11 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pakistan İslam Respublikasına səfər edib. Dövlət səfəri zamanı İslamabadda ölkəmizin başçısı cənab İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.
İki ölkə arasında münasibətlərin inkişafı üçün Ulu öndər Heydər Əliyev böyük xidmətlər göstərib. Ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də Pakistan olub. 1992-ci il tarixində diplomatik əlaqələr qurulub. Bakıda Pakistan səfirliyi 1993-cü il tarixində, 1997-ci il tarixində isə Azərbaycan İslamabadda öz diplomatik missiyasına başlayıb. Hazırda bu siyasət cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir.
27 sentyabr 2020-ci il tarixində Ermənistanın hərbi təxribatında Pakistan birmənalı olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci il noyabr ayında Qələbəmizi qeyd edərkən xalqın əlində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətləri unikal edir. Bu gün isə praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır. Dövlətimizin başçısı cənab İlham Əliyev də öz çıxışında hər zaman Kəşmir məsələsinə toxunaraq bildirmişdir: “Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra müxanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq”.
Azərbaycan-Pakistan əməkdaşlığı həm Mərkəzi Asiya, həm Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsinə də təkan verəcək. Azərbaycan-Pakistan-Türkiyə arasında hərbi, iqtisadi-ticarət və siyasi sahələrdə əməkdaşlıq bu zəncirin böyüməsinə, inkişafına səbəb olacaqdır.
Dövlətlər arasındakı yüksək səviyyəli siyasi-diplomatik münasibətlər xalqlar arasındakı qarşılıqlı əlaqələrin də genişlənməsi zərurətinə stimul verir. Hər iki dövlətin mədəniyyət, elm və təhsil sahəsindəki əməkdaşlığı da bu amillər sırasındadır. Qarşılıqlı əlaqələrin inkişafında birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da rolu vardır. Fond tərəfindən həyata keçirilən layihələr maraqla qarşılanır. Pakistanda bir sıra mühüm layihələr həyata keçirilib, məktəblər təmir edilib, tibbi müəssisələrə tibbi avadanlıqlarla köməkliklər göstərilmişdir. 2015-ci il tarixində isə Pakistan İslam Respublikasının prezidenti tərəfindən birinci vitse-prezident Mehriban xanım Əliyevaya Pakistanın ali dövlət mükafatı – “Hilal-e-Pakistan” ordeni təqdim olunub.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini