Gürcüstan milli maraqlara yönəlmiş müstəqil daxili və xarici siyasət yeritdiyinə görə “kollektiv Qərb”in təzyiqi altında qaldı. Həm ABŞ, həm də Aİ onunla münasibətləri yenidən nəzərdən keçirir. Xüsusən də, Avropa İttifaqı ölkələrinin liderləri Gürcüstanın bu təşkilata daxil olması prosesini dayandırmaq qərarına gəliblər. Bu sözləri Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski iyulun 9-da Tbilisidə “Avropa İttifaqının genişlənməsi- Avropa İttifaqına namizəd ölkələr üçün geosiyasi zərurət və gələcək addımlar” adlı konfransda deyib. “Bunu dediyim üçün üzr istəyirəm, lakin Aİ liderləri Gürcüstanın üzvlük prosesini dayandırmağa razılaşıblar. Gürcüstanın hazırkı hökumətinin niyyətləri Avropa İttifaqı liderləri üçün aydın deyil”,- Qerçinski bildirib.
Vaşinqton həm də Tbilisini siyasi embarqoya məruz qoymaq qərarına gəlib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenterin xarici jurnalistlər üçün keçirdiyi brifinqdə dediyi kimi, ABŞ Gürcüstanla bütün əməkdaşlıq proqramlarını nəzərdən keçirməyə başlayıb. Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi yayda planlaşdırılan ABŞ-Gürcüstan “Etibarlı Tərəfdaş” birgə təliminin strateji münasibətlərə yenidən baxılması səbəbindən qeyri-müəyyən müddətə təxirə salındığını açıqlamışdı.
Gürcüstanın ekspert icmasının nümayəndələri Qərbin bu cür sərt tədbirlərinə necə yanaşırlar?
Gürcüstanın əməkdar jurnalisti, tarix elmləri doktoru, politologiya professoru Badri Naçkebiyanın sözlərinə görə, Gürcüstanla ABŞ arasında münasibətlər ciddi şəkildə gərginləşib və bu, ilk baxışdan Gürcüstanın “xarici agentlər haqqında qanun” qəbul etməsi ilə başlayıb. Daha sonra isə “LGBT haqqında qanun”. Caliber.Az-ın müxbiri ilə söhbətində o qeyd edib ki, amerikalılar hakim “Gürcü arzusu” partiyasına qarşı sanksiyaları xeyli əvvəllər tətbiq etməyə başlayıblar.

“Hələ bu ilin aprelində gürcü hakimlər, bu yaxınlarda isə gürcü deputatlar da sanksiyalara məruz qalıb. “Xarici agentlər haqqında qanun”dan xeyli əvvəl “Gürcü arzusu”nun lideri İvanişviliyə qarşı maliyyə sanksiyaları tətbiq edilib. Lakin “kollektiv Qərb” Gürcüstanın “xarici agentlər haqqında qanun”un qəbulu ilə öz suverenliyini qorumaq mövqeyini anlamır və qəbul etmir. Beləliklə, ABŞ və Aİ-nin bütün yeni bəyanatları, fikrimcə, indiyə qədər Qərblə Gürcüstanın mövqelərinin getdikcə daha çox ayrıldığına dair bir mesajdır. Amma hələ geriyə yol var, qapı hələ bir qədər açıqdır”,- deyə politoloq qeyd edib.
Onun fikrincə, Gürcüstan bir sıra cavab tədbirləri görməyə, xüsusən də strateji tərəfdaşları ilə, ilk növbədə Türkiyə və Azərbaycanla regional əməkdaşlığı gücləndirmək məcburiyyətində qalacaq. Və buna əsaslanaraq öz maraqlarını qorumağa davam edəcək.
“Gürcüstan regional tərəfdaşları ilə özünü həm dostlardan, həm də düşmənlərdən tam qoruya bilər. Çünki biz görürük ki, Tiflis hələ də əsas tərəfdaşı olan ABŞ-la dil tapa bilmir. ABŞ ilə əlaqələrdə fasilə Gürcüstanın regional təhlükəsizliyinə də təsir edə bilər. Mənim fikrim belədir və mən bunu artıq dedim ki, Qərblə böhranın həlli üçün regional tərəfdaşları ilə əməkdaşlıqda əsas alət Gürcüstan diplomatiyası olmalıdır. Beləliklə, mənə elə gəlir ki, biz Qərblə qarşılıqlı əlaqə nöqtələrini tapa bilərik”,- B.Naçkebia vurğulayıb.
Gürcü politoloq Givi Qanidzenin fikrincə, Aİ və ABŞ nə qədər sərt addım atsalar da, Gürcüstan təslim olmamalıdır.

“Aİ və ABŞ səs-küylü bəyanatlar verməklə və sanksiyalar tətbiq etməklə Gürcüstanın suverenliyini pozmağı, onu yumşaq desək, Qərbin əmrlərinə tabe etməyi gözləyirlər. Lakin bu, çətin ki, müsbət nəticə versin– tamamilə göz qabağındadır ki, ABŞ-ın iradəsini qəbul etməklə və artıq qəbul edilmiş qanunları ləğv etməyə başlamaqla Gürcüstan özünü Qərbin vassalı kimi tanıdacaq və azadlığından bu imkandan əl çəkəcək. Gürcüstanın öz səsi və mövqeyi var. Bəs bundan sonra nə baş verəcək? Gürcüstana bu cür sərt təzyiqlərin, onun siyasi dövlətçiliyinin praktiki olaraq qırılmasının Gürcüstanın başına gələ biləcək ən pis hal olduğunu deyənlərlə tamamilə razıyam. Biz başa düşməliyik ki, Qərb “kökə”sinin qiyməti gürcü xalqı üçün çox bahadır. Aydındır ki, Aİ və ABŞ Gürcüstanı yalnız manipulyasiya edərək, Avropa azadlığının qızıl dağlarını vəd edirdilər, amma əslində hər şey bizim ölkəmizə Cənubi Qafqazda anti-Rusiya təxribatlarının avanqardına çevrilmək əmri verilməklə bitə bilər. Bu mənim ölkəmə niyə lazımdır ki?- Q. Qanidze soruşur.
Tərcümə - Elçin Bayramlı