PDF Oxu

Siyasət

  • 2 224

Demokratiyanın meyarı: söz və mətbuat azadlığı ŞƏRH

Demokratiyanın meyarı: söz və mətbuat azadlığı ŞƏRH

Nailiyyətləri, təşəbbüsləri və nəhəng iqtisadi layihələri ilə dünya birliyində sayılıb-seçilən Azərbaycan cəmiyyətində söz və mətbuat azadlığı demokratiyanın meyarı və ölçüsüdür. Ölkəmizdə bu dəyərlərin mövcudluğu Azərbaycan mətbuatının inkişafında önəmli rol oynayır. Milli mətbuatımızın təməlini qoyan "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşr olunması tarixindən artıq 149 il ötür. Ölkə həyatında böyük əks-səda doğuran və milli mətbuatın əsasını qoyan "Əkinçi" qəzeti Azərbaycanın ictimai həyatının ən mühüm tarixi hadisələrindən birinə çevrildi. Qəzetin naşiri, redaktoru, korrektoru Azərbaycan milli maarifçilik hərəkatının banilərindən olan, təbiətşünas alim Həsən bəy Zərdabi idi. "Əkinçi" Azərbaycan dilində yayımlanan ilk qəzet olaraq ayda iki dəfə 300-400 tirajla yayımlanmağa başladı və dövrün təqiblərinə baxmayaraq, mübarizələrə sinə gərərək səhifələrində maarifçi və demokratik ideyaların təbliğinə yer ayırdı, ictimai, siyasi və bədii fikrin inkişafında öz sözünü demiş oldu. Qəzet xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq, savadlanmasına kömək məqsədi daşıdığından böyük əhəmiyyət kəsb edirdi.

Əsrlərə qovuşacaq tarix - 22 iyul 1875-ci il mütərəqqi ideyaların carçısı və tribunası olan qəzetin ilk sayının işıq üzü gördüyü gündür. Elm, maarif, mədəniyyət və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edən "Əkinçi" qəzeti cəmi 2 il fəaliyyət göstərsə də, xalqımızın mədəniyyət tarixində böyük ad qoyub. Mübariz ruhlu maarifçi ziyalılar öz amallarını gerçəkləşdirmək üçün "Əkinçi"nin işığına toplaşmışdılar. Hünər, cəsarət tələb edən bir zamanda, təqibləri gözünə almayan ziyalının görkəmli simalar məsləkdaşı, silahdaşı oldu. Dövrün görkəmli maarifçiləri canlı xalq dilinə əsaslanan, sadə və anlaşıqlı bir dildə olan yazıları ilə oxucularının görüşünə gəlirdilər. "Əkinçi" ilk toxumlarını səpdi və milli mətbuatımız mərhələ-mərhələ inkişaf yolu keçdi. Heydər Əliyev deyirdi: "Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. "Əkinçi"dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik."

Təbii ki, ictimai fikrin formalaşmasında mətbuatın rolu danılmazdır və cəmiyyətdə böyük təsir gücünə, xüsusi çəkiyə malikdir. Tarixdən bizə bəlli olan həqiqətdir ki, söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətdə insan hüquqlarından söz açmaq mümkün deyil. Uzun bir tarixi dövrə malik olan Azərbaycan milli mətbuatı müstəqillik dövründə daim diqqət və qayğı ilə əhatə olunmuşdur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Dövlətimizin inkişafı milli informasiya resurslarından da yan keçməmiş, onun ümumdünya informasiya şəbəkəsindəki çəkisini artırmış, rəqabət qabiliyyətini daha da yüksəltmişdir. Müstəqilliyinı bərpa etmiş Azərbaycanda milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlıdır. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər, milli mətbuata olan münasibət və qayğı öz nəticəsini vermişdir. Ölkəmizdə söz azadlığı bərqərar olundu və onun əsas daşıyıcısı olan müstəqil mətbuat yaradıldı. KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər mətbuatın inkişafına yeni yollar açdı. Ulu Öndər Heydər Əliyev tərəfindən əvvəlcə hərbi senzura, 1998-ci ilin avqustunda isə, bütövlükdə, KİV üzərində dövlət senzurası ləğv edildi. Belə ki, Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olundu. Bu Fərman Kütləvi İnfromasiya Vasitələrinin sürətli inkişafına ciddi təkan verdi.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev söz və informasiya azadlığı, demokratiyanın inkişafına böyük diqqət ayırır. "Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki, bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Bu gün dünyanın sürətlə inkişaf edən ölkələri sırasında yeri olan Azərbaycanın uğurlarının dünyaya çatdırılmasında milli mətbuatın rolu əvəzsizdir. Ölkəmizdə demokratik proseslərin inkişafı, milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Bu gün ölkəmizdə media azadlığı təmin olunub, internet media inkişaf edib, jurnalistlərin sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb. Qloballaşan dünyada dəyərlərimizi, milli maraqlarımızın və mənafelərimizin qorunmasında daha məsuliyyətlidir. Azərbaycanın 44 günlük Vətən müharibəsində həqiqətlərinin dünyaya çatdırılmasında rolunu xüsusi qeyd etməliyik. Ən qaynar nöqtələrdə biz mətbuat işçilərinin səsini eşitdik. Düzgün və qərəzsiz informasiyaları dünyaya yaymış oldular. Erməni terroru, təcavüzkar siyasəti qələmə alındı, reportajlar vasitəsi ilə dünyaya çatdırıldı. Bu gün yeni reallıqlar yaratmış Azərbaycanın sülhsevər siyasəti, reallaşdırdığı islahatlar, mövqeyi və uğurları mətbuat vasitəsi ilə dünyaya çatdırılır. Milli mətbuat öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirdi. Bu gün ölkəmizdə mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə bütün imkanların yaradılmasına tam şərait var. Mətbuat işçiləri dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunub.

Zəfər qazanmış Azərbaycanda milli mətbuatımız 149-cu ildönümünü qeyd edir. Bu təkcə mətbuat işçilərinin deyil, cəmiyyətimizin bayramıdır. Azad söz azad cəmiyyətin təməl daşıdır.

Güləddin Dadaşov,

YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri,

"Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Digər xəbərlər