Bu gün ölkəmizdə Milli Mətbuat Günü qeyd olunur. Məhz bu günün mətbuat günü kimi qeyd olunması isə Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə ölkəmizdə anadilli ilk mətbu orqanın əsasının qoyulması ilə bağlıdır. Həmin gün "Əkinçi" qəzetinin ilk sayı işıq üzü görüb. 1875-1877-ci illər ərzində fəaliyyət göstərən "Əkinçi"nin 56 sayı işıq üzü görüb və bu qəzetin nəşri təkcə Azərbaycanda deyil, bütün Qafqazda geniş əks-səda doğurub. Ömrü qısa olsa da, qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, mütərəqqi ideyaları ilə Çar Rusiyasının hakim dairələrini narahat etdiyinə görə fəaliyyəti dayandırılıb.
Kütləvi informasiya vasitələri mətbuat cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Azərbaycan milli mətbuatı da yarandığı ilk gündən milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı yerinə yetirib. Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası bir əsr yarıma yaxın bir dövrdə çətin, lakin şərəfli yol keçib. Müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalsa da, bütün çətinliklərə dözüb, öz yolundan dönməyib, daim həqiqətin carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Belə bir şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır.
Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə mətbuata böyük diqqət və qayğı ilə yanaşırdı. Məhz onun təşəbbüsü ilə mətbuat üzərində senzura aradan qaldırıldı, söz və mətbuat azadlığı bərqərar edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ölkəyə rəhbərlik etdiyi ilk dövrdən başlayaraq kütləvi informasiya vasitələrinə xüsusi həssaslıqla yanaşmış, mətbuat orqanlarına maliyə dəstəyi göstərilməsinə, onların maddi-texniki bazasının möhkəmlən-məsinə həmişə əməli köməklik göstərmişdir.
Hazırda ölkəmizdə minlərlə KİV fəaliyyət göstərir və informasiyaların yayılmasında onlara heç bir məhdudiyyət qoyulmur.
Məhz buna görə də Azərbaycanda ildən-ilə mətbuat orqanların sayı artır.İndi ölkəmizdə mətbuat orqanları azad, demokratik bir mühitdə fəaliyyət göstərir.
Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığı istiqamətində də çox uğurlu irəliləyişlər göz qabağındadır. Ölkədə söz azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, istər yazılı, istərsə də elektron kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilir. Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqların möhkəmlənməsi prosesi sürətləndikcə, azad söz və mətbuat da cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur, bu sahənin qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində mühüm addımlar atılır.
Milli mətbuat günü münasibətilə hörmətli mətbuat işçilərini təbrik edir, onlara Azərbaycan həqiqətlərinin obyektiv şəkildə dünyaya çatdırmalarında uğurlar arzulayıram.
Nazim Bünyatov,
YAP Ağcabədi rayon təşkilatının sədr müavini