Siyasət

  • 868

Qardaşlıq əlaqələrimizdə həlledici məqam

image

Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması, inkişaf etdirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz qabağındadır. Son zamanlar reallaşdırılan qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın dərinləşməsində əhəmiyyətli rol oynayır. Bu günlərdə dünyanın diqqəti dövlət başçısı İlham Əliyevin Pakistana dövlət səfərinə yönəldi. İki ölkənin dostluğu, qardaşlığı bu gün yeni istiqamətlərdə uğurla inkişaf edir.

Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, dünya 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan dostluğunun, qardaşlığının şahidinə çevrildi. Tarixi Zəfərimizdən sonra bu birliyin, dostluğun möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlı xarakter daşıyır. Belə ki, 2021-ci ilin iyun ayında Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və müttəfiqliyinin rəsmiləşdirilməsi məqsədilə Şuşa Bəyannaməsinin, iyul ayında isə Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Bakıda toplaşaraq Bakı Bəyannaməsini imzalamaları əlaqələrin sonrakı inkişafının yol xəritəsi oldu. Üçtərəfli formatda davam edən əməkdaşlıq platforması genişlənərək bütün sahələri əhatə edir. İllərdən bəri Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirləri, habelə müdafiə nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur. Parlamentlər səviyyəsində platformanın yaranması təklifi Azərbaycana məxsus idi. Hədəf üç ölkənin parlamentləri arasında əməkdaşlığı və əlaqələri inkişaf etdirmək, gücləndirməkdir. Tərəflər bu Bəyannamə çərçivəsində beynəlxalq platformalarda birlikdə hərəkət etməyi nəzərdə tuturlar. Bu günə qədər də Azərbaycan millət vəkillərinin olmadığı beynəlxalq platformalarda Türkiyə deputatları Azərbaycanın maraqlarını müdafiə edirlər. Azərbaycanlı deputatlar da Türkiyə millət vəkillərinin olmadığı platformalarda eyni mövqedən çıxış ediblər. Üç ölkə arasında iki və çoxtərəfli səviyyədə parlamentlərarası dialoq və əməkdaşlığın parlamentlərdəki daimi komitələr, dostluq qruplarının iştirakı ilə inkişaf etdirilməsi sənəddə nəzərdə tutulan əsas şərtlərdən biri idi.
Onu da qeyd edək ki, hazırda mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri Azərbaycan və Pakistan arasında əməkdaşlığın yeni və daha güclü formatlarda inkişaf etdirilməsidir. Bu baxımdan bu günlərdə Astanada keçirilən “ŞƏT plyus” formatında görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunan üçtərəfli görüş diqqətdən kənarda qalmadı. Azərbaycan, Pakistan və Türkiyə arasında bütün tərəflərin qarşılıqlı maraqlarına xidmət edən və regional güc birliyini şərtləndirən bu əməkdaşlıq mexanizmi və həmin görüşdə müzakirə olunan məsələlər ölkələrimiz arasında əlaqələrin bütün sahələri əhatə etdiyini göstərir.
Azərbaycan Prezidentinin və Pakistanın Baş nazirinin mətbuata birgə bəyanatlarına diqqət yetirdikdə bu mühüm məqam hər birimizi qürurlandırır ki, söylənilən fikirlərin mahiyyətində iki qardaş ölkənin münasibətlərinin qarşılıqlı etimada, hörmətə və səmimiyyətə əsaslanması dayanır. Pakistanın Baş nazirinin Prezident İlham Əliyevin liderliyinin və böyük səylərinin nəticəsi olaraq Azərbaycanın inkişafı ilə bağlı səsləndirdiyi səmimi fikirlər diqqətdən kənarda qala bilməz. Səfəri qardaşlıq əlaqələrimizdə həlledici məqam kimi dəyərləndirən Pakistanın Baş naziri bildirdi ki, bu səfər, həqiqətən də iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın tamamilə yeni dövrünü açacaq: “Mən qeyd etmək istərdim ki, bir qədər əvvəl sizin burada əyləşən ekspertlərinizdən biri tərəfindən hazırlanmış İslamabadın abadlaşdırılması planı təqdim olundu… Biz bu cür planları bəzən İstanbuldan nümunə götürürdük, indi isə Bakıdan nümunə götürürük.”
Səfər çərçivəsində keçirilən görüşlərdə ənənəvi və bərpaolunan enerji sahəsində mövcud imkanlar geniş müzakirə edildi, hədəflər açıqlandı. Hazırkı dövrün əsas çağırışları sırasında bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması olduğunu nəzərə alsaq iki dost ölkənin bu sahədə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı müzakirələri münasibətlərin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Müdafiə sənayesi, təhsil sahəsində əməkdaşlıq da əsas prioritetlər sırasındadır. Ümumilikdə dost ölkələr bütün sahələrdə əməkdaşlığın dərinləşməsində maraqlıdırlar və bunu əməli fəaliyyətləri ilə təsdiqləyirlər. Görüşlərdə diqqət Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29-a yönəldildi. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif dövlət başçısı İlham Əliyev ilə birgə mətbuata bəyanatında belə bir əminliyi ifadə etdi ki, COP29 inkişaf etməkdə olan bütün ölkələr, o cümlədən Pakistan üçün mühüm beynəlxalq tədbir olacaq: “Biz əminik ki, Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə, İnşallah, COP29 Pakistan kimi inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi məsələləri ilə bağlı nəticələrə nail olacaq.”

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri

Digər xəbərlər