1991-ci il dekabr ayının 12-də Pakistan İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkə olur. 1992-ci ildən isə iki ölkə arasında diplomatik əlaqələr yaranır. Qısa zamanda Azərbaycanla Pakistan arasında qarşılıqlı səfirliklər təsis edilir, müxtəlif siyasi-ictimai əlaqələr həyata keçirilir.Həmin əlaqələr cənab prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da inkişaf edərək, müxtəlif müqavilə və sərəncamların imzalanması ilə nəticələnir.
11 iyul 2024-cü il tarixində Azərbaycan prezidenti İlham Əliyevin İslamabada rəsmi səfəri baş tutur. Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərifi qarşılayır və hər iki ölkə başçısı mətbuat qarşısında geniş çıxış edirlər.
Pakistan İslam Respublikasının baş naziri M.Ş.Şərifi İlham Əliyevin Pakistana rəsmi səfəri haqqında çıxış edərək qeyd edir ki: “Sizi Pakistanda salamlamaq məndə böyük məmnunluq və şərəf hissi oyadır. Zati-aliləri, bu gün çox məhsuldar təkbətək görüşümüz və sonra geniş tərkibdə görüşümüz oldu. Bu müzakirələrin qarşılıqlı inam və etimad, hər iki ölkənin irəli getməli olduğuna və hələ də kiçik olan, təqribən yüz milyon dollardan az olan və dostluğumuzu, qardaşlığımızı əks etdirməyən ticarət, birgə investisiyalar, birgə əməkdaşlıq sahələrində, qarşlıqlı fayda verən sahələrdə daha yüksək nailiyyətlər qazanmalı olduğuna dair təcililik və sarsılmaz dəstək əsasında aparıldığından çox məmnunam. Əlbəttə ki, münasibətlərimiz onilliklər ərzində davam edir və hər iki ölkə arasında bayaq qeyd olunduğu kimi bu münasibətlər səmimi xarakter daşıyır”.
Çıxış zamanı Pakistan İslam Respublikasının baş naziri Azərbaycanın Qarabağ uğrundakı haqq davasını da dəstəklədiyini qeyd edərək, qələbə münasibətilə ölkə başçısını bir daha ürəkdən təbrik edir. Bundan başqa o, kəşmirlilərin haqq davasının Azərbaycan tərəfindən dəstəkləməsinə görə də ölkə başçımıza öz təşəkkürünü bildirir.Pakistan və Azərbaycan rəhbərləri arasında baş tutan həmin görüş zamanı iki ölkə arasında ticarət məsələləri, əməkdaşlıq və birgə investisiya sahələri də müzakirə edilir.
Rəsmi görüş zamanı Pakistan İslam Respublikasının prezidenti noyabrda Bakıda baş tutacaq COP29 konfransına da xatırladaraq, həmin tədbirin bütün ölkələr üçün əhəmiyyətindən söhbət açdı. İslamabadın abadlaşdırılması istiqamətində azərbaycanlı eksperimentlərin təqdim etdikləri plan da baş nazir tərəfindən hörmətlə qəbul edildi.
Daha sonra ölkə başçımız cənab İlham Əliyev bəyanatla çıxış edərək, öz səmimi istək və arzularını baş nazir M.Ş.Şərifiyə çatdırıb, iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinə münasibətini bildirir: “Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərin əsaslanır. Bu gün Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Biz energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurla əməkdaşlıq etdiyimiz müdafiə sənayesində bir sıra layihələri artıq nəzərdən keçirdik. Beləliklə, biz güclü tərəfdaşlığı nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də quracağıq. Baxın, bu gün nə qədər sənəd imzalandı. Biz həmin sənədlərin mübadiləsinin şahidi olduq”.
Ölkə başçısı İlham Əliyev iki ölkə arasında imzalanmış bu qədər sənədlərin hazırlanması üçün də kifayət qədər vaxtın sərf edildiyini dilə gətirdi. Bundan sonra isə hər iki ölkənin rəhbərliyi üzərinə bu sənədlərin həyata keçirilməsi kimi böyük məsuliyyət düşdüyünü qeyd edən ölkə başçısı təqribən 2 milyardlıq iş planının həyata keçiriləcəyini söylədi. Qeyd etmək lazımdır ki, ilkin mərhələdə güzəştli ticarətlə bağlı 9 maddə müəyyən edilsə də, sonrakı mərhələlərdə həmin maddələrə müəyyən əlavələr də ediləcək. Tarixi qədim əsrlərə dayanan Azərbaycan və Pakistan arasındakı dostluq, qardaşlıq əlaqələri bu gün daha da genişlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə bir çox platformalarda daima bir-birini dəstəkləyir, bütün sahələrdə əlaqələri günü-gündən möhkəmlədir.
PƏRVANƏ TALIBOVA
YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllimi