PDF Oxu

Siyasət

  • 2 003

Azərbaycan – Pakistan münasibətləri qarşılıqlı dəstək üzərində qurulub ŞƏRH

Azərbaycan – Pakistan münasibətləri qarşılıqlı dəstək üzərində qurulub ŞƏRH

Son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması ölkəmizin müxtəlif dövlətlərlə münasibətlərinə də müsbət təsir göstərir, əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Ötən bir neçə il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif nüfuzlu beynəlxalq tədbirlərə dəvət alması, bir sıra tədbirlərdə fəxri qonaq qismində iştirak etməsi ölkəmizin artan rolunun və çəkisinin əyani təsdiqidir. Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətləri ilə ikitərəfli əlaqələri onu qitələrarası qovşağa çevirir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.

Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib, Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. Bir məqamı da xüsusi qeyd etməliyik ki, 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib.

İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o zamankı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya rəsmi səfər edib, bir il sonra - 1996-cı ilin aprelində isə Ulu Öndər Heydər Əliyevin dost ölkəyə rəsmi səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyıb.

Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Dövlətimizin başçısının 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci il 28 fevral-1 mart tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirib.

Azərbaycan və Pakistan bütün sahələrdə olduğu kimi, humanitar sahədə əməkdaşlığa da böyük önəm verir. Azərbaycan Hökuməti Pakistanda fövqəladə halların yaratdığı fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə indiyə qədər 9 milyon ABŞ dollarından çox yardım edib. İki ölkə arasında humanitar sahədə əməkdaşlıqda, heç şübhəsiz, Heydər Əliyev Fondu böyük rol oynayır. Heydər Əliyev Fondu tərəfindən Pakistanda bir çox sosialyönümlü humanitar layihələr həyata keçirilib. Belə ki, Fondun təşəbbüsü və dəstəyi ilə pulsuz tibbi diaqnostika və əməliyyatlar aparılıb, tibb müəssisələrinin və su təchizatı sistemlərinin tikintisinə töhfələr verilib, xeyriyyə tədbirləri təşkil edilib, əlilliyi olan şəxslər əlil arabaları ilə təmin olunub və digər xeyriyyə layihələri həyata keçirilib. 2008-ci ildə Fond tərəfindən Pakistanda zəlzələdən zərər çəkmiş qızlar üçün orta məktəb tikilib və məktəb 2012-ci ildə əsaslı təmir edilib. 2010-cu ildə Pakistanda baş vermiş sel fəlakətinin nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Pakistana 1 milyon, 2011-ci ildə 2 milyon ABŞ dolları həcmində maddi yardımlar edib. 2012-2018-ci illərdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə Həmzə Xeyriyyə Fondu xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunub, 1 ədəd təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi təqdim edilib, Xayber Göz Fondunun yeni blokunun və gözləmə otaqlarının tikintisi üçün maddi yardımlar göstərilib, Dera İsmayıl Xan bölgəsində Heydər Əliyev Su Təchizatı sistemi yaradılıb.

Bu müstəsna xidmətlərinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2013-cü ildə Pakistanın nüfuzlu “Könüllü qadınlar” təşkilatı və “Daily Times” qəzeti tərəfindən “Humanizmin Simvolu - 2012-ci İlin Qadını” mükafatı ilə təltif olunub. 2015-ci ildə isə Pakistan Prezidenti Məmnun Hüseyn Mehriban xanım Əliyevanı “Hilal-e Pakistan” ali ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb. Mehriban xanım Əliyeva bu orden ilə təltif olunan ilk birinci xanımdır. Pakistan Prezidenti Məmnun Hüseyn sözügedən ordeni 2015-ci il martın 11-də ölkəmizə rəsmi səfəri zamanı Mehriban xanım Əliyevaya təqdim edib.

Bu sahədə əməkdaşlıq sonrakı illərdə də davam etdirilib. 2019-cu ilin aprelində Heydər Əliyev Fondu Müzəffərabad şəhərindəki Rara qızlar məktəbinə hədiyyələr göndərib. Həmin ilin mayında Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistan Milli Kitabxanasında “Azərbaycanşünaslıq Mərkəzi” fəaliyyətə başlayıb. 2021-ci ilin iyununda Pakistanın Xeybər Paxtunxva əyalətinin mərkəzi Peşəvər şəhərinin Universitet şəhərciyindəki prospektə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adlı verilib. Həmin ilin iyul ayında isə Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub. 2023-cü ilin dekabrında Pakistanın Milli Elm və Texnologiya Universitetində (NUST) Heydər Əliyev adına auditoriya açılıb.

Dost ölkələrimizin elm və ali təhsil müəssisələri arasında da uğurlu əməkdaşlıq həyata keçirilir. Bakı Dövlət Universiteti ilə Pəncab Universiteti, ADA Universiteti ilə Pəncab, İqra, Sialkot, Milli Elm və Texnologiya universitetləri, Azərbaycan Milli Elmlər Akademiyası ilə Lahor Dövlət Kolleci Universiteti, Azərbaycan İlahiyyat İnstitutu ilə Pakistanın Müslüm İnstitutu arasında əməkdaşlıq əlaqələri mövcuddur. Həmçinin Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzi, Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin Urdu dili kafedrası, Pakistan Milli Kitabxanasında Azərbaycanşünaslıq Mərkəzi, Pakistan Milli Kitab Fondunda Nizami Gəncəvi guşəsi və Pakistan Müasir Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, Pakistanın Lahor Dövlət Kolleci Universitetində Azərbaycan-Urdu Elmi Mərkəzi fəaliyyət göstərir. 2023-2024-cü tədris ilində 543 Pakistan vətəndaşı ölkəmizin ali təhsil müəssisələrində təhsil alıb.

Beləliklə, əminliklə deyə bilərik ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Azərbaycanın Vətən müharibəsində Qələbəsi və antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Prezident İlham Əliyevin Pakistana dövlət səfəri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət gətirərək, qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsini və uzunmüddətli vədədə dərinləşməsini təmin edəcək.

Cavid MUSTAFAYEV,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədr müavini

Digər xəbərlər