Prezident İlham Əliyev:"Müharibədə qalib olmaq, xalqımızın ümidlərini doğrultmaq, eyni zamanda, qurub-yaratmaq - bundan böyük xoşbəxtlik ola bilməz"
44 günlük Vətən müharibəsində Azərbaycan Zəfər qazandı və vaxtilə "Qarabağ Ermənistandır", - deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur. Qısa bir zamanda 30 ilə yaxın işğalda olan torpaqların bərpası, yenidən qurulması prosesinə başlanıldı. 2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət proqramı"na müvafiq olaraq, işlər planlı və ardıcıl həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərə səfərləri çərçivəsində bir sıra məkanlarda təməlqoyma mərasimləri, yeni müəssisələrin və s. açılışı buralarda aparılan abadlıq-quruculuq işlərinin sürətindən, davamlığından və genişmiqyaslığından xəbər verir. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədi ilə bütün güclər səfərbər olunub və görülən işlərə dövlət başçımızın şəxsən nəzarət etməsi, onu deməyə əsas verir ki, tezliklə işğaldan azad edilən ərazilərimiz cənnətə çevriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarını birində bildirdiyi kimi, "Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl". Bu ərazilərdə görülən işlər bu fikirləri bir daha təsdiqləyir.
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir. Bu ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərimizin hər biri, məhz Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağalı kimi müasir məkana çevrilir və buranın əzəli sakinləri rahat, təhlükəsiz bir şəraitdə bu yerlərdə əbədi olaraq yaşayacaqlar. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir ki, istəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək.
ƏZƏLİ TORPAQLARA AÇILAN YOLLAR
Bildiyimiz kimi, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdışın ilk karvanı yola düşmüşdü. Birinci, İkinci, Üçüncü Ağalı kəndləri 2020-ci ilin oktyabrın 28-də işğalçılardan azad edildi və altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu. Böyük Qayıdışın ilk sorağı Ağalı kəndinə əhalinin köçürülməsi oldu. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi əsasən, daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediliblər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində və digər yerlərdə çalışırlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair mövcuddur. Daha sonra Tərtər rayonunun Talış kəndinə köç başladı. Artıq yollar açılıb. Əzəli sakinlərin əzəli torpaqlarına yol aldıqları yollar. Bir zamanlar doğma yurdlarından didərgin düşənlər Talış kəndi ilə sakinləri görüşüblər. Evlərin daxilində kommunikasiya sistemi çəkilib, hər bir ev mətbəx mebeli ilə təchiz edilib. Məişət avadanlıqları sakinlərin köçürülməsindən öncə qurulub, tam hazır və işlək vəziyyətə gətirilib. Kəndarası yollar da yenidən qurulur. Yolların işıqlanması günəş panelləri ilə çalışan işıq dayaqları vasitəsilə həyata keçiriləcək. "Bu, doğrudan da böyük xoşbəxtlikdir. Həm müharibədə qalib olmaq, xalqımızın ümidlərini doğrultmaq, eyni zamanda, qurub-yaratmaq-bundan böyük xoşbəxtlik ola bilməz", - deyən Prezident vurğulayıb ki, bu, bir daha xalqımızın böyüklüyünü göstərir ki, xalqımız doğrudan da uzun illər ərzində əyilmədi və öz kimliyini unutmadı. Necə ki, füzulililərdə öz əzəli torpaqlarına qovuşurlar.
CƏBRAYIL BAŞ PLANA UYĞUN QURULUR
İşğaldan azad olunan digər ərazilərimiz kimi, bu gün Cəbrayıl şəhəri yeni dövrünü yaşıyır. Məlumdur ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Cəbrayıl şəhərini və rayonun kəndlərini dağıdıb, mədəni, tarixi, dini abidələri, qəbiristanlıqları yerlə bir edib, ekoloji terror törədib. Rayon ərazisində olan 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılıb. Azərbaycan Ordusunun sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində aparılan uğurlu döyüş əməliyyatları ilə Cəbrayıl şəhəri erməni işğalından azad edilib. Onu da qeyd edək ki, Cəbrayıl şəhəri işğaldan azad olan ilk şəhər kimi tarixə düşdü. Erməni vandalları, təcavüzkarları tərəfindən dağıdılmış əraziləri yenidən qurmaq böyük güc, potensial və zaman tələb edir. Bu gün Cəbrayılda çoxsaylı bərpa və quruculuq işləri görülmüş, bu işlər bu gün də sürətlə davam etməkdədir.
Cəbrayılın işıqlı gələcəyi üçün təməllər də qoyulub. Dövlət başçımız tərəfindən rayonun Karxulu kəndinin təməli qoyulub. Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Karxulu kəndi şimaldan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti ilə əhatə olunub. 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir və bu müddət ərzində kənddə 4428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulur.
Kənddə inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, kiçik sahibkarlıq obyektləri inşa olunacaq. Bundan başqa, Baş plana müvafiq olaraq, kənddə əhalinin tələbatına uyğun iki tam orta məktəb və dörd uşaq bağçası tikiləcək.
2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət Proqrammı"na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 125 hektardır. Bu mərhələdə 691 sakin üçün 145 fərdi evin layihələndirilməsi və tikintisi nəzərdə tutulub.
Cəbrayıl rayonunda Sarıcallı kəndinin də təməli qoyulub. Sarıcallı kəndi şimaldan yeni salınan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, şimal-şərqdən Şükürbəyli kəndi, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti, cənub-qərbdən və qərbdən Soltanlı kəndi ilə əhatə olunub. Baş planda kəndin ümumi sahəsi 330 hektar təşkil edir. 2040-cı ilədək 4740 nəfər əhali üçün 1185 fərdi evin və bir neçə mərtəbəli bloklu binaların layihələndirilməsi nəzərdə tutulur. Burada inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, yanğınsöndürmə deposu, aqrotexniki park, mərasim evi, kənd bazarı, kiçik sahibkarlıq obyektləri tikiləcək.
DAYANIQLI SÜLHƏ VƏ TƏRƏQQİYƏ ƏSASLANAN NÜMUNƏVİ YENİ MƏRHƏLƏ
Ölkə Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin daha da vüsət almasına böyük təkan verir. Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Yaşıl enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı layihələr həllini tapır. İşğaldan azad edilən ərazilərdə yaşıl enerji zonasının yaradılması, rayonların karbonsuz zonaya çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində hər birinin gücü 10,5 meqavat olmaqla dörd yerdə ümumi gücü 42 meqavat olan "Zəngilan" Su Elektrik stansiyaları silsiləsi layihələndirilərək qısa vaxt ərzində tikilib. İşğaldan azad edilən ərazilərdə ən böyük silsilə su elektrik stansiyası olan Zəngilan silsiləsindən "Cahangirbəyli" SES 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. "Şayıflı" və "Zəngilan" SES-lər açılışa hazır vəziyyətə gətirilib, "Sarıqışlaq" SES-də isə işlər başa çatdırılıb. Araz çayının sol qolu olan Oxçuçay üzərində inşa edilən SES-ləri su ilə təmin etmək üçün dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Hər birinin gücü 10,5 meqavat olmaqla ümumi gücü 21 meqavat olan "Zəngilan" və "Şayıflı" SES-lər üçün maşın zalları tikilib. Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək "Zəngilan" və "Şayıflı" SES-lərdə rəqəmsal qaydada məlumatların axını mərkəzə ötürülməklə yanaşı, məsafədən idarəedilməsi təmin olunub. Hər iki SES-lərdə il ərzində hər birində 30 milyon kilovat-saat olmaqla, ümumilikdə 60 milyon kilovat-saat yaşıl enerji istehsal ediləcək və bununla da 14 milyon kubmetr qaza qənaət edilməklə yanaşı, atmosferə atılan karbon qazının (CO2) həcmi 28 min ton azalacaq.
"BEYNƏLXALQ MÜSTƏVİDƏ ÖZ SÖZÜMÜZÜ DEMİŞİK, BÖLGƏDƏ ÖZ SÖZÜMÜZÜ DEMİŞİK"
Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı layihələrin reallaşlmasına imkan verir. Zaman və görülən işlər bunu göstərir ki, ədaləti bərpa edən Azərbaycan bölgədə sülh və təhlükəsizliyə əsaslanan siyasətini uğurla davam etdirərək, Böyük quruculuq-abadlıq işlərini də uğurla davam etdirir. Azərbaycanın əzəli, tarixi torpaqları işğaldan azad olunub. "Bizim ölkəmiz üçün yeni dövr başlayır", - deyən dövlət başçımız bildirib: "Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir".
Zümrüd BAYRAMOVA