PDF Oxu

Siyasət

  • 1 528

Azərbaycan - Pakistan əlaqələri daim inkişafdadir ŞƏRH

Azərbaycan - Pakistan əlaqələri daim inkişafdadir ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin iyul ayının 11-də Pakistana dövlət səfəri etmişdir. Səfər zamanı bir çox müzakirələr aparılmış və hər iki ölkənin gələcək inkişafına təkan verəcək 15 sənəd imzalanmışdır. İmzalanan sənədlərdə energetika, infrastruktur, nəqliyyat daşımaları, o cümlədən, müdafiə sənayesi sahəsində bir sıra məsələlər əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatla çıxışında qeyd edib ki, iqtisadiyyat, ticarət və sərmayələr sahələrində güclü əlaqələr qurulacaq, qarşılıqlı ticarətin həcmi artırılacaq. Bu məqsədlə ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddə müəyyən edilib və bu, yalnız başlanğıcdır.

Görüş zamanı Pakistanın Baş naziri Şahbaz Şərif Pakistan xalqının Azərbaycan Prezidentinə olan ehtiramını ifadə edib, iki xalq arasında qarşılıqlı sevgi və qardaşlıq hisslərinin olduğunu bildirib. O, İslamabadın Qarabağ məsələsində Bakıya, Azərbaycanın isə Kəşmir probleminin nizamlanmasında Pakistana güclü dəstəyini xatırladıb. Azərbaycan Respublikasının Prezidenti isə Pakistan və Azərbaycan xalqlarının çətin zamanlarda bir-birinin yanında olduğunu, 2020-ci ildə Vətən müharibəsi zamanı İslamabadın öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verdiyini qeyd edib, eyni zamanda, Bakının Cəmmu və Kəşmir əhalisinin hüquqlarını qətiyyətlə dəstəklədiyini deyib.

Müzakirələrdə qeyd olunub ki, son bir neçə ildə liderlərin müxtəlif beynəlxalq forumlarda, xüsusən də cari ayın əvvəlində Astanada keçirilən ŞƏT-in Zirvə toplantısında görüşləri nəticəsində Azərbaycan ilə Pakistan arasında əlaqələr sürətlə inkişaf edir. Azərbaycan Prezidentinin Pakistana səfəri bu təmasların kuliminasiya nöqtəsidir. Hər iki ölkə demək olar ki, bütün müstəvilərdə bir-birinə qarşılıqlı dəstək verən ölkə olduqlarını həmişə sübut etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatla çıxışında Azərbaycan-Ermənistan münasibətləri barədə də açıqlama vermişdir. Bəyanatda qeyd edilib ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra, sülh müqaviləsi ilə bağlı mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasından ibarətdir. Azərbaycan sülh müqaviləsinin əsasını təşkil etməli olan beş beynəlxalq təməl prinsipini hazırladı. Bir neçə dəfə danışıqlar aparılıb və yenə də davam etdiriləcək. Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Sülh müqaviləsi həqiqətən mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar, Qafqazda real sülh yaradar, bütün kommunikasiyaların açılması isə əksər ölkələr üçün əlverişli logistika mühiti yaradır.

Azərbaycan Respublikası Prezidentinin Pakistana etdiyi səfər və mətbuata bəyanatla çıxışı dünyanın nüfuzlu media orqanları tərəfindən geniş işiqlandırılmışdır.

Nazim BÜNYATOV,

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər