PDF Oxu

Siyasət

  • 3 105

Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzurda yol infrastrukturu TƏHLİL

Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzurda yol infrastrukturu TƏHLİL

Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Hər bir ərazi Baş Plana yenidən qurulur. İşğaldan azad olunan digər ərazilərimiz kimi, Füzulinin də Baş planda buranın yeni bir məkana çevrilməsi üçün görüləcək işlər öz əksin tapıb. 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq. Füzuli şəhərinin dayanıqlı inkişafına, sakinlərin və sahibkarların rifahına töhfə verəcək rəqəmsal həllərdən istifadə etməklə, ənənəvi şəbəkə və xidmətlərin daha səmərəli olmasının təmin edilməsi məqsədilə hazırlanmış "Ağıllı şəhər" konsepsiyası irəli sürülüb. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. Burada şəhərsalmanın bütün müasir tələblərinə cavab verəcək üç yaşayış kompleksi inşa olunur. Komplekslərdə ümumilikdə 2462 mənzil olacaq. Baş plana əsasən, təxminən 22,5 hektar ərazidə Mərkəzi park yaradılacaq. Parkda istirahət zonaları, botanika bağı, sıx meşə zonası, piknik və idman meydançaları və s. fəaliyyət göstərəcək.

ÖLKƏNİN İQTİSADİ QÜDRƏTİNİN GÖSTƏRİCİSİ - AVTOMOBİL YOLLARI

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Təbii ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Bərdə-Ağdam avtomobil magistralının davamı olan bu yolun uzunluğu 64,8 kilometrdir. Hazırda-Füzuli-Şuşa avtomobil yolunda işlər davam edir və birinci tunelin açılışı olub.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol 19,3 kilometr qısadır. Birinci texniki dərəcəli yolun 4-6 hərəkət zolağı var. Yolboyu müxtəlif diametrli 194 suötürücü boru, 38 yeraltı keçid, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin ümumi uzunluğu isə bir istiqamət üzrə 6450 metrə yaxındır. Yolun tikintisi layihəsi üzrə nəzərdə tutulmuş və ümumi uzunluqları (sağ və sol istiqamət) 12,7 kilometr təşkil edən 7 avtomobil tunelindən 6-sında qazma işləri artıq yekunlaşıb. Hazırda tuneldaxili işlər həyata keçirilir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə, işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir. Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir. Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir. Yol üzərində 2 körpü, 4 tunel və suötürücü borular inşa olunacaq. Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında qazma işləri yerinə yetirilib. Digər iki tuneldə - 540 və 300 metr uzunluqlarındakı ikinci və dördüncü tunellərdə isə işlərə yaxın vaxtda başlanılacaq.

QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONLARI ƏRAZİSİNDƏ MÜHÜM ROL OYNAYAN YOL İNFRASTRUKTURU

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə səfərləri çərçivəsində görülən işlər tarixə qovuşur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəngilan şəhərinə səfərində Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Layihə üzrə şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometrdir. Layihənin birinci mərhələsində ümumilikdə 17,14 kilometr uzunluğunda yollar salınacaq. İki və dörd hərəkət zolaqlı bu yolların eni 18-34 metr olacaq. Yolboyu velosiped və piyada zolaqları yaradılacaq, yaşıllıqlar salınacaq. Dövlətimizin başçısına Horadiz–Zəngilan avtomobil yolunda görülən əsaslı təmir işləri barədə də məlumat verilib. Qeyd edək ki, Horadiz–Zəngilan avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir. Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Horadiz-Zəngilan hissəsi ötən əsrin 80-ci illərində inşa edilib və otuzillik işğal dövründə tamamilə sıradan çıxarılaraq yararsız vəziyyətə salınıb. Uzunluğu 61 kilometr olan Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmiri dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən həyata keçirilib. Təmir-tikinti işləri Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Horadiz-Zəngilan hissəsində aparılıb. Üçüncü texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən qurulan yolun torpaq yatağının eni 12 metrdir. Yolboyu mövcud asfalt-beton örtüyü qazılaraq kənarlaşdırılıb, yol yatağının və yol əsasının tikintisi, müxtəlif ölçülü suötürücü boruların inşası, körpülərin təmiri, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri görülüb. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

"ŞƏRQİ ZƏNGƏZURUN HƏRTƏRƏFLİ İNKİŞAFI ÜÇÜN AVTOMOBİL YOLLARI XÜSUSİ ƏHƏMİYYƏT DAŞIYIR"

Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır. Rayonlar, kəndlər və qəsəbələrarası avtomobil yolu layihələrinin icrası uğurla həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, "Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır"

Bütün bunlar Cənab Prezidentin düşünülmüş siyasətin məntiqi nəticəsidir. Böyük Qayıdış strategiyası əsasında işğaldan azad olunan ərazilərimizin yenidəən qurulması və bərpası istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir. Bu gün həqiqətən də 30 ilə yaxın işğal altında olan və bu illər ərizində dağıdılan məkanlarımızın hər bir bölgəsi özünün yeni inkişaf mərhələsini yaşayır. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi insanların sosial rifahının yüksəlişinə xidmət göstərir. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanın işğaldan azad olunuan ərazilərində həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir.

Beynəlxalq tələblər səviyyəsində qurulan yollar, inşa olunan yeni körpülər, tunellər əlbəttə ki, piyadaların və sürücülərin rahat hərəkətində önəmli faktordur. Bu gün avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır. Yol infrastrukturunun müasir tələblər səviyyəsində qurulması prioritet vəzifələrdəndir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər