət göstərəcək musiqili fontan yer alıb. Ticarət mərkəzində 107 geyim, qastronomiya, sağlamlıq, uşaq əyləncə mərkəzləri və digər mağazalar var. Bura gələn qonaqlar vaxtlarını səmərəli keçirə bilirlər. "Crescent Mall"da alıcılara böyüklər və uşaqlar üçün geniş çeşiddə geyimlər, ev avadanlıqları və digər məhsullar təklif olunur. Ən müasir texnologiyalarla inşa edilən ticarət mərkəzində rəqəmsallaşan dünyanın yeni trendlərinə uyğun olaraq süni intellektlə fəaliyyət göstərən məlumat bələdçisi xidməti də var. Süni intellektin tətbiqi ilə ticarət mərkəzində müasir və dünyəvi trendlər tarixi və mədəni dəyərlərimizlə də əlaqələndirilib. Bu məqsədlə girişdə qonaqları qarşılayan süni intellektli robot "Leyli" adlandırılıb. Süni intellekt məlumat bələdçisi Leyli, dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasından müdriklik və gözəllik rəmzi olan Leylini simvolizə edir.

"Crescent Mall" ticarət mərkəzi kimi obyektlərin istifadəyə verilməsi ölkəmizin iqtisadi potensialını və vətəndaşlara xidmətin yüksək səviyyədə təşkilini nümayiş etdirir. Bundan başqa, ticarət mərkəzi dünyanın ən gözəl və müasir şəhərlərindən biri olan Bakının memarlığı, müasirliyi ilə harmoniya təşkil edərək paytaxtımızı daha da gözəlləşdirir.

Uğurlu inkişaf yolu keçən Azərbaycanın paytaxtı Bakı da bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Mən şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən, mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı, doğrudan da, dünyanın ən gözəl şəhərlərindən biridir". Bakı şəhəri abadlaşır, qurulur, burada infrastruktur layihələri icra edilir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər