“İnkişaf edən İran-Azərbaycan münasibətləri fondunda bu ölkənin Türk Ölkələri Təşkilatına üzv olmaq ehtimalı yüksəkdir. Məlumdur ki, TDT-yə şərqi Avropa dövlətlərindən, hətta Macarıstan da müşahidəçi qismində üzv qəbul olub. İran isə Azərbaycanın qonşusudur. İran-Azərbaycan münasibətlərinin bugünkü səviyyəyə, konstruktiv əməkdaşlıq səviyyəsinə qalxmasında Prezident İlham Əliyevin çox böyük rolu olub, qarşı tərəf bu xoş niyyətə müsbət yanaşıb və nəticədə biz İranla Azərbaycan arasında müəyyən dövrlərdə gərginliklərin olmasına baxmayaraq bütün bunların öhdəsindən gəlinib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib. Onun sözlərinə görə, bu gün faktiki Zəngəzur dəhlizinə alternativ olaraq İran, Azərbaycanla Türkiyə arasında yol bağlantısına öz ərazisindən razılıq verən ölkədir: “Bu isə dolaysı ilə Türk ölkələri arasında quru bağlantıya verilən bir töhfədir. Türk dövlətləri arasında iqtisadi və ticari əməkdaşlıq, eyni zamanda İran ərazisindən keçən yol bütövlükdə regionun, Avrasiya qitəsinin inkişafına xidmət edəcək. Ona görə hesab edirəm ki, Türk ölkələri arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsinə töhfə verən bir ölkənin TDT-yə ən azı ilkin mərhələdə müşahidəçi qismdə üzv olması tam məntiqəuyğun bir addım olardı və İranın bu təşkilatda təmsil olunması regional kommunikasiyaların inkişafı və iqtisadi tərəfdaşlığa öz töhfəsini vermiş olar”.
Ləman Sərraf