Siyasət

  • 500

Çətin və şərəfli yol keçən Azərbaycan mətbuatı ŞƏRH

image

İyulun 22-də Azərbaycan Milli Mətbuatının yaranmasının 149 yaşı tamam olur. Bu, əslində, tək mətbuatın deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin bayramıdır. Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri olan Milli Mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir. Azərbaycan və eləcə də bütün Şərq aləmi üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyət vasitəsi olan mətbuatın yaranması, əslində, ölkədə gedən mühüm ictimai-siyasi, iqtisadi və mədəni proseslərlə, o cümlədən, maarifçilik hərəkatının, dünyəvi teatrın və yeni tipli məktəbin təşəkkül tapması ilə sıx bağlıdır. 1832-ci ildə "Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Zaqafqazski vestnik" qəzetinə "Qafqazın bu tərəfinin əxbarı" adlı azərbaycanca buraxılan əlavə milli mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlar olmuşdu. Milli mətbuatımızın bünövrəsi 1875-ci il, iyulun 22-də "Əkinçi" qəzetinin ilk sayının nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub. Dövrünün görkəmli ədibləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstəriblər. Ölkədə cərəyan edən ictimai proseslər və cari məsələlər yerli rusdilli mətbuatda öz əksini tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet isə birinci nömrəsi 1871-ci ilin mart ayında işıq üzü görən "Bakinski listok" olub. 1876-cı ildə ikinci rusdilli qəzet "Bakinskiye izvestiya" nəşrə başlayıb. Rusdilli qəzetlər içərisində daha uzunömürlü olmuş "Kaspi"nin 1897-ci ildən etibarən naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüş və təxminən həmin dövrdən onun redaktoru Əlimərdan bəy Topçubaşov, sonralar isə Əlibəy Hüseynzadə olmuşdu. Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndər hələ dövlət təhlükəsizliyi orqanlarında çalışdığı illərdə, xüsusən də, Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi olarkən, mətbuatla sıx təmas onun iş prinsipinin başlıca istiqamətlərindən biri olub. Bu, ondan irəli gəlirdi ki, Heydər Əliyev hər zaman çox güclü təbliğat və təşviqat maşını olan mətbuatın insanları səfərbər etmək, onları təşkilatlandırmaq imkanlarını çox gözəl bilirdi: "Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri həmişə sevmişəm". Dahi şəxsiyyət Heydər Əliyev sovet dövründə olduğu kimi, müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu illərdə də mətbuatımızın inkişafı naminə çox böyük işlər görüb. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist kadrlarının sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın lisenziyasızlaşdırılmasının və senzuranın ləğvi, bir sıra mətbuat orqanlarının dövlətə olan borclarının ləğvi, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına maliyyələşdirilməsi, bu və ya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media mənsubunun cinayət məsuliyyətindən azad olunması - bütün bunlar Ulu Öndərin Azərbaycan mətbuatına qayğı və diqqətinin bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənib. İndi Azərbaycanda istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Bunun üçün yetərincə əlverişli mühit olduğundan, qəzet və jurnalların sayı durmadan artır. Bu gün Azərbaycanda hər kəsin imkanı var ki, onu düşündürən, narahat edən məsələlər barədə mülahizələrini mətbuata çıxarsın.Prezident İlham Əliyevin 2003-cü ildə Azərbaycan jurnalistlərinin birinci qurultayında mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası yarandı. 31 iyul, 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" kimi mühüm bir sənəd təsdiq olundu. Konsepsiyaya uyğun olaraq, 22 may, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin Sərancamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur. Söz və məlumat azadlığının təmin olunması sahəsində aparılan siyasətin nəticəsində bu gün Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Ölkəmizdə 4200-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində qeydiyyata götürülmüş, 50-dən artıq informasiya agentliyi müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. Respublikamızda 36 gündəlik, 100-ə yaxın həftəlik və 8-dən artıq aylıq qəzet nəşr olunur. Prezident İlham Əliyevin 2005-ci ildə Azərbaycan milli mətbuatının 130, 2010-cu ildə 135, 2020-ci ildə isə 145 illik yubileylərinin keçirilməsi ilə bağlı müvafiq sərəncamlar imzalaması, yubiley münasibətilə mətbuat işçilərini təltif etməsi, onlara fəxri adlar verməsi respublikamızda jurnalistlərin stimullaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdəndir. Bütün bunlar jurnalistika tariximizə, milli-mənəvi dəyərlərimizə, kütləvi informasiya vasitələrimizə verilən yüksək dəyərin göstəricisidir. 2020-ci il sentyabrın 27-də təcavüzkar erməni ordusunun Azərbaycanı müxtəlif mövqelərdən atəşə tutması ilə başlayan II Qarabağ müharibəsi isə Azərbaycan mətbuatı üçün növbəti sınaq oldu. 44 gün ərzində Azərbaycan jurnalisti həm ön, həm də arxa cəbhədə yorulmadan çalışdı. Müharibə zonasından canlı bağlantılar, Azərbaycan Ordusunun hər gün artan uğurlarına dair ən son xəbərlər operativ şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırıldı. Media müharibə günlərində xüsusi aktivlik nümayiş etdirərək əsl vətənpərvərlik mövqeyini ortaya qoydu. Jurnalistlər çevik kommunikasiya vasitələrini, müasir tendensiyaları fəaliyyətlərində bacarıqla tətbiq etdilər. Bu dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması mətbuatın bir nömrəli vəzifəsinə çevrildi.2021-ci il iyunun 4-də Azərbaycanın 2 jurnalistinin - Məhərrəm İbrahimov və Sirac Abışovun xidməti vəzifələrini yerinə yetirməyə gedərkən Kəlbəcərdə minaya düşərək həlak olması Azərbaycan mətbuatına ağır itki olsa da, bu hadisə və həmin jurnalistlərin keçdiyi həyat yolu Azərbaycan jurnalistinin cəsarətini, qorxmazlığını və vətənpərvərliyini bütün dünyaya bir daha sübut etdi. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Əlbəttə, digər sahələrdə olduğu kimi mediada da geniş islahatlara başlanacağı gözlənilən idi. KİV orqanlarında keyfiyyət dəyişikliyinə ciddi şəkildə ehtiyac yaranmışdı. Bu istiqamətdə yeniliklərin tətbiqi zəruri hesab olunurdu. Fərmanda qeyd edildiyi kimi, ötən əsrin 90-cı illərində Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaranıb. Ölkə başçısının fərmanı medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasında böyük rol oynayır. Bir sözlə, "Media haqqında" qanun layihəsi media mühitini sağlamlaşdıracaq, Reyestr jurnalistlərin və media subyeklərinin dairəsini müəyyənləşdirməklə onların inkişafına dəstək verməyə imkan verəcək.Həmçinin, onu da vurğulamaq lazımdır ki, yeni qanunda media savadlılığının artırılması ilə bağlı təsbit edilən müddəalar jurnalistlərin peşəkarlığının artırılması, yeni peşəkarların formalaşmasında mühüm rol oynayacaq.

Azərbaycan mediası bu inkişafın ön sıralarında qərar tutmaqdadır.Bütün bunlar göstərir ki, Azərbaycan dövləti milli mətbuatımıza daim diqqət göstərir və onun inkişafına yönələn tədbirlər həyata keçirilir.

Mehman RAMAZANOV,

YAP OĞUZ rayon təşkilatının sədr müavini

Digər xəbərlər