“Ermənistan hələ də nələrəsə ümid edir. Erməni cəmiyyəti hər zaman problemlərini və ya reallığa uyğun olmayan ambisiyalarını xaricdən müəyyən dövlətlərin, dairələrin hesabına həll edib. Onların sayəsində vaxtilə Cənubi Qafqaza köçürüldü, 1918-ci ildə Azərbaycan torpaqlarında dövlət yaratdı. Həmin o dəstək nəticəsində Azərbaycan torpaqlarını mənimsədi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, müstəqil Azərbaycanın gücü, liderinin qətiyyəti və uzaqgörən siyasəti 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi: “Ermənistan hələ də işğal etdiyi torpaqları itirdiyi ilə razılaşa bilmir. Buna görə də ümid edir ki, xaricdən Azərbaycana siyasi təzyiqlər olacaq və bunun vasitəsilə Azərbaycan üzərində müəyyən üstünlüklərə nail olacaq. Həmçinin ümid edir ki, müəyyən dövlətlər onu silahlandırmaqla 90-cı illərin abu-havası ilə yenidən Azərbaycan torpaqlarını nəzarətə götürəcək. Ancaq Ermənistan səhv edir. Ermənistan unudur ki, Azərbaycan dövlət müstəqilliyini qorumaq üçün suveren hüquqlarından maksimum istifadə edir. Azərbaycanın güclü dövlətçiliyi, silahlı qüvvələri, xalq-hakimiyyət birliyi var. Azərbaycan beynəlxalq çərçivədə ona aid olan hüquqlarını bərqərar edib və daim möhkəmləndirir. Ermənistanın sülh müqaviləsi ilə bağlı vaxt uzatmasının zərbəsi isə ilk növbədə özünə dəyəcək”.
Müəllif: Səbinə Hüseynli