PDF Oxu

Siyasət

  • 1 545

Güclü Liderlə yeni uğurlara doğru ŞƏRH

Güclü Liderlə yeni uğurlara doğru ŞƏRH

Bir qərinəyə yaxın dövrdə düşmən tapdağı altında əsir həyatı yaşayan Qarabağ və Şərqi Zəngəzurun qaranlığa qərq edilmiş hər guşəsi indi nura boyanır. Yenidən qurulub abadlaşan, dünyanın ən ecazkar məkanlarından birinə çevrilən bu yurd yerlərimizdə reallaşan möhtəşəm layihələr düşmənin bağrını yarır və Şuşanın, Kəlbəcərin, Ağdamın, Xocavəndin, Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Suqovuşanın timsalında zəfərimiz parlayır. Çünki bu gün Qarabağ və Şərqi Zəngəzur azaddır, Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, qürurla öz doğma torpaqlarımızı qururuq, yaradırıq.

Prezident İlham Əliyev tarixi Zəfərimizin rəmzi olan Şuşadan xalqa müraciətində bildirmişdir ki, bütün bu işlərin təməlində Azərbaycan xalqının maraqları dayanır: «On günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir».

Göründüyü kimi, Qalib, Qurucu liderimiz, Prezident İlham Əliyev cənablarının birbaşa rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzurumuz başdan qurulur, gün keçdikcə tarixi diyarlarımız cənnətə çevrilir.

Sözsüz ki, bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır. Azərbaycan Prezidenti çıxışlarında, müraciətlərində də daima bildirir ki, 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Və Azərbaycan xalqı İlham Əliyeva səs verərək Ulu Öndərə olan məhəbbətlərini və inamlarını göstərdi. Artıq Prezident İlham Əliyev cənablarının ilk prezident seçilməsindən ötən 20 il ərzində Azərbaycan sürətli inkişaf və tərəqqi yolunda uğurlu inkişaf yolunda davam etməkdədir.

Hər bir vədin konkret əməli işi ilə təsdiqləyən Azərbaycan Prezidenti İlham Əliyevin Qələbəmizin Zəfərindən ötən üç il yarımdın çox müddətdə işğaldan azad edilmiş ərazilərimizə səfərləri çərçivəsində təməlqoyma mərasimində iştirak etdiyi yeni sosial obyektlərin say tərkibinə, icrasına başlanan infrastruktur layihələrinə, imzalanan Fərman və sərəncamlara, təsdiqlənən Dövlət proqramlarına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan Liderdir!

Və dövlət başçımızın dediyi kimi: «Bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək».

Çünki son 20 il ərzində bütün görülən işlər, əldə olunan uğurlar dövlət başçımızın xalqla daha çox yaxından olmasıdır. Gəlin müqayisə aparaq ki, hansı dövlətin başçısı öz xalqına bu qədər yaxın və səmimi olub? Bu gün dünyanın istər aparıcı, istərsə də qeyri-aparıcı dövlətlərində baş verən çoxsaylı siyasi kataklizmlər, böhranlar, artan narazılıqlar fonunda Azərbaycanda yürüdülən siyasət, əsrarəngiz model olaraq, təqdim olunmaqdadır. Bu gün planetimizin son mənzərəsinə nəzər yetirsək, görərik ki, mövcud vəziyyət heç də ürəkaçan deyil. Yeni münaqişə ocaqlarının yaranması, miqrant probleminin meydana çıxması, iqtisadi böhranlar, ayrı-ayrı qütblərdə dayanan dövlətlər arasında müharibə riskinin artması ötən illərin reallıqlarıdır. Lakin Azərbaycanın bu 20 ildə keçdiyi yol tamamilə fərqlidir. Belə ki, bu dövrdə yürüdülən düşünülmüş və qətiyyətli siyasətin nəticəsi olaraq, Azərbaycan özünün milli mənafelərini və dövlətçilik maraqlarını layiqincə qorumağı bacarıb. Ölkəmiz müstəqil siyasəti nəticəsində, bütün beynəlxalq siyasi avantüralardan uzaq durub, hansısa dövlətə qarşı tətbiq olunan sanksiyalara qoşulmayıb. Elə buna görə də, ötən 20 il Azərbaycan üçün dinamik inkişaf, beynəlxalq imicinin yüksəlməsi, regionun lider dövlətinə və dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi dövrü kimi xarakterizə olunur. Sözsüz ki, möhkəm təmələ, düşünülmüş dərin siyasətə əsaslanan yüksəliş yolu Azərbaycanı günbəgün inkişafa, tərəqqiyə və modernləşməyə aparır. Bu isə, Prezident İlham Əliyevin rəhbərliyi isə həyata keçirilən düşünülmüş, təmkinli, lakin olduqca çevik və qətiyyətli, uzaqgörən siyasətin nəticəsidir. Son 20 ildə Azərbaycanın sosial və iqtisadi inkişaf göstəricilərini artırması, enerji təhlükəsizliyi məsələlərində söz sahibi kimi mövqelərini gücləndirməsi, müstəqil xarici siyasət kursu yürütməsi və Ermənistanla sülh danışıqlarında özünün üstün mövqeyini daha da möhkəmləndirməsi ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. Çünki Azərbaycan dövlətin beynəlxalq imicini şərtləndirən ən vacib amil ölkədə siyasi-ictimai sabitliyin olmasıdır. Azərbaycanda vaxtilə Ulu Öndər Heydər Əliyevin təmin etdiyi sabitlik bu gün Onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə son 20 ildə qazanılan uğurların da, əsas səbəblərindən biri kimi, məhz bütün sahələrdə təmin olunan sabitlikdir. Azərbaycan son 20 ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb və əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Bütün bu uğurların mərkəzində Prezident İlham Əliyevin XALQ-İQTİDAR BİRLİYİNİN olmasıdır. Bu faktoru ayrı-ayrı tanınmış beynəlxalq şirkət və təşkilatların apardıqları sorğuların nəticələri də təsdiqləyir.

