PDF Oxu

Siyasət

  • 3 492

Genişmiqyaslı sosial dəstək paketi ŞƏRH

Genişmiqyaslı sosial dəstək paketi ŞƏRH

Prezident İlham Əliyev: "Müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq "

Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, şəhid ailələrinə dövlətimiz tərəfindən sosial qayğılarının həll edilməsi üçün ardıcıl olaraq zəruri tədbirlər görülür. Onların həyat şəraitinin yaxşılaşmasına, ictimai hüquqlarının bərpa olunmasına şərait yaradılıb. Onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar hər bir ölkə vətəndaşı tərəfindən təqdirəlayiq hal kimi yüksək qiymətləndirilir .

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1199-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı"nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, "Bütün məsələlərdə, məşğulluq, məişət problemləri, ondan sonra istənilən problem ola bilər insanın həyatında, - bütün dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar, kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur". Bu dövlət başçısının siyasətinin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiqləyir. Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam edir. Şəhid ailələrinə və müharibə əlillərinə ayrılan diqqətin nəticəsidir ki, bu gün onların sosial təminatı istiqamətində kifayət qədər tədbirlər reallaşıb.

Azərbaycanda müharibə əlillərinə sosial dəstək proqramı həyata keçirilir. Proqramın icrasında müsbət nəticələr əldə olunub. Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə reabilitasiya müəssisələrində 3400-ə yaxın Vətən müharibəsi iştirakçısına tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib. Həmin dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 2 173 şəxs 58,7 min reabilitasiya vasitəsi ilə təmin edilib. Qeyd edək ki, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması, yeni müəssisələrin açılması nəticəsində reabilitasiya potensialı 7 dəfə artırılıb. Həmin müəssisələr Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin bərpa müalicəsində xüsusi önəm kəsb edir.

476 HƏRBÇİ 572 ƏDƏD YÜKSƏK TEXNOLOGİYALI PROTEZLƏ TƏMİN EDİLİB

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması və reabilitasiyası üçün aparılan işlərin bir istiqaməti də həmin şəxslərin yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilməsidir. Aktivlik və funksionallığı ilə seçilən yüksək texnologiyalı protezlərlə istifadəçi köməkçi vasitələr olmadan sərbəst, sabit, inamlı hərəkət imkanına malik olur. Bu protezlərlə sosial həyata daha tez və rahat inteqrasiya edir, hətta idmanla məşğul olaraq, idman yarışlarında da iştirak edə bilir.

Dövlət başçısı çıxışlarının birində onların həyatında yeni dövrün başlandığını bildirmişdir: "Siz yaralanmısınız. Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar. Bundan sonra da normal həyata qayıtmaq üçün bütün lazımi tədbirlər görüləcək. Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək".

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması və reabilitasiyası üçün aparılan işlərin bir istiqaməti də həmin şəxslərin yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilməsidir. I və II Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan 476 hərbçi 572 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin edilib. Ötən ildən Vətən müharibəsi iştirakçılarının müasir idman protezləri ilə təminatına da başlanılıb. Aktivlik və funksionallığı ilə seçilən yüksək texnologiyalı protezlərlə istifadəçi köməkçi vasitələr olmadan sərbəst, sabit, inamlı hərəkət imkanına malik olur. Bu protezlərlə sosial həyata daha tez və rahat inteqrasiya edir, hətta idmanla məşğul olaraq idman yarışlarında da iştirak edə bilir.

ŞƏHİD AİLƏLƏRİ, MÜHARİBƏ İLƏ ƏLAQƏDAR ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN MƏNZİLLƏ TƏMİNATI - 6 072 MƏNZİL VƏ FƏRDİ EV

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. Şəhid ailələri üzvləri və müharibə veteranları olan 105 min şəxsə 118 min aylıq sosial ödəniş, 23,2 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 072 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib.

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 65,6 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Statistik rəqəmlərə istinadən deyə bilərik ki, müharibə ilə əlaqədar əlilliyi olan 2 173 şəxs 58,7 min reabilitasiya vasitəsi, o cümlədən 476 şəxs 572 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 22 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,6 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 350 min xidmət göstərilib.

Bütün bu və ya digər tədbirlərlə yanaşı, indiyədək 4133 nəfər Vətən müharibəsi iştirakçısına əlillik təyin edilib. Əlillik təyinatı aparılmış şəxslərin hər birinə proaktiv qaydada sosial ödənişlər təyin olunaraq ödənilib. Əlilliyin qiymətləndirilməsi sahəsində obyektivliyin və şəffaflığın, ədalətli yanaşmanın təmin olunması daim diqqətdə saxlanılır. Bu kateqoriyadan olan şəxslərin operativ şəkildə əyani müayinə olunmaları üçün ən müasir diaqnostik, instrumental, laborator avadanlıqlarla təchiz edilib. Qiymətləndirmə prosesində şəffaflığın təmin olunması üçün əyani müayinələrin foto və videoçəkilişləri də aparılır.

Cənab Prezident çıxışlarının birində vurğuladığı kimi, "Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq". Bu gün vətən torpaqlarının azad olunmasında sağlamlığını itirənlər və şəhid olanların ailələri dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Azərbaycan dövləti və xalqı üçün əlbəttə ki, hər bir hərbçi əzizdir və dəyərlidir.

Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqaüdü verilir. Göründüyü kimi, Azərbaycan Zəfər qazandıqdan sonra dövlətimizin şəhid ailələrinə, qazilərə hərtərəfli dəstəyi, onların bütün ehtiyaclarının qarşılanması, problemlərinin həlli, sosial təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Şəhid ailələrinə, qazilərimizə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Bütün görülən tədbirlər respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərən vətən oğullarımıza və onların ailələrində dövlətin qayğısı və həssas yanaşmasının göstəricisidir.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər