Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başlandığı gün 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Azərbaycan bu gün - sivilizasiyaların qovuşduğu, bəşəriyyətin gələcəyi naminə açıq, konstruktiv dialoqların aparıldığı məkana çevrilib. Keçən yüzilliyin sonlarında müstəqilliyini bərpa edən xalqımız əsrlər boyu qoruduğu milli dəyərləri və unikal xüsusiyyətləri bütün dünyaya təqdim etmək imkanı qazanıb. Hər kəs bizi artıq doğru-düzgün, olduğumuz kimi tanımağa, qəbul etməyə başlayıb. 34 illik müstəqilliyimiz dövründə əldə etdiyimiz uğurları gördükdə hər birimizin qəlbi fərəh hissi ilə döyünür. Əslində, bu inkişaf xalqımızın minilliklər boyu yaradıb yaşatdığı milli-mənəvi dəyərlərdən güc alır. Əcdadlarımızın bizə miras qoyduğu üstün dəyərlər əsrlər boyu qorunub, inkişaf etdirilib və nəsillərin yaddaşlarına hopub. Azərbaycan xalqının soy kökündən gələn dəyərləri isə məhv etmək mümkünsüzdür.
Milli-mənəvi dəyərlər və bəşəri prinsiplər əsasında qurulan milli mətbuatımızın yarandığı gündən düz 149 il keçir. Hər bir xalqın öz ana dilində ilk qəzet oxuması, şübhəsiz, bu da həmişə hər yerdə əlamətdar hadisə olur. Azərbaycan buna 1875-ci ildə nail ola bilir.
Qeyd edək ki, Azərbaycan mətbuatının keçdiyi tarixi yol yaş etibarilə o qədər də böyük deyil. Ancaq bu yolun şərəf, ləyaqət yolu olduğu heç kimdə şübhə doğurmur. Azərbaycan mətbuatının keçdiyi tarixi yol Azərbaycan xalqının qürur mənbəyidir. Milli oyanışın yeni mərhələsini təmsil edən "Əkinçi" qəzetinin başlanğıcını qoyduğu bu yol neçə-neçə mətbu və ədəbi məktəbin formalaşma prosesinə təkan verdi, xalqın maariflənməsinə, milli-azadlıq hərəkatının güclənməsinə birbaşa öz güclü təsirini göstərdi. Azərbaycan tarixinin müxtəlif ictimai-siyasi mərhələlərində bərkiyib formalaşmış mətbuatımız xalqa, cəmiyyətə, insana xidmət borcunu şərəflə yerinə yetirdi.
Azərbaycan demokratik mətbuatının bünövrəsini Həsən bəy Zərdabi "Əkinçi"ni nəşr etdirməklə qoydu. "Əkinçi" ölkəmizdə ictimai fikrin canlanmasına təkan verdi. Qəzetdə qabaqcıl mütərəqqi ideyalar təbliğ olunurdu. Azərbaycan xalqının öz ana dilində oxuması çox əlamətdar bir hadisə idi. Öz növbəsində "Əkinçi" ana dilinin saflığı, zənginləşməsi uğrunda mübarizə aparırdı. Həyatı boyu böyük ziyalı, işıqlı insan H.Zərdabi qəzetin səhifələrindəki yazı ilə xalqına fayda verməklə yanaşı, ölkəmizdə peşəkar teatrın bünövrəsini qoydu, xeyriyyə cəmiyyəti açdı, Bakı Realnı Məktəbində müəllimliyi və maarifçiliyi inkişaf etdirdi. H.Zərdabi zəhmətkeş xalqa, onun tərəqqisinə və mübarizəsinə xidmət edən, zülmə, haqsızlığa, rəzalətə qarşı mübarizə aparan mətbuatın tərəfdarı idi. O,1 yazırdı: "Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki... Qəzeti çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzilinə çata bilsin... Heç olmasa ki, doğru söz yerdə qalmasın".
"Əkinçi" özündən sonra "İrşad", "Həyat", "Azərbaycan" qəzetlərinin, "Molla Nəsrəddin" jurnalının meydana çıxmasına yol açdı.İdeya və məfkurəcə xalqı maarifləndirməyin yeganə yolu yalnız və yalnız mətbuatdan və dövri nəşrlərdən keçirdi. Tanınmış dramaturq, böyük naşir C.Məmmədquluzadənin nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı nəinki Azərbaycanın, bütün Şərq dünyasının mətbuat tarixinin nadir sənət incisidir. "Molla Nəsrəddin" jurnalı siyasi və ideoloji sistemdə deyil, şüurda, düşüncədə, həyat və yaşam tərzində inqilablar etdi.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir. Zərdabidən qalan bu mədəni-maarifçilik irsi bu gün mətbuatda yaşadılır. Milli mətbuatımızın bayramı münasibətilə bu sahədə qələm çalan media mənsublarını səmimi-qəlbdən təbrik edir və yaradıcılıq uğurları arzulayırıq.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini