Bildiyimiz kimi, Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. İki ölkə bir-birinə sıx dostluq və qardaşlıq əlaqələri ilə bağlıdır. Azərbaycan və Pakistan münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Pakistan 1991-ci il dekabrın 12-də Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci ölkə olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulmuşdur. Bundan sonra Bakıda Pakistanın, 1997-ci ildə isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılmışdır. Pakistan Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır.
1995-ci ilin oktyabrında Pakistan İslam Respublikasının Prezidenti Sərdar Faruq Əhməd Xan Leqani Azərbaycana rəsmi səfər etmişdir. Səfər zamanı ölkələr arasında bir sıra sənədlər, o cümlədən Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, “Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə” bağlanıb.
1996-cı il 9 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə olmuşdur. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə 9 sənəd imzalanıb. Azərbaycan və Pakistan prezidentləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birlərini dəstəklədiklərini bəyan ediblər. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bildirib ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib və Ermənistanı bir təcavüzkar kimi ittiham edib. Eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə olunan zaman Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım edib. Pakistan işğal dövründə və 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycana güclü dəstək olmuşdur. Məhz işğal səbəbindən Pakistan Ermənistanla diplomatik münasibətlər qurmamışdır və daim Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişdir. Beləliklə İyul ayının 11 də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü keçirilib.
Pakistanın Azərbaycana verdiyi dəstək çox əhəmiyyətlidir. Azərbaycan kimin yanında möhkəm dayandığını görür və bunu heç vaxt unutmayacaq. Pakistan və Azərbaycan çiyin-çiyinə dayanan ölkələr olublar və bundan sonra da belə olacaqlar.
Altay Məmmədov
YAP Şamaxı rayon təşkilatının sədr müavini