Azərbaycan 1991-ci il 18 oktyabrında dövlət müstəqilliyini elan etdi. Bundan az sonra, yəni dekabrın 12-də Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıdı. Beləliklə Pakistan Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Eyni zamanda Pakistan Xocalı soyqırımını rəsmi olaraq tanıyan ilk ölkədir və Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi əməliyyatında Azərbaycanı açıq şəkildə dəstəkləyən ölkələrdən biridir. Həmçinin Pakistan Senatının Xarici əlaqələr Komitəsi Xocalı faciəsini genosid kimi tanımışdır.
Pakistanın Azərbaycana münasibətində önəmli faktlardan biri də budur ki, Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bildirib. Azərbaycana dəstək verərək və həmrəyliyini bildirərək bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb. Onu bir dövlət kimi tanımayıb.
Azərbaycan da Pakistanın üzləşdiyi sərhəd mübahisələrində və Hindistanla olan münaqişənin sülh yolu ilə həll olunmasında Pakistana öz dəstəyini əsirgəmir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü müttəfiqlik səviyyəsinə çatdırılıb. 1993-cü ilin mart ayında Pakistanın Bakıda, 1997-ci ilin avqust ayında isə Azərbaycanın İslamabadda səfirlikləri fəaliyyətə başlayıb.1993-cü ilin aprel ayının 30-da BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş, erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən 822 nömrəli qətnamənin qəbul olunduğu iclasa da Pakistan sədrlik edib və qətnamə Pakistan hökumətinin birbaşa təşəbbüsü və səyi nəticəsində qəbul olunub. Yeri gəlmişkən, qeyd edək ki, sentyabrın 27-dən etibarən Ermənistanın hərbi təxribatı nəticəsində cəbhədə baş verən gərginlik fonunda Pakistan yenə də birmənalı olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Məlum olduğu kimi, sentyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edib. Səfir Bilal Haye dövlətimizin başçısı ilə söhbət zamanı deyib ki, qardaş Azərbaycan xalqının Pakistan xalqı üçün xüsusi yeri var.Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Pakistanın Azərbaycana davamlı dəstəyinə görə minnətdarlığını ifadə edib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir: “Bu qarşılıqlı dəstək bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlər daha da güclənəcək. Biz Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistana qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram”.Bu ölkə ilə münasibətlərimiz strateji tərəfdaşlıq səiyyəsinə yüksəlib. Bakı və İslamabad həm ikitərəfli, həm də çoxtərəfli beynəlxalq platformalarda bir-birinə daim dəstək göstərir. Paytaxtlarımızın qardaşlaşması da Azərbaycan-Pakistan dostluğunun təzahürüdür. Pakistan Azərbaycanın müstəqilliyini ilk sırada tanıyan ölkələrdən biri kimi hər zaman ərazi bütövlüyümüzü dəstəkləyib. 30 illik işğal dövründə Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən haqlı mövqeyi Pakistan tərəfindən ən yüksək tribunalardan bəyan edilib və müdafiə olunub. Pakistan həmçinin Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmaqdan imtina edən nadir ölkələrdən biridir.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri