Siyasət

  • 504

Azərbaycan və Pakistan bütün məsələlərdə bir-birinin yanındadır ŞƏRH

image

Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətləri ilə ikitərəfli əlaqələri onu qitələrarası qovşağa çevirir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.

Azərbaycan və Pakistan bütün sahələrdə olduğu kimi, humanitar sahədə əməkdaşlığa da böyük önəm verir. İki ölkə arasında humanitar sahədə əməkdaşlıqda, heç şübhəsiz, Heydər Əliyev Fondu böyük rol oynayır. Heydər Əliyev Fondu tərəfindən Pakistanda bir çox sosialyönümlü humanitar layihələr həyata keçirilib. Belə ki, Fondun təşəbbüsü və dəstəyi ilə pulsuz tibbi diaqnostika və əməliyyatlar aparılıb, tibb müəssisələrinin və su təchizatı sistemlərinin tikintisinə töhfələr verilib, xeyriyyə tədbirləri təşkil edilib. 2008-ci ildə Fond tərəfindən Pakistanda zəlzələdən zərər çəkmiş qızlar üçün orta məktəb tikilib və məktəb 2012-ci ildə əsaslı təmir edilib. 2010-cu ildə Pakistanda baş vermiş sel fəlakətinin nəticələrinin aradan qaldırılmasına da ölkəmiz öz maddi dəstəyini göstərib. Bu sıralamanı xeyli sayda davam etdirə bilərik. Bu müstəsna xidmətlərinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2013-cü ildə Pakistanın nüfuzlu “Könüllü qadınlar” təşkilatı və “Daily Times” qəzeti tərəfindən “Humanizmin Simvolu - 2012-ci İlin Qadını” mükafatı ilə təltif olunub. 2015-ci ildə isə Pakistanın keçmiş Prezidenti Məmnun Hüseyn Mehriban xanım Əliyevanı “Hilal-e Pakistan” ali ordeni ilə təltif edilməsinə dair Sərəncam imzalayıb. Mehriban xanım Əliyeva bu orden ilə təltif olunan ilk birinci xanımdır.

Humanitar sahədə əməkdaşlıq sonrakı illərdə də davam etdirilir. 2019-cu ilin aprelində Heydər Əliyev Fondu Müzəffərabad şəhərindəki Rara qızlar məktəbinə hədiyyələr göndərib. Həmin il, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistan Milli Kitabxanasında “Azərbaycanşünaslıq Mərkəzi” fəaliyyətə başlayıb. 2021-ci ildə Pakistanın Xeybər Paxtunxva əyalətinin mərkəzi Peşəvər şəhərinin Universitet şəhərciyindəki prospektə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adlı verilib. Həmin ilin iyul ayında isə Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub. Dost ölkələrimizin elm və ali təhsil müəssisələri arasında da uğurlu əməkdaşlıq həyata keçirilir.

Təkcə bir sahədə əməkdaşlığın təhlili bu fikri böyük əminliklə söyləməyə əsas verir ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Azərbaycanın Vətən müharibəsində Qələbəsi, antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli, çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Prezident İlham Əliyevin bu günlərdə Pakistana dövlət səfəri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət gətirərək qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsini təmin edəcək. Cənab İlham Əliyev bildirdi ki, bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri möhkəm bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. İrəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq.

Prezident İlham Əliyev bu mühüm məqamı da xüsusi vurğuladı ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə bildirdi ki, bir birimizdən uzaqda yaşasaq da qəlblərimiz bir yerdə döyünür. Biz bir yerdə düşünürük, ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq.

Göründüyü kimi, iki dost, qardaş ölkə möhkəm təmələ əsaslanan münasibətlərinin yeni istiqamətlər üzrə uğurlu inkişafını təmin etmək üçün səylərini daha da artırır. Qarşılıqlı səfərlər hədəflərə yüksək səviyyədə nail olmağa geniş imkanlar açır.

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Digər xəbərlər