Hazırda möhtəşəm tarixi qələbənin 3-cü ildönümü sevincini yaşayan xalqımız Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun quruculuq salnaməsini yaradır. Düşmənin 30 il ərzində viran qoyduğu ərazilərimizin, daşı daş üstdə saxlamadığı yurd yerlərinin bərpası sürətlə davam etdirilir və Azərbaycan dövləti öz maliyyə imkanları hesabına həyata keçirir. Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası üçün maliyə vəsaitinin ayrılması bir daha sübut edir ki, Qalib Liderimiz, Prezident İlham Əliyev cənabları Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bərpa-quruculuq işlərinə daha çox diqqət yetirir. Bir sözlə, illərlə əsl sahibinə həsrət qalan torpaqlarımızda infrastruktur yenilənir, dədə-baba yurdlarına qayıdacaq soydaşlarımızın rahat yaşaması, işlə təmin olunması, onların təhlükəsizliyi və istirahəti üçün hər cür şərait yaradılır. Bu reallıq bir daha sübut edir ki, Azərbaycan heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan Qarabağ və Şərqi Zəngəzuru öz iqtisadi qüdrəti hesabına yenidən qurur.

«Azərbaycan xalqı da tam əmindir ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir»,-deyən Prezident İlham Əliyev düzgün qurulan siyasətin daim uğurların davamlılığına yol açdığını təsdiqləyir. Və bu gün Azərbaycanın keçdiyi inkişaf yolunun təhlil edərkən «Biz nə etdik» sualına cavab ölkəmizin bugünkü reallıqlarıdır. Bir də tarixi inkar etməklə, öz maraqları naminə ədaləti və beynəlxalq hüququ arxa plana keçirməklə nəyəsə nail olmaq mümkün deyil. Qarabağ münaqişəsinin tarixin arxivinə atılmasından sonra da Azərbaycan qərəzli yanaşmalarla, qeyri-ciddi təbliğatla üz-üzə qaldı. Bunun da səbəb bəllidir. Cənab İlham Əliyev bu cəhdləri belə əsaslandırır ki, Qarabağı azad etməyimizi də ona görə bizə bağışlamırlar ki, onların əlindən bu rıçaq çıxdı: «Azərbaycan, məcazi mənada desək, bu qarmaqdan çıxdı. Artıq bu amil yoxdur. İkinci Qarabağ müharibəsindən sonra status və Qarabağ ermənilərinin hüquqları mövzularını ortaya atmışdılar ki, yenə də burunlarını oraya soxa bilsinlər. Beynəlxalq missiyanın oraya göndərilməsini təkidlə tələb edirdilər ki, yenə də vəziyyəti qarışdırsınlar. O rıçaq da əllərindən çıxdı. Ona görə indi yeni bir mövzu axtaracaqlar.»

İşğalçıya dövlətə havadarlıq edən dövlətlər indi də belə bir ittiham səsləndirirlər ki, guya Azərbaycan Ermənistana hücum etmək istəyir. Dövlət başçısı İlham Əliyev çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, lap axıra qədər gedərdik: «Cermuk şəhəri - bizim keçmiş əsl adı İstisu olan şəhər gözümüzün qabağında idi. Kim idi bizi saxlayan? Bizim niyyətimiz yox idi. Bizim niyyətimiz sərhədimizi mühafizə etmək idi. Elə təpələr əlimizdə olmalı idi ki, biz ermənilərin planlarını gözümüzlə görək. Bu mövzu ilə bağlı bir qərbli qonağımla söhbət əsnasında mənə dedi ki, axı sizin peykiniz var, siz peykdən də görə bilərsiniz. Deyirəm, mənim peykim mənim gözlərimdir. Mən gözlərimlə görməliyəm. Bir dənə də nahaq iş görməmişik, bu əsasdır, əsas amildir. İkincisi də gücümüz, cəmiyyətimizin birliyi, xalqımızın birliyidir və bu birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdik… Çünki bu Zəfəri şərtləndirən xalqın ruhu idi və əsgəri qabağa göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi. Nə qədər silahın olsa, nə qədər ordun peşəkar təlimlərdə olsa, əgər ruh yoxdursa, heç bir təpəni də sən götürə bilməzsən.»

Bu gün ölkəmizin demokratik inkişafı göz qabağındadır. Yeni dövrə qədəm qoyan Azərbaycanın bu mərhələnin bir zərurət kimi qarşıya qoyduğu 7 fevral növbədənkənar prezident seçkilərində nümayiş etdirdiyi demokratiya təcrübəsi ölkəmizə qarşı aparılan qərəzli təbliğatlara tutarlı cavabdır. Və bu gün Azərbaycan sülh və təhlükəsizliyin təmin olunmasını istəyir. Və 44 günlük İkinci Qarabağ müharibəsi haqqın, ədalətin kimin tərəfində olduğunu bir daha təsdiqlədi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Vətən müharibəsi həqiqət anı oldu. Kimin haqqın, ədalətin, kimin isə şərin, işğalçı dövlətin yanında olduğu bir daha təsdiqləndi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, müharibə gücümüzü, əyilməz iradəmizi, birliyimizi, qələbə rəmzinə çevrilən “dəmir yumruq” öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq.

Cənab İlham Əliyev bütün çıxışlarında bildirir ki, biz bu məsələni sülh yolu ilə həll etmək istəyirdik. Lakin dünya gücləri yenə də susmağa üstünlük verdi. Təbii ki, vəziyyət bu şəkildə davam edə bilməzdi. Azərbaycan Silahlı Qüvvələrinin ötən ilin 19 sentyabr tarixində həyata keçirdikləri birgünlük antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi. Dövlət başçımız İlham Əliyevin söylədiyi kimi: «Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır».

Bu gün Azərbaycan dünya birliyində artıq təkcə əsas enerji ixrac edən ölkə, ən müxtəlif sivilizasiyaların qovuşduğu etibarlı məkan kimi tanınmır. Həm də ölkəmiz artıq yaşıl enerji siyasəti üçün ən təşəbbüskar ölkə kimi də dünya gündəmindədir. Bu yaxınlarda Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri Azərbaycanın bu istiqamətdəki mühüm addımlarından xəbər verir. İyunun 21-də Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi də Azərbaycanın yaşıl gündəliyini geniş şəkildə ehtiva edir. Bu müsahibə həm də bu istiqamətdə bütövlükdə regionun perspektiv enerji xəritəsini müəyyənləşdirmək üçün mühüm əhəmiyyətə malikdir. Xüsusən Azərbaycanın COP29-a ev sahibliyi etməsi fonunda dünyanın təmiz enerjiyə transformasiya nəbzinin Azərbaycanda döyündüyünü nəzərə alsaq, dövlətimizin başçısının verdiyi bəyanatların həlledici əhəmiyyəti, təbii ki, mübahisə doğurmur. Aydındır ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedən dövlətlərdən olmaq Azərbaycanın üzərinə düşən öhdəlikdir. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də məhz ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə qətiyyətinin göstəricisidir. Və COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Azərbaycanda yaxşı sərmayə mühiti olduğunu qeyd edən Prezident İlham Əliyev qeyd edib ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Prezident İlham Əliyevin müsahibəsindən SİTAT: “Beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun”.

Və bu gün sirr deyil ki, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Və bu gün haqlı və güclü Azərbaycan beynəlxalq müstəvidə daha böyük hədəflər uğrunda əzmlə çalışır və Güclü Liderlə yeni uğurlara doğru addımlayır, yolun açıq olsun, Azərbaycan!

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, «Modern ailə və inkişaf» İctimai Birliyinin sədri

Digər xəbərlər