PDF Oxu

Siyasət

  • 2 863

Azərbaycanlılar sülh istəyir, bəs ermənilər? – Əcnəbi ekspertlərin rəyi

Azərbaycanlılar sülh istəyir, bəs ermənilər? – Əcnəbi ekspertlərin rəyi

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində müsbət dinamikanı nəzərə alaraq Sosial Araşdırmalar Mərkəzi bu məsələ ilə bağlı ictimai rəyi aydınlaşdırmaq üçün əhali arasında sorğu keçirib. 2024-cü ilin iyununda keçirilən sorğunun nəticələrinə görə, “Siz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarısınızmı?” sualına respondentlərin 83,8%-i “bəli, dəstəkləyirəm”, 13,5%-i “xeyr, dəstəkləmirəm”, deyə cavab verib, 2,7%-i isə bu məsələyə münasibət bildirməkdə çətinlik çəkib. Cari sorğu ölkənin 12 regionunda yaşı 18 və yuxarı olan 1152 respondent arasında aparılıb.

Sorğunun nəticələri göstərir ki, Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Mərkəzin bu mövzuda keçirdiyi əvvəlki sorğuların nəticələri də cəmiyyətdə sülh sazişinin imzalanması istiqamətində müsbət tendensiyanın olduğunu göstərib. Bəs bunu erməni cəmiyyəti haqqında da demək olarmı?

Xarici ekspertlər bu haqda fikirlərini “Caliber” analitik mərkəzinə bildiriblər. Şərhləri oxucularımıza təqdim edirik.

Ukrayna Siyasət Fondunun rəhbəri, analitik və tarixçi Konstantin Bondarenko qeyd edir ki, Azərbaycan cəmiyyəti artıq qələbə və mənəvi məmnunluq gündəmində yaşayır.

“Qarabağ üzərində nəzarət bərpa olundu, Azərbaycan qalib gəldi. İndi sülh müqaviləsi haqqında düşünmək olar. İnanmıram ki, Azərbaycan rəhbərliyində cəmiyyətin rəyinə zidd fərqli fikirlər olsun. Çətin ki, Azərbaycan rəhbərliyi müharibənin davam etdirilməsində maraqlı olsun. Ona görə də biz Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycan cəmiyyətinin və hakimiyyətinin vahid mövqeyinin mövcudluğunu güman edə bilərik”,- deyə Bondarenko əmindir.

Ekspert deyir ki, digər tərəfdən, Ermənistan və erməni cəmiyyəti tərəfindən belə bir hazırlığın olub-olmaması sual altındadır.

“Mən Ermənistanda respondentlər arasında aparılmış sorğuların oxşar rəqəmləri ilə tanış deyiləm, lakin düşünürəm ki, onlar Azərbaycandakından əhəmiyyətli dərəcədə fərqlənəcək. Və burada, gələcək addımlar üçün bütün məsuliyyət erməni elitasının üzərinə düşür- çətin anlarda onlar ictimai rəyə müraciət etməməli, iradə və qətiyyət nümayiş etdirməlidirlər, hətta bu, müəyyən liderlərin reytinqlərinə, populyarlığına və mövqelərinin sabitliyinə təsir etsə də”- Bondarenko belə düşünür.

Beynəlxalq Münasibətlər Akademiyasının rəhbəri, Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun baş direktoru Simon Kopadze deyir ki, o, Azərbaycan cəmiyyətinin 83%-nin sülh sazişinin imzalanması ideyasını dəstəkləməsindən çox məmnundur və sülh razılaşmasından sonra Ermənistanla Azərbaycan arasında münasibətlərin yeni mərhələsi başlamalıdır.

“Ən əsası, bu, bütün Cənubi Qafqazın tarixində tamamilə yeni səhifə olacaq. Çünki bundan sonra biz bütün regional iqtisadi layihələrin icrasına başlaya biləcəyik, bir çox siyasi məsələlərin həlli üçün birgə işləyə biləcəyik və bu, bütün regionun inkişafına kömək edəcək.

Necə deyərlər, müharibəyə başlamaq üçün bir tərəf kifayətdir, barışmaq üçün isə iki tərəf lazımdır. Düşünürəm ki, hətta Ermənistanda da “qaynar adamlar” getdikcə soyuyur və onlar vəziyyəti başqa cür dəyərləndirirlər, başa düşməyə başlayıblar ki, biz irəli getməliyik, Azərbaycanla sülh müqaviləsi imzalamaq və əlaqələri daha da inkişaf etdirmək lazımdır”,- Kopadze qeyd edib.

Ekspertin fikrincə, bununla belə münasibətlərdə müəyyən nüanslar var ki, Ermənistan onlara müəyyən güc balansına ehtiyacı olduğunü düşünür.

“Onlar regionda gələcək münasibətlərdə ən vacib və ən yaxşı şeyin kollektiv təhlükəsizlik olduğu amilini gözardı edirlər. Çünki hamımız ümumi bir iş, regionumuzun inkişafı haqqında düşünməliyik.

Yekun olaraq deyə bilərəm ki, mən Ermənistanla sülh müqaviləsi imzalamaq istəyən Azərbaycan cəmiyyətinin 80%-dən çoxunun fikrini dəstəkləyirəm və onunla tam razıyam”,- deyə Kopadze bildirib.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər