PDF Oxu

Siyasət

  • 1 211

Azərbaycan – Pakistan: qardaşlıq və strateji tərəfdaşlıq ŞƏRH

image

Azərbaycan və Pakistan qardaşlığı iki xalqın əsrlər boyu mövcud olan dərin hisslərinə söykənir və ortaq tarixi – mədəni əlaqələrlə daha da möhkəmlənir. İkinci Qarabağ müharibəsi zamanı Pakistan, xalqımızın ədaləti bərpa etmək istəyini vurğulayaraq Azərbaycana mühüm siyasi dəstək verdi. Pakistan Azərbaycana qarşı işğalçılıq siyasətinə və təcavüzünə görə Ermənistanla diplomatik əlaqə qurmayan iki dövlətdən biridir. Prezident İlham Əliyev İslamabadda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə birgə mətbuat konfransında “2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əlində Azərbaycan, Pakistan və Türkiyə bayraqları var idi” – deyə bildirmişdir. Bu birlik və dostluğun simvoludur. Müharibənin bitməsindən üç il yarım keçməsinə baxmayaraq, çətin anlarda qarşılıqlı anlaşma və dəstəyə əsaslanan münasibətlərin unikallığını nümayiş etdirən üç bayrağın ölkənin müxtəlif yerlərində yan – yana dalğalandığını hələ də görmək mümkündür.

Azərbaycan öz növbəsində Pakistanın Cammu və Kəşmir məsələsində beynəlxalq hüquq normalarına uyğun ədalətli mövqeyini qeyd – şərtsiz dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində bu məsələnin necə həll edilməli olduğu aydın şəkildə göstərilib, lakin təssüflər olsun ki, BMT qətnamələrinin icrası üçün vahid mexanizmin olmaması bəzən onların icrasına mane olur. Azərbaycan bunu yaxşı başa düşür, çünki Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd – şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilən 4 qətnamə 27 il ərzində yerinə yetirilmədi. Azərbaycan yalnız öz səyləri ilə ədaləti bərpa etdi. 44 günlük Vətən Müharibəsində böyük qələbə Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, qalib ordumuzun şücaəti, qəhrəman şəhidlərimizin qanı və xalqımızın birliyi nəticəsində əldə edildi. Azərbaycanın mətanəti və mərdliyi qardaş Pakistanda da yüksək qiymətləndirilmişdir. Qarabağ və Şərqi Zəngəzurun azad edilməsindən az qala dərhal sonra İslamabad ərazilərin bərpası və yenidən qurulması prosesində Azərbaycana dəstək verməyə hazır olduğunu bəyan etdi. İslamabada səfəri zamanı Azərbaycan Prezidentinə xüsusi ehtiram əlaməti olaraq dövlətimizin başçısının təyyarəsi Pakistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr tərəfindən müşaiət edildi. Bu hadisə bir çox KİV – lər tərəfindən geniş işıqlandırılaraq, ikitərəfli münasibətlərin, o cümlədən müdafiə sahəsində əməkdaşlığın da yüksək səviyyədə olduğu vurğulanmışdır. Pakistan və Azərbaycan arasında hərbi əməkdaşlıq regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində ümuni maraqlara əsaslanır. Hər iki dövlət hərbi – texniki əməkdaşlığı, o cümlədən birgə təlimlər və təcrübə mübadiləsini fəal şəkildə inkişaf etdirir. Bu əməkdaşlıq qarşılıqlı dəstək və milli maraqların müdafiəsi istəyini əks etdirərək ölkələrin müdafiə qabiliyyətini artırır və strateji tərəfdaşlıq əlaqələrini gücləndirir. Azərbaycan, Türkiyə və Pakistan mütəmadi olaraq “Üç Qardaş” adlı birgə hərbi təlimlər keçirir. Xatırladaq ki, bu yaxınlarda Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının iclası çərçivəsində Türkiyə, Azərbaycan və Pakistan liderlərinin görüşü baş tutdu. Ölkələr əməkdaşlığın gücləndirilməsinin regional və qlobal sülhə fayda verəcəyi barədə razılığa gəliblər. Həmin sammitdə üç qardaş ölkə arasında əməkdaşlıq imkanlarını inkişaf etdirmək üçün möhkəm iradənin olduğu bir daha təstiqləndi. Bu yaxınlarda məlum olmuşdur ki, Pakistan Şimal – Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulmağa da hazırdır. Azərbaycan da bu nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır ki, bu da bu istiqamətdə əməkdaşlığın qurulması imkanının olduğunu göstərir.

Ticarət, investisiya, sənaye, enerji, nəqliyyat dəhlizləri – bütün bu sahələr Azərbaycan və Pakistan arasında əməkdaşlığın inkişafı üçün prioritetlərdir. Prezident İlham Əliyevin Pakistana səfəri ikitərəfli münasibətlərdə yeni səhifələr açır, digər ölkələrə iki ölkənin və xalqın daha da yaxınlaşması, o cümlədən bir sıra qlobal əhəmiyyət kəsb edən məsələlərdə ortaq mövqedən çıxış etməyə hazır olması barədə mühüm siqnaldır.

Anastasiya Lavrina

YAP Gənclər Birliyinin üzvü

Digər xəbərlər