PDF Oxu

Siyasət

  • 2 571

Azərbaycan: enerji layihələrinin etibarlı təchizatçısı! TƏHLİL

Azərbaycan: enerji layihələrinin etibarlı təchizatçısı! TƏHLİL

Prezident İlham Əliyev: "Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır"

Beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə möhkəmlənən, dünya ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişlənən Azərbaycan bölgədə və dünyada söz sahibi olaraq etibarlı tərəfdaşdır. İkitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir və beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təsisatların Azərbaycanla sıx əlaqələr qurmağa üstünlük verməsi əlbəttə ki, dövlətimizə etimadın, inamın ifadəsidir. Dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi diqqəti çəkəndir. Regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılması müasir dövrün çağırışları olduğunudan məqsəd olaraq daim diqqətdə saxlanılır. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyul ayı ərizində bir sıra dövlətlərə səfərləri və beynəlxalq tədbirlərdə çıxışı ölkəmizin xarici siyasətinin uğurlu göstəricisidir. Prezidentin Astana səfəri, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirdiyi görüşlər, Çinlə imzalanan strateji tərəfdaşlıq sazişi, Astanada Rusiya Prezidenti ilə görüşü, Azərbaycan-Türkiyə-Pakistan formatında əməkdaşlıq, BRICS-lə münasibətlərin güclənməsi uğurlu və çoxşaxəli xarici siyasətinin göstəriciləri sırasındadır.

AZƏRBAYCAN-BÖYÜK BRİTANİYA MÜNASİBƏTLƏRİNDƏ BÖYÜK PERSPEKTİVLƏR

Azərbaycanın uğurlu çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də Böyük Britaniya ilə münasibətlər tutur. Böyük Britaniya-Azərbaycan arasında əlaqələr tarixi və strateji əhəmiyyətə malikdir. İki ölkənin münasibətləri ötən əsrin 90-cı illərinə təsadüf edir. Böyük Britaniya Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ilk Qərb ölkələrindən biridir. Ötən müddətdə iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə olunub və hazırda Azərbaycan-Böyük Britaniya münasibətləri inkişafının ən yüksək səviyyəsinə çatıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərəyə işgüzar səfəri də ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və əlaqələrimizin daha da dərinləşdirilməsi baxımından əhəmiyyət kəsb edir. Qarşılıqlı hörmət və etimad əsasında əlaqələrimizin inkişaf etdirilməsi üçün böyük perspektivlər mövcuddur.

Böyük Britaniyanın Ermənistan-Azərbaycan münaqişəsinə dair rəsmi mövqeyi də hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanıb. Tərəfdaş ölkə hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Qırx dörd günlük Vətən müharibəsi dövründə də Böyük Britaniya obyektiv münasibət sərgiləyib.

AZƏRBAYCAN İQTİSADİYYATINA ƏN ÇOX İNVESTİSİYA YATIRAN ÖLKƏ

Qeyd edək ki, ölkələrimiz arasında siyasi əlaqələr müxtəlif formatlarda uğurla davam etdirilir. Belə ki, 2016-cı ildən etibarən Xarici İşlər nazirlikləri arasında strateji dialoqun iclasları keçirilir. Həmçinin 1997-ci ildə Milli Məclisdə Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Birləşmiş Krallıq parlamentində isə 2014-cu ildə Azərbaycan üzrə parlament qrupu (All Party Parliamentary Group on Azerbaijan) təsis edilib. Bu qrupların birgə fəaliyyəti nəticəsində iki ölkənin parlament üzvləri arasında işçi əlaqələr yaradılıb, qarşılıqlı səfərlər həyata keçirilib.

İki ölkə arasında siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də müsbət təsirini göstərib. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Bu ölkə 2023-cü ilin sonunadək Azərbaycan iqtisadiyyatına ümumilikdə 83 milyard dollar sərmayə qoyub. 2023-cü ildə Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsinin həcmi 790 milyon dollardan çox olub. Cari ilin yanvar-may aylarında isə ticarət dövriyyəsinin həcmi 140 milyon ABŞ dollarından artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10 faizdən çoxdur.

"İXRACIN YARIDAN ÇOXU AVROPAYA GEDİR"

"Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik". Bu fikirləri Prezident İlham Əliyev iyulun 18-də Oksfordda "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxışı zamanı bildirib: "2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir".

Ölkələrimiz arasında alternativ enerji sahəsində də uğurlu əməkdaşlıq qurulub. 2018-ci ildə Energetika Nazirliyi ilə BP şirkəti arasında "Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. 2021-ci il mayın 20-də "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Beynəlxalq Ticarət Departamenti arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. Sənəddə iki ölkə arasında enerji məsələlərində, o cümlədən bərpaolunan enerji, enerji səmərəliliyi, aşağıkarbonlu texnologiyalar, liberal enerji bazarına keçid və elektrik şəbəkələri kimi sahələrdə əməkdaşlıq və iqlim dəyişikliyi probleminin həlli imkanlarının araşdırılması nəzərdə tutulur.

AZƏRBAYCAN SLOVENİYA BAZARINA DAXİL OLACAQ

Cənab Prezident çıxışında Azərbaycanın təbii qazının səkkiz ölkənin aldığını qeyd edərək onlardan beşinin - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniyanın Avropa İttifaqının üzvü olduğunu bildirib: "İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Sessiyadan əvvəl cənab Baş nazirlə müzakirə etdik ki, dünən Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq".

Ölkələrimizin iqtisadi əlaqələrində neft-qaz sahəsində əməkdaşlıq mühüm yer tutur. BP Azərbaycanın neft-qaz sektorunda çalışan əsas Britaniya şirkətidir. Şirkət Azərbaycanın neft-qaz sektorunun inkişafına və modernləşdirilməsinə mühüm töhfələr verməklə enerji sektorunda ölkəmizin əsas tərəfdaşı qismində çıxış edir. BP "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" layihələrinin operatoru, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin komponentləri olan Cənubi Qafqaz boru kəmərinin, TANAP, TAP kimi irimiqyaslı layihələrin əsas sərmayədarlarından biridir. BP Azərbaycanda ən böyük xarici investordur. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandığı vaxtdan etibarən SOCAR və BP arasında enerji sahəsində uğurlu əməkdaşlıq qurulub və 2017-ci il sentyabrın 14-də SOCAR və BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq", "Günəşli" yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni saziş imzalanıb. Sazişin imzalanması Azərbaycan-Britaniya əməkdaşlığında növbəti tarixi hadisədir. Bu saziş ölkələrimiz arasındakı əlaqələrin möhkəmliyinin, qarşılıqlı etimadın və faydalı investisiya layihələrinin uğurlu təzahürüdür.

"BİZİM RESURSLARIMIZ VƏ İNFRASTRUKTURUMUZ VAR"

"Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq", - deyən Prezident bildirib ki, bu, bizim hədəfimizdir: "Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq. Çünki bizim İtaliyaya təchizatımız 9 milyard kubmetrdirsə, İtaliyaya bizdən 20 milyard kubmetr qaz lazımdır. Bu, sadəcə, qazımıza olan tələbatın bir nümunəsidir. Digər bir məqam isə qazıntı yanacağı və onun müəyyən demonizasiyası ilə bağlıdır".

"CƏNUB QAZ DƏHLİZİ İSTİSMARA VERİLDİKDƏN SONRA BİZ DƏRHAL AVROPAYA TƏCHİZATA BAŞLADIQ"

Avropa və Asiyanın qovşağında çox əlverişli coğrafi mövqeydə yerləşən Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malikdir. Bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmış Azərbaycan Respublikası özünün enerji ehtiyatlarından çox səmərəli şəkildə istifadə edir. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin iştirakçısıdır. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Odur ki, ölkəmizin enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində, sülhün bərqərar olunmasında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan enerji ehtiyatlarının ixracında dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı bir strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin Cənubi Qafqazın geostrateji təhlükəsizliyini daha da gücləndirir. "Bizim enerji layihələrinə gəlincə, Azərbaycan etibarlı təchizatçı olub. Demək olar ki, 20 il ərzində biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdik və qonşularımızla birlikdə onu istismara verdik" – deyə bildirən Prezident diqqətə çatdırıb ki, indi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik: "Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir. Üç ildən artıqdır ki, biz mühüm qaz təchizatçısına çevrilmişik. Bizim qaz kəmərimiz - Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verilib. Sözsüz ki, müqavilələr bundan əvvəl imzalanmışdı və biz avropalı tərəfdaşlarımızı dərhal təchiz etməyə başladıq. Bundan əvvəl bizim tərəfdaşlarımız yalnız Gürcüstan və Türkiyə idi. Beləliklə, qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi - Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq".

İndi Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edir və bir çox ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinin təmin olunmasında fəal rol oynayır. Bu gün beynəlxalq aləmdə güclü iqtisadiyyata, müstəqil siyasətə malik Azərbaycan dünyaya həm də, neft, qaz, elektirik enerjisi, neft – kimya məhsulları ixrac edir. Dünyada sülhsevər ölkə kimi tanınan müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günbəgün artır, tərəfdaşlarının sayı çoxalır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər