Dövlət başçısının Sərəncamı ilə 25 şəhər və rayonda açıq meydançaların tikintisinə 1,9 milyon (bir milyon doqquz yüz min) manat vəsait ayrılıb
Son illər Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar Azərbaycan dövlətinin inkişafına, onun sosial-iqtisadi bazasının yüksəlməsinə, regionların sosial-iqtisadi inkişafına, insanların rifah halının yüksəldilməsi istiqamətində islahatların həyata keçirilməsinə və s. yönəlmişdir. Bu Sərəncamlar dövlətin təməlinin daha da möhkəmlənməsinə, Azərbaycanın dünyaya inteqrasiya tempinin artmasına töhfələrini verir. Azərbaycanda insanların sağlamlığı da daim diqqətdə saxlanılır. Prezident İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq ölkənin bütün sahələrində, eləcə də sağlam nəslin yetişməsi istiqamətində böyük nailiyyətlər əldə olunub. Artıq Azərbaycanda bir sıra məkanlarda "Sağlam məhəllə"lər yaradılır. İnsanların sağlamlığı, idmanın kütləviliyinə yönələn layihə eyni zamanda infrastrukturun genişləndirilməsi baxımından da önəmli rola malikdir. Bütün bunlar əhalinin sağlam həyat tərzinə cəlbi, gənclərin asudə vaxtının səmərəli təşkili və ümumilikdə idmanın inkişafına hesablanıb.
Bu günlərdə əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev "Sağlam məhəllə" layihəsinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, "Sağlam məhəllə" layihəsi çərçivəsində cari ildə 25 şəhər və rayonda açıq meydançaların tikintisi və avadanlıqla təchizatı işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,9 milyon (bir milyon doqquz yüz min) manat vəsait ayrılıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcəkdir.
"Sağlam məhəllə"nin yaradılması insanların sağlamlığı və idmanın kütləviliyinə yönələn bir layihədir. Gənc nəslin sağlam ruhda böyüməsində bu önəmli addımlardandır. Sağlam məhəllələrdə mini futbol və basketbol meydançaları salınır, habelə çoxsaylı fitnes avadanlıqları quraşdırılır.
İDMANININ İNKİŞAFI GƏNC NƏSLİN SAĞLAMLIĞIDIR
Əlbəttə ki, gənclərin sağlam ruhda böyüməsində idmanın rolu əvəzsizdir. Sovet dövründə Azərbaycanda idman və bədən tərbiyəsi özünün inkişaf mərhələsinə Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etməsindən sonra qədəm qoymuşdur. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan idmanının inkişafı və gənc nəslin sağlamlığı üçün əhəmiyyətli addımlar atılmışdır. Ümumilli Liderin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Belə ki, təkcə Bakıda 1975-ci ildə 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə respublikanın paytaxtında möhtəşəm idman sarayının təməli qoyulmuşdu. 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi.
Müstəqilliyimizin ilk illərində ölkəmizin düşdüyü böhranlı vəziyyət idmanı da tənəzzülə uğratmışdı. Amma Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra idmana münasibət kökündən dəyişdi. İdmanın inkişafı, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi məsələləri dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Qısa bir zamanda Azərbaycanda idmanın inkişafı sahəsində mühüm nailiyyətlər əldə edildi. İdmançılarımız ən mötəbər yarışlardan vətənə qızıl medallarla qayıtmağa başladılar. Qısa zaman kəsiyində Azərbaycan idmançılarının qazandığı qızıl medalların sayı 70 illik sovet dövründə qazandığımız qızıl medalların sayını ötüb keçdi. Ümummilli Lider Heydər Əliyev fiziki tərbiyə və idmanın inkişafına çox böyük diqqət ayırmış və çıxışlarının birində belə demişdir: "İdmanın və bədən tərbiyəsinin inkişafı üçün görülən işlər, gələcəkdə görəcəyimiz işlər, dövlətin və hökumətin siyasətinin əsas istiqamətlərindən biridir".
"İDMANÇILARIMIZIN UĞURLARI BİZİM İDMAN ŞÖHRƏTİMİZİ DAHA DA YÜKSƏKLƏRƏ QALDIRIR"
Müxtəlif idman yarışlarının keçirilməsi üçün ölkəmizdə hər cür imkanlar yaradılıb. Son illərdə dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilən Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilib. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Bu yarışların Azərbaycanda keçirilməsi bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. Dünyaya əminliklə bəyan etdiyi gücünü, qüdrətini və təhlükəsizlik tədbirlərinə cavabdehliyini göstərib. Cənab Prezident çıxışlarının birində idman sahəsində görülən işlərin gəncləri həvəsləndirdiyini diqqətə çatdırıb: "Ümumiyyətlə, hesab edirəm ki, idman sahəsində görülən işlər gəncləri də həvəsləndirir. Azərbaycan gənclərinin idmana böyük maraq göstərməsi bizi sevindirir. Əlbəttə ki, görkəmli idmançılarımızın uğurları bizim idman şöhrətimizi daha da yüksəklərə qaldırır".
Ölkəmiz keçirilən bütün beynəlxalq idman yarışlarına tam hazır vəziyyətdədir. Belə yarışların keçirilməsi və idmançılarımızın bu və ya digər yarışlarda qalib olması onu göstərir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. Ölkəmizin mötəbər idman yarışlarını keçirməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Ölkəmizdə müasir tələblərə cavab verən möhtəşəm idman qurğuları fəaliyyət göstərir. Bütün bunlar, Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür. Azərbaycanın mötəbər idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi etməsi bu sahənin, eləcə də həmin idman növlərinin inkişafına, idmanın kütləviliyinin təmin olunmasına xidmət edir.
Əlbəttə ki, bu gün Azərbaycanda idmanın inkişafı ən yüksək dövrünü yaşayır. İdmanın bugünkü inkişaf səviyyəsi Azərbaycan Prezidenti İlham Əliyevin həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi bu sahəyə ayırdığı diqqətin nəticəsidir. İdmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib və dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş kimi qəbul olunur. Vurğulamaq yerinə düşər ki, ölkəmizin idman sahəsində əldə etdiyi uğurlar beynəlxalq idman təşkilatları tərəfindən maraqla qarşılanır və ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilir.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticəsini verib. Müxtəlif idman növləri - güləş, futbol, intellektual oyunlar, şahmat və s. növlərdə Azərbaycan Avropanın və dünyanın diqqətindən kənarda qalmayıb. Müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində, ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilməklə yanaşı, idmançılarımız mötəbər yarışların qalibi olub.
Son 20 ildə Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri müxtəlif növ yarışların keçirilməsinə imkan verir. İndi, nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya idman kompleksləri fəaliyyət göstərir. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunub. Yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı və s. keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi, inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. İlk Avropa Oyunlarının da Bakıda keçirilməsi böyük nailiyyət oldu. "Bakı - 2015" Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açdı. Dünyanın 17 gün ərizində izlədiyi bu elit Oyunlarda xalqımızın tolerantlığı, sülhsevərliyi, qonaqpərvərliyi dünyaya nümayiş etdirildi. "Bakı-2015" ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixiləşdi. İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qələbələri də yaddaqalan oldu. Bu idman, dostluq və qardaşlıq bayramına çevrilən oyunlar bir daha Azərbaycanın gücünü göstərdi. Azərbaycan 2015-ci ildə Avropa Oyunlarında ikinci, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə layiq görüldü. Paytaxt Bakıda keçirilən yarım əsrdən artıq tarixi olan "Formula 1" idman tarixində yeni maraqlı səhifəyə çevrildi. İlham Əliyev "Ölkəmizdə keçirilmiş və bundan sonra keçiriləcək idman yarışları da müntəzəm xarakter almalıdır. Çünki ölkəmizin həm imkanları, həm Azərbaycanda qonaqpərvərlik, idman infrastrukturunun mövcudluğu sayəsində biz bütün istənilən idman yarışını keçirə bilərik, - deyərək bildirib ki, Avropa Oyunlarında 5 mindən çox idmançı iştirak edirdi və onların bir çoxu qeyd edirdi ki, bu Oyunlar Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilir.
Bütün bu uğurlar onu göstərir ki, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini dövlətimiz daim diqqət mərkəzində saxlayır. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir.
Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da öz çiçəklənmə dövrünü yaşayır. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması və olimpiya idman komplekslərinin inşa edilərək xalqımızın ixtiyarına verilməsi bunun təzahürüdür.
Əlbəttə ki, hər bir gənc milli-mənəvi dəyərlərə, ənənələrə sahib olmalıdır. Onların vətənpərvər gənc kimi böyümələri vacib amillərdəndir. Biz 44 günlük Vətən müharibəsində gənclərimizi necə yüksək vətənpərvər olduqlarını gördük. Vətən qarşısında ən müqqəddəs borcu verərək qanı-canı bahalarına torpaqlarımızı işğaldan azad etdilər. "Əlbəttə ki, İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyə işində əsas rol oynamalıdır", - deyən Cənab Prezident 44 günlük Vətən müharibəsinin hər gününün bizim üçün əziz, doğma olduğunu bildirib: "Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar. Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var. Uzun illər Azərbaycan işğala məruz qalmış ölkə, biz azərbaycanlılar isə düşmən tərəfindən öz doğma torpağından didərgin salınmış xalq kimi yaşamışıq, əzab-əziyyət içində yaşamışıq, fiziki və mənəvi əzablar içində yaşamışıq. Biz buna son qoyduq. Bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi, qürurlu insanlar kimi əbədi yaşayacağıq".
"NƏSİLLƏR DƏYİŞDİKCƏ GÖRKƏMLİ İDMANÇILARIMIZIN TƏCRÜBƏSİ ELƏ BİL Kİ, GƏNC İDMANÇILARA TƏHVİL VERİLİR"
Müasir dövrdə Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşıb. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. "Beləliklə, nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır və bu, bir önəmli məsələyə diqqətimizi çəkir - yəni, o mənada ki, burada da biz inkişaf və uğur görürük, nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi elə bil ki, gənc idmançılara təhvil verilir. Yəni, Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olmalıdır" - deyə Prezident bildirib.
Əlbəttə ki, işğaldan azad olunan torpaqlarımızda da idmanın inkişafına diqqət ayrılır. Bildiyimiz kimi, azad edilmiş ərazilərdə bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. "Mən bunu çox yüksək qiymətləndirirəm" - deyə bildirən Prezident qeyd edib ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur: "Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur".
Zümrüd BAYRAMOVA