Bu gün Qarabağın incisi Şuşamız yenidən toy-büsata bürünüb. 28 illik zamandan sonra yenidən öz həyatına qovuşan Şuşada bir-birindən fərqli məzmunda keçirilən tədbirlərə saysız insanlar toplaşır. Dili, irqi fərqli olan insanlar bu məkanın gözəlliyini duyur. Erməni işğalından azad olan qədim şəhər hər birimiz üçün and yerinə, müqəddəs məkana çevrilib.
Şuşa yenidən başqa bir ab-havanı yaşayır. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində növbəti Vaqif Poeziya Günləri öz işinə başlayıb. Poeziya bayramına rəsmilər, ədəbiyyat, mədəniyyət və elm xadimləri, habelə Azərbaycan Yazıçılar Birliyinin (AYB) 90 illik yubileyi münasibətilə ölkəmizdə səfərdə olan türk respublikalarından şair və yazıçıları qatılıblar.
Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində, həmçinin Natəvanın evində və s. yarlərdə tədbirlər təşkil edilib. Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717–1797) məqbərəsinin və Poeziya evinin təntənəli açılışı olub. Məhz həmin tədbirdə Ulu Öndər Heydər Əliyev ədəbiyyat xadimlərimizin bu yöndə təşəbbüsünü dəstəkləyərək Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Söz-sənət bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib. Qırx iki illik tarixə malik Vaqif Poeziya Günləri işğaldan azad edilmiş Şuşada artıq dördüncü dəfədir təşkil olunur.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilir. İyulun 18-də Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə Vaqif Poeziya Günlərinin açılışı olub. 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan olunan Şuşa Azərbaycanın rəmzinə çevrilən bir məkan olaraq yenidən dünyaya mesajlarını verir.
ŞUŞA QONAQLARI SALAMLAYIR
Əlbəttə ki, Şuşa musiqi beşiyidir. Buranın hər ağacı, hər qayası, axar suyu bu musiqinin avazı ilə nəfəs almış, bu musiqi qayaların, divarların, lal daşların da yaddaşına hopmuşdur. Bu gün artıq həsrətlə gözlədiyimiz Şuşamızın, "Qafqazın Konservatoriyası"nın torpağındayıq. Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada. Burada "Xarıbülbül" musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi Azərbaycanın mədəni həyatının təntənəsinə çevrilib. Bu gün Vaqifin ruhu şaddır. Poeziya günləri çərçivəsində çıxışlar, ədəbi simpoziumlar, sərgilər təşkil olunur. Vaqif Poeziya Günləri təkcə ədəbiyyatdan, sənətdən deyil, Qarabağ tarixindən də dünyaya bir mesajdır.
Ruhu bu məkanlarda dolaşan insanlar azad, rahat nəfəs alırlar. Bülbülün, Natəvanın, Üzeyirin və digər sənətkarların ruhu mənən rahatlandı. Şuşalılar Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün heykəlləri önünə gül dəstələri qoyaraq ziyarət etdilər. Uzun illər idi ki, heykəlləri güllələnmiş Xan qızı, Üzeyir bəy, böyük nəğməkar Bülbül öz doğma yurdlarına qayıdacaqları günü gözləyirdilər. Belə ki, donmuş üzlər hərəkətə gəldi, uzaq kimi görünən yollar bir addımlıqda oldu. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Cansız heykəllərə güllə ataraq qiymətli heykəlləri, milli memarlıq abidələrini, muzey əşyalarını gülləbəran etmişdilər. Prezident İlham Əliyev hələ Vətən müharibəsindən öncə qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün büstləri Şuşaya qaytarılacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrildi. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərində bu qədim Azərbaycan şəhərinə gələn qonaqları salamlayır. Bu gün Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün Şuşadakı büstləri öz məkanlarında rahat nəfəs alır. Azad Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli də ucaldılıb.
MİLLİ BİRLİK MƏRKƏZİ
Bu torpaqda Böyük Qayıdışın işığı alovlanır. Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Bu Qurultaya Zəfər adı verildi. Həmin adın verilməsi heç də təsadüfi deyil, müharibədə qazandığımız tarixi zəfərə əsasən Zəfər Qurultayı adlandırıldı. "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər Qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır", - deyə Cənab Prezident bildirmişdir. Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları Şuşada oldular. Dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimiz və Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri yol boyunca erməni silahlı birləşmələrinin Qarabağda törətdikləri vandalizm aktlarının, eləcə də hazırda azad edilmiş torpaqlarımızda həyata keçirilən tikinti-quruculuq işlərinin şahidinə çevrildilər.
Üç il əvvəl 2021-ci ilin iyunun 15-də Azərbaycan və Türkiyənin dövlət başçıları tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" Azərbaycanın müstəqillik tarixində yeni səhifə oldu. Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq, Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verdi. Bu Bəyannamə dövlətlər arasında əlaqələri ən yüksək zirvəyə qaldıraraq, gələcək işbirliyinin təminatında mühüm sənəd kimi tarixdə yer aldı. Azad edilmiş Şuşa şəhərində imzalanan Birgə Bəyannamə dövlətlərarasında əməkdaşlıqda strateji əhəmiyyət kəsb edir.Bu və ya digər tədbirlər Şuşanın ruhuna ruh qatmış oldu.
Qısa bir zamanda abadlıq-quruculuq işlərinə başlanıldı. Ötən müddət ərizində böyük işlər görüldü və bu gün abadlıq-quruculuq işlərinin sürəti artıb. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, yarımstansiya tikildi. Zəfər yolu çəkildi, suyun verilməsi bərpa olundu. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Tezliklə, Natəvan bulağı bərpa olundu və "Xarıbülbül" hoteli istifadəyə verildi. Əsrlərin yaddaşı var bu diyarda. Öz köklü-şəcərəli insanlarına qucaq açıb. Milli Xalça Muzeyinin Şuşa filialında sərgilənən sənət əsərləri qədim Qarabağ torpağının ruhunu özündə yaşadır.
DAŞLAŞMIŞ YADDAŞDA TARİXİMİZ…
"Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciəti zamanı səsləndirdiyi bu fikirlər və xalqımıza bu müjdənin verilməsi Azərbaycanın tarixinə açılan yeni səhifələrdən oldu. "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox", – deyə Cənab Prezident bildirib. Artıq biz Şuşaya qayıtmışıq. Alınmaz qala, Qarabağın tacı sayılan Şuşanın tarixi yaddaşı əsrlərin sorağıdır. Daşlaşmış yaddaşda tariximiz var, keçmişimiz, mədəniyyətimiz var. Tarixi-mədəni əhəmiyyət kəsb edən Şuşanın bu gün əvvəlki görkəminin özünə qaytarması, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün sürətli işlər həyata keçirilir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, işğaldan azad olunan Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradılır. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri ölkənin Mədəniyyət paytaxtı elan edildi. Prezident İlham Əliyevin Şuşanı rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsi bu qədim şəhərin özəlliklərindən qaynaqlanır. Şuşa azadlığının ilk dövrünə mədəniyyət paytaxtı kimi qədəm qoydu. 2022-ci il dövlət başçısı tərəfindən "Şuşa ili" elan olundu. Dövlət başçımızın Şuşa şəhərinə etdiyi səfərlərin hər birində ya yeni infrastruktur layihələrinin təməli qoyulub, ya da yeniləri açılıb.
"HƏR ŞEY ÇOX MÜFƏSSƏL VƏ DƏQİQ, ƏN MÜASİR ŞƏHƏRSALMA QAYDALARINA UYĞUN PLANLAR ƏSASINDA QURULUR"
Şuşaya dövlət başçısının səfəri çərçivəsində Turşsu qəsəbəsinin təməlini qoyub. İşğaldan əvvəl Şuşa rayonunda Şuşa şəhərindən sonra Turşsu qəsəbəsi azərbaycanlıların ən sıx yaşadıqları ikinci yaşayış məntəqəsi olub. Şuşa şəhərindən təxminən 17 kilometr məsafədə, Şuşa–Laçın yolunun kənarında yerləşən qəsəbə 1992-ci il mayın 15-də işğal edilib. 1989-cu ildə aparılmış siyahıyaalmaya əsasən qəsəbədə 755 nəfər yaşayıb. Qəsəbədə fərdi evlər, tibb məntəqəsi, xəstəxana, mədəniyyət evi, kitabxana, məktəb, televiziya ötürücü qurğusu, elektrik yarımstansiyası, uşaq bağçası, musiqi məktəbi, klub və s. binaları olub. İşğal nəticəsində bütün infrastruktur tam dağıdılıb. Hazırda Turşsu qəsəbəsində 353 ailə, 1403 nəfər qeydiyyatdadır. Yenidənqurma layihəsinə əsasən Turşu qəsəbəsinin ümumi sahəsi 126,46 hektar olacaq. Birinci mərhələdə 79,37 hektar sahədə yenidənqurma işləri aparılacaq.
Şuşada Mamayı məscidi bərpadan sonra istifadəyə verilib. Mamayı məscidi şəhərin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsində XIX əsrin sonlarında tikilib. Düzbucaqlı plan quruluşu olan ikimərtəbəli məscidin sütunlu interyeri var. Məhəllə məscidləri kimi Mamayı məscidinin də damında azan vermək üçün taxtadan güldəstə quraşdırılmışdır. Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi də fəaliyyət göstərib. Şəhərin digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. Məscidin pəncərələri tarixi görünüşünə uyğun bərpa edilib, qarşı tərəfdə yararsız halda olan döşəmə yenidən qurulub.
Bundan əlavə Şuşada Heydər Əliyev Fondu tərəfindən Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib və 2023-cü ilin may ayında istifadəyə verilib.
Görülən və görüləcək işlərin məntiqi nəticəsi olaraq Şuşa həyatının işıqlı bir yolundadır. Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya ilk köç edən ailələrlə görüşü zamanı çıxışında bildirdiyi kimi, "Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə biz dünyanın aparıcı şirkətlərini cəlb eləmişik, təkcə Şuşa üçün yox, bütün azad edilmiş torpaqlar üçün ki, uzun illər ərzində ağır şəraitdə - çadırlarda, yataqxanalarda, uşaq bağçalarında, yararsız binalarda yaşamış insanlar bundan sonra yaxşı yaşasınlar, rahat yaşasınlar. Bununla paralel olaraq həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır".
Şuşa 28 il əsarətdə qalsa da əyilmədi, milli qürurumuzu, kimliyimizi qorudu. Şuşanı erməniləşdirməyə çalışan düşmən illərlə cəhdlər göstərsə də, bunun mümkünsüzlüyünün şahidi oldu. Çünki danışan, erməni vəhşiliyinə şahidlik edən Şuşanın hər daşı, qayası, tarixi oldu. Şuşada yeni bir həyat, qaynar dövr yaşanır.
Zümrüd BAYRAMOVA