Prezident İlham Əliyev: "Biz oraya tanklarla yox, avtomobillərlə gələcəyik"
Tarixin müxtəlif dönəmlərində azərbaycanlılar öz əzəli torpaqlarından uzaqlaşdırılmış, deportasiyaya məruz qalmışdırlar. XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib. Tarixdən bəllidir ki, 1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilib, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilib, yüzlərlə Azərbaycan kəndi yer üzündən silinib. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail olublar. "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ona ünvanlanan sualları cavablandırarkən bildirdiyi kimi, "Azərbaycanlılar hələ XX əsrin əvvəllərində - 1918-ci ildə və müharibədən dərhal sonra, - mən İkinci Dünya müharibəsini nəzərdə tuturam, - Qərb ölkələrində yaşayan ermənilərin Ermənistana köçürülməsi və onların yerləşdirilməsi kimi tam düşünülmüş bir bəhanə ilə indiki Ermənistan ərazisindən deportasiyaya məruz qalıblar. O vaxt, 1940-1950-ci illərdə sovet hökuməti tərəfindən bir neçə qərar qəbul edildi və yüz minlərlə insan Qərbi Azərbaycanda yaşadıqları, məskunlaşdıqları ərazilərdən sürgün olundu". Zəngəzur, Göyçə və digər yerlərdəki təbii-iqlim şəraitindən tamamilə fərqli olan Kür-Araz ovalığına deportasiya edilən azərbaycanlıların çoxu dünyasını dəyişib.
Qeyd edək ki, SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar. SSRİ Nazirlər Sovetinin bu qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktları olub. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq qovulub. Azərbaycanlıların hüquqları kobudcasına pozulub, onlara qarşı sərt repressiyalar həyata keçirilib.
"ERMƏNİSTAN RƏHBƏRLİYİNİN SİYASİ İRADƏSİNƏ, BƏYAN ETDİYİ DEMOKRATİYA VƏ QANUNUN ALİLİYİ PRİNSİPLƏRİNƏ SADİQLİYİNƏ ÜMİD BƏSLƏYİRİK"
Forumda Cənab Prezidentə ünvanlanan "Azərbaycanlılar öz Vətənlərini - Qərbi Azərbaycanı görəcəklərmi?" sualını cavablandırarkən Cənab Prezident tarixi dövrə nəzər salıb və "Konkret suala gəldikdə isə, mən əminəm ki, həmin gün mütləq gələcək", - deyə bildirib. 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş verib, nəticədə 250 min azərbaycanlı qaçqın düşüb. Bu hadisəyə, o cümlədən Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə Azərbaycan xalqının etirazı ona qarşı 1990-cı ilin yanvarında Sovet qoşunlarının yeridilməsinə, Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında kütləvi qırğınlarla səbəb olub. "1980-ci illərin sonlarında baş verən etnik təmizləmə başladı", - deyən Prezident bildirib ki, bütün bunlar barədə Qərbin, o cümlədən Rusiyanın, 1990-cı illərin Rusiyasının media məkanında danışılmayıb. Onlar bu barədə susublar: "Qafan bölgəsində və başqa rayonlarda azərbaycanlıların Ermənistan ərazisindən vəhşicəsinə deportasiyası haqqında tamamilə susarkən, Ermənistanın yalan hekayəsinə dair yüz faizli birtərəfli meyil var idi. Prinsipcə, elə hər şey də buradan başladı. Bu, sonradan böyük yanğına çevrilən qığılcım idi. Beləliklə, xalqımız deportasiyanın bütün əzablarını yaşadı". Ermənistan rəhbərliyinin siyasi iradəsinə, bəyan etdiyi demokratiya və qanunun aliliyi prinsiplərinə sadiqliyinə Azərbaycanın ümid bəslədiyini bildirən Cənab Prezident hələ ötən ilin sentyabrında antiterror əməliyyatı keçirilməmişdən əvvəl, Qarabağın erməni əhalisinin nümayəndələrini dəfələrlə görüşlərə, söhbətlərə dəvət etdiyimizi qeyd edib: "Mən parlamentin üzvləri arasından Prezidentin xüsusi nümayəndəsini təyin etdim, o, Qarabağın erməni əhalisi ilə təmasların qurulması və onların sonrakı yaşayışının və həyat fəaliyyətinin müəyyən edilməsi üçün xüsusi olaraq təlimatlandırıldı. O vaxt Qarabağ ermənilərinin nümayəndələri ilə hətta ilk görüş hələ nəzarətimiz altında olmayan ərazidə, Xocalıda, Rusiya sülhməramlı kontingentinin bazasında baş tutdu. Ancaq biz həm də o vaxt təklif etdik ki, növbəti görüş artıq nəzarətimiz altında olan ərazidə baş tutsun. Lakin ovaxtkı separatçı rejim bundan imtina etdi".
"AZƏRBAYCANLILARIN YAŞADIĞI KƏNDLƏRİN 90 FAİZİNDƏ İNDİ HƏYAT YOXDUR"
19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında dayanmağa gücü çatmadı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. 19 sentyabrda uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu. "Sentyabrın 20-də biz nəzarəti bərpa edərək separatizmə son qoyanda yenə erməni əhalisinin nümayəndələri ilə bir neçə görüş keçirildi, amma yenə də nəticə əldə olunmadı. Bu dediklərim bizim məsələyə olan yanaşmamız haqqındadır. Təbii ki, biz Ermənistan hökuməti tərəfindən də eyni yanaşmanı gözləyirik. Biz onlardan açıq-aydın bəyanat gözləyirik ki, bugünkü Ermənistan ərazisindən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar, yaxud oradan didərgin salınanların övladları və nəsilləri öz tarixi torpaqlarına necə qayıda və həmin yerlərə gedə bilərlər, yaxud həmin torpaqlarda necə yaşaya bilərlər. Üstəlik, bizdə olan kifayət qədər mötəbər məlumatlara görə, azərbaycanlıların yaşadığı kəndlərin 90 faizində indi həyat yoxdur, yəni həmin yerlər boşdur, oralar Füzuli, Ağdam və digər yerlər, habelə bütün digər Azərbaycan kəndləri 30 il ərzində dağıdıldığı kimi yerlə-yeksan edilib" – deyə dövlətimizin başçısı vurğulayıb.
"QƏRBİ AZƏRBAYCANDAN QOVULMUŞ AZƏRBAYCANLILARIN VƏ ONLARIN NƏSİLLƏRİNİN SAYI BU GÜN AZƏRBAYCANDA MİLYONLARLADIR"
Əlbəttə ki, Azərbaycan Prezidentinin qüdrəti və apardığı uğurlu xarici və daxili siyasət sayəsində Qərbi azərbaycanlıların da tarixi torpaqlarına qayıdacağı gün uzaq deyil. Ölkəmizin iqtisadi və sosial inkişafı, beynəlxalq nüfuzunun artması, xalqımızın rifahının yüksəlməsinə və daha gözəl gələcəyinin təmin edilməsinə xidmət edən dövlət siyasəti daha böyük uğurları bizlərə yaşadacaqdır. "Biz oraya tanklarla yox, avtomobillərlə gələcəyik", - deyən Prezident bildirib ki, bu mesaj, bugünkü erməni rejiminin sponsorlarının, xüsusən Parisdə və digər Qərb paytaxtlarındakıların onlara çox aydın şəkildə çatdırmalı olduğu ismarışlardan biridir: "Axı, indi onlar özlərini ən qabaqcıl avropalılar kimi qələmə verirlər. Qoy onlar Avropa İttifaqına xas olanı - milli azlıqların, onların dilinin, tarixinin, mədəniyyətinin necə qorunmalı olduğunu nümayiş etdirsinlər. Bunu sözdə deyil, əməldə nümayiş etdirsinlər. Düşünürəm ki, burada təkcə Azərbaycanın istəyi, yaxud Azərbaycanın fəaliyyəti kifayət etməyəcək. Zənnimcə, bu məsələyə beynəlxalq media qurumları və beynəlxalq qeyri-hökumət təşkilatları qoşulsaydı, çox yaxşı olardı. Çünki Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarladır. Əgər buna Azərbaycanın region kontekstindən yanaşsaq, bu, əhalisinin sayına görə ölkəmizin ən böyük regionudur".
Xalqımızın inamını özünə qaytaran, Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, Ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm Qələbə yeni reallıqlar yaradıb. Zəfərimiz bütün dünyaya xalqımızı yenilməəz bir bir xalq kimi təqdim edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Prezidentinin siyasi iradəsi, diplomatik gücü və hərbi sərkərdəlik bacarığı nəticəsində 30 il işğal altında qalan torpaqlarımız 44 gün ərizində düşməndən azad edildi.
Göründüyü kimi, bütün hədəf və məqsədimiz aydındır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, Azərbaycan ordusu 44 günlük müharibədə qələbə əzmini dünyaya nümayiş etdirdiyi kimi, bundan sonra da qarşıya qoyduğu məqsədləri reallaşdıracaqdır.
Zümrüd BAYRAMOVA