PDF Oxu

Siyasət

  • 1 274

COP29-un Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq miqyasda artan nüfuzunun təsdiqidir TƏHLİL

COP29-un Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq miqyasda artan nüfuzunun təsdiqidir TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: «Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik, Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq»

«Biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq.Bu tədbir (COP – red.) qlobal miqyasda ən mühüm hadisələrdən biridir. Bu, dünyada bir nömrəli konfransdır».Bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında deyib.Tədbirin postsovet məkanında ilk dəfə keçirildiyini bildirən dövlətimizin başçısı qeyd edib: “Bu, misilsiz bir şansdır ki, biz ən yüksək liqaya daxil oluruq. Biz təkcə təşkilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük. Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik, Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq».

«BİZİM ÜSTÜNLÜYÜMÜZ ONDAN İBARƏTDİR Kİ, DÖRD İL ƏRZİNDƏ QOŞULMAMA HƏRƏKATININ SƏDRLİYİNİ ETMİŞİK»

Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycanın hər bir təşəbbüsü əməkdaşlığın inkişafına, regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, dünyada əks qütblər arasında birliyin, həmrəyliyin yaradılmasına xidmət edir. Bu baxımdan, ölkəmiz beynəlxalq aləmdə sabitləşdirici faktor kimi mövqeyini möhkəmləndirir.

Bu reallığı vurğulamaq lazımdır ki, hər zaman qlobal təşəbbüslər müəllifi Prezident İlham Əliyevin irəli sürdüyü hər bir təklif reallığa çevrilir. Ümumiyyətlə, Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə irəli sürdüyü qlobal təşəbbüslər beynəlxalq birlik tərəfindən birmənalı olaraq təqdir edilib. Bu, bir daha təsdiq edir ki, Azərbaycan 120 əsas üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatının fəaliyyətinə mühüm töhfələr verir, hətta onun artıq təşkilata çevrilməsi istiqamətində vacib addımlar atır. Qoşulmama Hərəkatının tamhüquqlu üzvü olan Azərbaycan təşkilatın ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha dünyaya nümayiş etdirir. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlamaları və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirilməsi, qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanması reallığını təsdiqidir. Bir sözlə, bütün bu faktlar bir daha onu göstərir ki, Azərbaycan pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, Qoşulmama Hərəkatına sədrlik fəaliyyətini uğurla həyata keçirir. Məhz Qoşulmama Hərəkatına üzv dövlətlərin 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciətləri isə dünyada ölkəmizə, onun Liderinə olan böyük inamın və etimadın ifadəsidir. Bundan başqa, pandemiyaya qarşı milli səviyyədə nümunəvi şəkildə mübarizə aparan respublikamız 30-dan çox dövlətə də dəstək verib. Respublikamızın “peyvənd millətçiliyi”nə qarşı qətiyyətlə mübarizə aparması da Qoşulmama Hərəkatına üzv dövlətlərin mənafelərinə tam uyğundur. Eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatı adından irəli sürdüyü təşəbbüs BMT-nin İnsan Hüquqları Şurasında dəstəklənib. Və bu gün Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi bütün üzv ölkələrin maraqlarını, beynəlxalq hüququn norma və prinsiplərini müdafiə edərək böyük etimad qazanması Azərbaycanın dünyada qəbul olunan norma və prinsiplərə necə hörmətlə yanaşdığının göstəricisidir. Göründüyü kimi, Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il uzadılması barədə qərarı həm də Prezident İlham Əliyevin dünyadakı nüfuzunun daha bir göstəricisi və onun şəxsiyyətinə verilən yüksək dəyərin ifadəsidir. Bəli, bu gün Ona inanırlar və irəli sürdüyü hər bir təklifləri bilavasitə dəstəklənir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin daha bir il uzadılması təşəbbüsünün irəli sürülməsi amili də bu kimi mühüm, prinsipial gerçəklikləri növbəti dəfə təsdiqləmiş olur. Bir sözlə, bütün göstərilənlər onu deməyə əsas verir ki, dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 20 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir. Nəticədə isə, dövlət başçımızın dediyi kimi: "Biz həmrəylik, qarşılıqlı dəstək və təsisatlarımızın gücləndirilməsində tərəqqinin şahidi olacağıq".

COP29-A EV SAHİBLİYİ ÜÇÜN SEÇİLMƏSİ AZƏRBAYCAN PREZİDENTİNİN BEYNƏLXALQ ALƏMDƏ GETDİKCƏ ARTAN NÜFUZUNUN NÖVBƏTİ GÖSTƏRİCİSİDİR

Bu, 2019-2023-cü illər ərzində Qoşulmama Hərəkatına dördillik sədrliyimizdən və 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına ikiliik qeyri-daimi üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğuru kimi qiymətləndirilməlidir.Prezident İlham Əliyev bütün çıxışlarında olduğu kimi, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında da bildirib ki, Azərbaycanda keçiriləcək COP29 həmrəylik tədbiri olsun: «İnkişaf etməkdə olan ölkələrə dəstək göstərilməlidir. Biz inkişaf etməkdə olan kiçik ada ölkələri üçün fond yaratdıq. Biz hər bir inkişaf edən, inkişaf etməkdə olan ölkə ilə bağlı fond yarada bilmərik. Bizim o qədər pulumuz yoxdur».Bu işdə həmrəyliyin vacibliyinə diqqət çəkən dövlətimizin başçısı vurğulayıb: “Digərlərini təşviq etməliyik ki, bizim nümunəmizə uyğun olaraq hərəkət etsinlər. Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 məhz həmrəylik tədbiri olsun”. Buna görə bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu bildirən Azərbaycan Prezidenti qeyd edib: “Demirəm ki, biz bütün hədəflərimizə tam şəkildə nail olacağıq, ancaq onlara çox yaxınlaşacağıq”.

«ATDIĞIMIZ BÜTÜN ADDIMLAR ƏSAS MƏQSƏDİ GÜDÜR: İQTİSADİ VƏ SİYASİ MÜSTƏQİLLİYİMİZİ DAHA DA GÜCLƏNDİRMƏK»

Prezident İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib ki, bizim atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da COP29-un bu istiqamətdə önəmli addım olacağını vurğulayan dövlətimizin başçısı bildirib: “Biz bu istəkdə olanda bəziləri bəlkə də bunu anlamırdı. Bu gün də buna ağız büzənlər var: “nəyə lazımdır”, “qoyun rahat yaşayaq?”, “yenə tədbir olacaq, yenə qonaq gələcək”. Biz artıq bunun bəhrəsini görürük. Azərbaycanın geosiyasi əhəmiyyəti artıq önəmli dərəcədə artıb. Bizim beynəlxalq müstəvidə təmasda olduğumuz ölkələrlə ikitərəfli əlaqələrimiz artıq başqa məcrada inkişaf edir”.

Prezident İlham Əliyev həmçinin onu da vurğulayıb ki, bizim COP heyətimiz çox səmərəli işləyir: «Qazıntı yanacaq növlərindən əldə etdiyimiz gəlirlərin ədalətli paylanılması çox şəffaf, məsuliyyətli şəkildə həyata keçirilir. Deyə bilərəm ki, vaxt keçdikcə bizə qarşı hücumların (COP29-la bağlı – red.) sayı azalır».

“Bizim COP heyətimiz çox səmərəli işləyir və vaxtının böyük hissəsini xaricdə keçirir, müxtəlif görüşlər keçirir”, - deyən dövlətimizin başçısı əlavə edib ki, ölkəmizin COP-la bağlı gündəliyi proqnozlaşdırılabilən, aydın və hədəflərə, məqsədlərə və nəticələrə köklənmiş bir gündəlikdir.

Bəli, Azərbaycanın cari ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi ölkəmizin iqlim dəyişikliyi ilə bağlı öz səylərini daim göstərdiyini, hökumətin iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər həyata keçirmək strategiyasını və bu sahədə öhdəliklərini anladığını bir daha sübut edir. Eyni zamanda, bu mühüm qərar beynəlxalq arenada Azərbaycana olan dərin etimadın sübutudur və ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Belə bir əhəmiyyətli beynəlxalq tədbirə ev sahibliyi etmək həm də bərpaolunan enerji layihələrində gələcək sərmayə və əməkdaşlığa təkan verəcək. Belə ki, bu, Azərbaycana digər ölkələrlə müvafiq sahədə əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmaq, bərpaolunan enerji və iqlim fəaliyyəti ilə bağlı qlobal müzakirələrə töhfə vermək üçün geniş platforma təmin edəcək.

Bir məsələyə də ciddi şəkildə diqqət yetirək. Azərbaycan COP29-a ev sahibliyi etmək şərəfinə nail olduqdan sonra ənənəvi azərbaycanafob dairələr yenə də ölkəmizin bu möhtəşəm uğuruna qərəzli münasibət sərgiləməyə başladılar. Xüsusilə Fransa Azərbaycanın bu uğurunu indi də həzm edə bilmir və qərəzli, çirkin kampaniyaların isə heç bir əsası yoxdur. Çünki bütün dünya gördü ki, Azərbaycan öz ərazilərinin 20 faizini Ermənistanın işğalından azad etməklə tarixi ədaləti beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, BMT Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun şəkildə təmin edib. Və ölkəmizə qarşı bəzi xarici dairələrdə çirkin kampaniyanın aparıldığı bir vaxtda əksər dünya dövlətlərinin etimad göstərərək Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyinə namizədliyini dəstəkləməsi Azərbaycan Prezidenti İlham Əliyev cənablarının ciddi diplomatik uğurdur.

Bir sözlə, Prezident İlham Əliyevin bu təşəbbüsü də əvvəlkilər kimi ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Və bu gün Azərbaycan, dövlət başçımızın söylədiyi kimi: "Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq". Və bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər