Maarifçilik hərəkatı bir çox xalqların tarixində öz yerini azadlıq hərəkatına, müstəqil dövlətçilik ideyalarına vermişdir. Azərbaycan xalqının keşməkeşli tarixi təkamülündə maarifçi ziyalıların tarixə yön verməsi danılmazdır. Məhz XIX əsrin ortalarında millət anlayışının şüurlara nüfuz etməsi Azərbaycan maarifçilərinin uğurudur. 1875-ci ildə dərc olunan “Əkinçi” qəzetinin maarifçilik hərəkatında müstəsna rolu vardır. Məhz bu mətbu orqan informasiya sahəsindəki sükutu pozdu.
Ümummilli Lider Heydər Əliyevin konseptual çıxışlarından biri olan yeni əsr və üçüncü minillik münasibətilə xalqa müraciətində dövrün proseslərini təhlil edərək demişdir: “Maarifçilik hərəkatının genişlənməsi Azərbaycandan xarici ölkələrə ali təhsil almağa gedənlərin sayının get-gedə artmasına gətirib çıxardı. Xaricdə ali təhsil aldıqdan sonra vətənə qayıdan ziyalılar Azərbaycanda maariflənmə meyllərini dəstəkləyən qüvvələri öz ətrafında birləşdirdilər, milli mətbuat və milli teatrın yaranması üçün zəmin yaratdılar. Bakının inkişafı, əhalinin artması, ziyalı qüvvələrin yetişməsi, informasiya məkanının genişlənməsi milli mətbuatın yaranması ehtiyacını doğururdu. Bunu ilk dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi bu istiqamətdə məqsədyönlü iş aparırdı. 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsi çıxdı və bununla Azərbaycan mətbuatının bünövrəsi qoyuldu.”
Kütləvi informasiya və təbliğatın əsas vasitəsi kimi mətbuat sosial və siyasi mübarizənin, elmi bilikləri yaymağın, maarif və mədəniyyəti inkişaf etdirməyin, ictimai rəyi və dünyagörüşünü formalaşdırmağın qüdrətli silahıdır. XIX əsrdə milli mətbuatın milli şüurun oyanmasına təsiridir ki, bir qədər sonra Azərbaycanda imperiya daxilində muxtariyyət əldə etmək və daha sonra müstəqil cümhuriyyət qurmaq ideyaları vüsət aldı. Xalqın tərəqqisini onun maariflənməsində görən Həsən bəy Zərdabi "Əkinçi”nin timsalında mətbuata kütləvi informasiya vasitəsi, maarifçiliyin əsası, ictimai-siyasi şüurun formalaşması faktı kimi yanaşdı.
Bu gün ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Azərbaycan dövləti siyasi plüralizmi dövlət siyasətinin ana xətti kimi qəbul edir. Azərbaycan Respublikasında həm siyasi, həm dini, həm də mədəni plüralizm mövcuddur. Siyasi plüralizm müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsi deməkdir. Lakin Azərbaycanın yaşadığı müharibələr, Vətən təəsübkeşliyi mətbuatın və kütləvi informasiya vasitələrinin vəzifələrini bir az da zənginləşdirdi və onların məsuliyyətini artırdı. Vəzifələrdən ən önəmlisi ölkənin suverenliyi, bütövlüyü, sabitliyi və inkişafı naminə fəaliyyət göstərməkdir. İnformasiya vasitələri formalarını dəyişə bilər, lakin dördncü hakimiyyət funksiyasi hələ də qalmaqdadır. Məhz 44 günlük müharibədə kütləvi informasiya vasitələrinə müsahibə verərək Ali Baş Komandan İlham Əliyev dünya dövlətləri qarşıısında qəti mövqe sərgilədi, dördüncü hakimiyyət deyilən mətbuatın gücü ilə respublikamızın gerçəklərini dünyaya çatdırdı, kənardan olan müdaxilələri dəf etdi.
Leyla Hüseynova
YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini