Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 149 il ötür. Ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olub. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb.
O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri yaşayan Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü funksiyasını yerinə yetirməkdə davam edib. Sovet hakimiyyəti dönəmində ciddi senzura ilə qarşılaşan milli mətbuatımız ötən əsrin 80-ci illərindən başlayaraq azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısına çevrilməyə başlayıb. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlamağı bacarıb, respublikanın ictimai-siyasi həyatında fəal şəkildə təmsil olunub. Məhz bu dövrdə ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxmışdır.
Müstəqilliyin ilk illərindən başlaraq mətbuatın inkişafı ölkəmizin dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və mətbuatın davamlı inkişafı, mətbuat və söz plüralizmi hər zaman təmin olunur. Azərbaycan müstəqillik qazandıqdan qısa bir müddət sonra, Prezident Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi ilə Azərbaycan mətbuatının inkişafında yeni bir mərhələ başlanmış və kütləvi informasiya vasitələrinin rasionallığının artırılmasında ciddi addımlar atılmışdır.
Son 20 ildə Heydər Əliyev siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev cəmiyyət həyatında mətbuatın rolunu yüksək dəyərləndirərək bildirir ki, hüquqi dövləti mətbuatsız təsəvvür etmək qeyri-mümkündür. Bu baxımdan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamları əsasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi, onlarla jurnalistin fəxri adlar və “Tərəqqi” medalı ilə təltif edilməsi, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi milli mətbuatın inkişafına ali diqqətin bir neçə nümunəsidir. Mütərəqqi islahatların davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, yenilikçi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və onların möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.
Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Zəfərə gedən yolu yaxılnaşdıran milli mətbuatımız 30 il ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatıdırılması məqsədilə bütün resursları ilə səfərbər olmağı bacarıb. Qırx dörd günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyük oldu. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən Ermənistanın törətdiyi müharibə cinayətləri haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
Müasir dövrümüzdə fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənirlər. Azərbaycan jurnalistləri bu gün də iş başındadır və haqq işimiz uğrunda mübarizəni qətiyyətlə davam etdirirlər.
Fərhad Baxışov,
YAP Neftçala rayon təşkilatının əməkdaşı