"İranla keçən il gərginləşən münasibətlərin bu il getdikcə normallaşması və may ayında Azərbaycan Prezidenti ilə İranın mərhum prezidenti Rəisi arasında Xudafərində keçirilən görüş və orada əldə edilən razılaşmalar iki ölkə arasında münasibətlərin bundan sonrakı inkişafına yeni təkan kimi dəyərləndirilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.O bildirib ki, İranda keçirilən prezident seçkilərindən sonra yeni prezident Pezeşkianın fəaliyyəti dövründə bu münasibətlərin daha da inkişaf etdiriləcəyi ilə bağlı ümidlər var: "Pezeşkianın və onun komandasının açıqlamaları bunu deməyə müəyyən əsaslar verir. Təbii ki, bu yaxınlarda Azərbaycan səfirliyinin fəaliyyətə yenidən başlaması münasibətlərin düzəldilməsi istiqamətində atılan ciddi addımlardan biridir. Ümid edək ki, İran tərəfindən bundan sonrakı dönəmlərdə Azərbaycanın daxili işlərinə qarışmaq, Ermənistanı açıq şəkildə dəstəkləyərək sülh prosesinə mane olmaq kimi siyasətdən əl çəkiləcək və Azərbaycanla normal qonşuluq münasibətlərinə gediləcək. Hər halda belə ümidlər var.Ümid edək ki, İran tərəfi də Azərbaycanla bağlı siyasətində korrektlər edəcək. Mən ciddi dəyişikliklərin olacağını düşünmürəm, amma müəyyən korrektlər ola bilər. Bu da hər iki ölkənin maraqlarına uyğundur".
Müəllif: Söylü Ağazadə