PDF Oxu

Siyasət

  • 2 183

Güclü Türkiyənin sarsılmaz iradəsi TƏHLİL

Güclü Türkiyənin sarsılmaz iradəsi TƏHLİL

Prezident İlham Əliyev: "15 İyul – "Demokratiya və Milli Birlik Günü" mətin xalqınızın həmrəylik, mübarizlik və milli birlik rəmzi olaraq daim yaşayacaq"

Türkiyə Konstitusiyasına zidd olaraq ölkədə hakimiyyəti güc yolu ilə dəyişdirmək, demokratiyanın təməl prinsiplərini tapdalayaraq dövləti zorla ələ keçirmək cəhdlərindən artıq 8 il ötür. Yaşanan hadisələr bölgədə önəmli mövqeyə sahib olan Türkiyəyə, Atatürk ideyalarına, Konstitusiyaya və demokratiyanın fundamental dəyərlərinə zərər vurmaq istəyi idi. "15 İyul hadisələrinin səkkizinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm". Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlanan məktubda bildirilib. Azərbaycan Prezidenti qeyd edib ki, qardaş Türkiyənin qan yaddaşına əbədi olaraq həkk olunmuş bu gecədə baş vermiş mənfur çevriliş cəhdinin ölkənizin milli maraqlarına, demokratik əsaslarına və hüququn aliliyinə qəsd idi: "Müdrik və mərd Türkiyə xalqı Vətən, dövlətçilik və demokratiya uğrunda qətiyyətlə mübarizə apararaq və sinəsini sipər edərək növbəti dəfə qəhrəmanlıq dastanı yazdı. Bu hadisələr ilə əlaqədar təsis edilmiş 15 İyul – "Demokratiya və Milli Birlik Günü" mətin xalqınızın həmrəylik, mübarizlik və milli birlik rəmzi olaraq daim yaşayacaq və əsrlər ötdükcə daha böyük qürurla xatırlanacaqdır".

Türkiyə tarixin daha bir ağır sınağından üzüağ çıxdı. Tarix növbəti dəfə böyük türk xalqının öz dövlətinə və Vətəninə nə qədər sadiq olduğunun şahidinə çevrildi. "Türkiyə dövlətçiliyinə qarşı yönəlmiş bu çevriliş cəhdinin dəf olunmasında və bununla da ölkənizi böyük faciələrdən xilas edilməsində şəxsən Sizin gördüyünüz təxirəsalınmaz qəti addımların və liderliyinizin xüsusi rolu olmuşdur. Xalqınız Sizin ətrafınızda sıx birləşərək dövlətinə, azadlığına və demokratiyasına sahib çıxmaqla dünyaya milli qürurunu, gücünü və sarsılmaz iradəsini bir daha sübut etdi" - deyə Prezident bildirib.

Sarsılmaz dostluq və qardaşlığa söykənən və uğurla davam etdirilən Türkiyə-Azərbaycan birliyi əsrlərdir ki, davam edir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənib. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır və dövlətlər arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib. Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətdə qayıdışından sonra dövlətlərarası əlaqələrin artmasına, əməkdaşlığın genişlənməsinə xüsusi diqqət yetirilmişdir. "Bir millət, iki dövlət", - deyən Ulu Öndər Heydər Əliyevin dövlətlərarası yaratdığı qardaşlıq münasibətləri bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox yüksək səviyyədə davam etdirilir. Əlbəttə ki, son illərdə Azərbaycan-Türkiyə münasibətləri ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə qədər yüksəlməsi mövcud əlaqələrin möhkəmliyinə, sarsılmazlığına əsaslanır.

"BİR MİLLƏT, İKİ DÖVLƏT"

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları son zamanların hadisələrində, ən çətin məqamlarda özünü bir daha doğrultmuş oldu. Azərbaycanın 44 günlük Vətən müharibəsinin od püskürən günlərində Türkiyə dost ölkə olaraq, Azərbaycanla həmrəylik nümayiş etdirdi. Dərdimizə, kədərimizə şərik oldu. Müharibənin ilk günündən sonuna qədər "Can Azərbaycan"- deyib, yanımızdan bir an belə kənarlaşmadı. Mənəvi dəstəyi, gücü ilə dünyaya səs saldı ki, Türkiyə istənilən vəziyyətdə qardaş dediyi ölkənin - Azərbaycanın yanındadır. Belə də oldu. Qələbə sevincimizi birgə yaşadıq və bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində Azərbaycan və Türkiyə bayraqları qoşa dalğalanır. Bundan fərəhləndirici və qürurverici nə ola bilər ki? Azərbaycan da Türkiyəyə qarşı olan sevgisi ilə onun yanındadır. "Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən bu xəyanəti şiddətlə qınamış və həmişə olduğu kimi qardaş Türkiyə dövlətinin və xalqının yanında yer almışdı. Bu bizim sevincimizi və kədərimizi birgə paylaşdığımız Türkiyəyə qardaşlıq və vəfa borcumuz idi. Hörmətli cənab Prezident, bu yaxınlarda Sizinlə Astanada görüşümüzü, apardığımız ətraflı fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram. Əminəm ki, dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrini, çoxşaxəli əməkdaşlığını və strateji müttəfiqliyini genişləndirmək, dünyada bənzəri olmayan dövlətlərarası münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırmaq naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik" – deyə Prezident məktubunda bildirib.

Türkiyədə baş verən hadisələr xalqın seçdiyi hökumətə qarşı edilən çevriliş cəhdi idi. Xalq birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxdı. Ölkənin prezidenti və hökumət öz vəzifələrini uğurla və yerindəcə icra etmişdir.

MİLLİ BİRLİYƏ APARAN SİYASİ XƏTT

Yaşadığımız tarixdən məlumdur ki, müstəqillik qazandıqdan sonra Azərbaycan xalqı çox əzab-əziyyətlə qarşılaşmış, torpaqlarının işğalçılardan azad edilməsi, ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizədə çoxlu qurbanlar vermişdir. Məhrumiyyətlərə düçar olan xalqımız çətinliklə qazandığı müstəqilliyin müdafiəsində mətanətlə dayanmış, mücadilə etmişdir.

Etiraf edək ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan səriştəsiz, bacarıqsız qüvvələrə haqlı olaraq narazılıqlar var idi. Dövlətçiliyinin itirilməsi təhlükəsi qarşısında qalmış Azərbaycan xalqı zəngin dövlət rəhbərliyi təcrübəsinə və siyasi nüfuza malik olan Ulu Öndər Heydər Əliyevi özünə rəhbər tələb etdi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə respublikada yaranmış son dərəcə gərgin vəziyyətin sabitləşdirilməsi üçün sağlam qüvvələrin köməyi ilə qardaş qırğınının, Azərbaycan dövlətinin parçalanmasının qarşısını alındı. Ulu Öndər tərəfindən ölkəmizdə milli birliyə aparan siyasət xətti həyata keçirilməyə başlanıldı. Qısa bir zamanda cəmiyyət həyatının bütün sahələrində yeni münasibətlərə yol açmaq, islahatların əsaslarını yaratmaq üçün tədbirlər görülür və davam etdirilirdi.

1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycan həyatında yeni başlanğıcın əsasını qoydu. Bu saziş Azərbaycan cəmiyyətinin inkişafına, iqtisadiyyatın dirçəlməsinə, beynəlxalq mövqemizin möhkəmlənməsinə, xalqın vəziyyətinin yaxşılaşmasına töhfə verdi. Görülən işlərdən xoflanan cinayətkar ünsürlər, Azərbaycan Respublikasının müstəqilliyini öz çirkin məqsədlərinə qurban verməyə hazır olan, Azərbaycanı başqa dövlətlərin himayəsində görmək istəyən qüvvələr dərhal təşvişə düşdülər və məkrli planlar həyata keçirməyə başladılar. Bunlardan biri də 1995-ci ilin mart hadisələri idi. 1995-ci il mart ayında müstəqilliyimizə qəsd etmək istəyənlərin məkrli niyyətləri bu gün də insanların yaddaşından silinməyib. Bir qrup xəyanətkar insan ətrafına topladığı qeyri-qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərmişdi. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək, xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etmişdilər.

ULU ÖNDƏRİN XALQA MÜRACİƏTİ YÜZ MİNLƏRLƏ İNSANI BİR ARAYA GƏTİRDİ

Xatırlatmaq yerinə düşər ki, buna qədər 1994-cü il oktyabrın 2-də ölkəmizdə dövlət çevrilişinə silahlı cəhd göstərildi. Ümummilli Liderin vəziyyəti sabitləşdirmək üçün görüyü tədbirlər, xalqın əzmi çevriliş etməyə çalışan qüvvələri taqətdən saldı. Böyük siyasi xadim bu hadisələrdə də ilk növbədə xalqın köməyinə arxalandı. Oktyabrın 4-də axşamdan xeyli keçmiş Ulu Öndər xalqa müraciət etdi. Bu müraciətə cavab olaraq yüz minlərlə insan gecəyarısı Prezident Aparatının qarşısına toplaşdı. Oktyabrın 4-dən 5-nə keçən gecə Prezident Aparatının qarşısında başlanan və on minlərlə insanın iştirak etdiyi möhtəşəm mitinq səhərədək davam etdi. Oktyabrın 5-də gündüz Azadlıq meydanında bir milyona yaxın insanın iştirak etdiyi ümumrespublika mitinqi keçirildi. Bütünlükdə 4 və 5 oktyabr mitinqləri xalq-iqtidar birliyinin parlaq təcəssümü idi. Həmin birlik qarşısında heç bir pozucu qüvvə tab gətirə bilməzdi. Yerlərdəki sağlam qüvvələr bu birliyə arxalanaraq müstəqilliyimizə və dövlətçiliyimizə qarşı çıxanları yerində oturtdular. Cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Həmin hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqı ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir.

Ulu Öndər Heydər Əliyev tərəfindən xalqın birliyinin təmin olunması, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş ölkəmizin inkişafında öz sözünü demiş oldu, Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, xalqına, Vətəninə, millətinə olan sonsuz məhəbbəti, qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik qorunub-saxlanıldı. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır, dövlətimiz durmadan yüksəlir, inkişaf edir və yeni uğurlar qazanır.

"DÜNYA MİQYASINDA TÜRKİYƏ VƏ AZƏRBAYCAN QƏDƏR BİR-BİRİNƏ YAXIN İKİNCİ ÖLKƏ TAPMAQ MÜMKÜN DEYİL"

Azərbaycan kimi Türkiyə də belə cəhdləri yaşamış oldu. Xalq-iqtidar birliyi çətin məqamlarda öz sözünü dedi. Türkiyədə baş verənlər ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirib. Azərbaycan Türkiyədə çevriliş cəhdinin qarşısının alınması, vəziyyətin sabitləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri alqışladı. Türkiyə cəmiyyəti son dərəcə demokratdır, bu ölkənin vətəndaşları yüksək siyasi mədəniyyətə sahibdirlər. Əlbəttə ki, belə də olmalıdır. Bu gün Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Türkiyə Cümhuriyyəti ötən müddət ərzində daha da güclənərək beynəlxalq aləmdə sabitliyin və təhlükəsizliyin simvoluna çevrilib. Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə inkişaf yolunda daha yüksək zirvələr fəth edəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, "Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər