PDF Oxu

Siyasət

  • 3 142

Rəqabətə davamlı zəngin turizm məkanı TƏHLİL

Rəqabətə davamlı zəngin turizm məkanı TƏHLİL

Turizm sektorunun iqtisadiyyatda payı pandemiyadan əvvəlki səviyyəyə, yəni 2.4 faizə çatıb

Turizm insanların səyahətlərinin təşkilinə, onların mənəvi rahatlığına xidmət etməklə bərabər, maarifləndirmək, dünyagörüşünün inkişafı baxımından da əhəmiyyət kəsb edən bir sahədir. Azərbaycanda turizmin maddi-texniki bazasının möhkəmləndirilməsi, turizmin inkişafına dair dövlət proqramlarının icrasının məntiqi nəticəsi olaraq Azərbaycan turizm sahəsində böyük uğurlar qazanmışdır. Bu sahədə dövlətin apardığı siyasət turizmin inkişafına güclü təkandır və Azərbaycanda turizm sektoru sürətlə inkişaf etməkdədir. İnşa olunan otellər, yüksək standartlara uyğun xidmətin göstərilməsi diqqətdədir. Bu baxımdan turizm-ekskursiya işinin təşkilində bələdçilərin, bələdçi-tərcüməçilərin rolunu ayrıca qeyd etmək lazımdır. Azərbaycanda turizm imkanlarının genişləndirilməsi, yeni turizm marşrutlarının açılması, qış turizminin inkişaf etdirilməsi ölkəmizdə turizmin inkişafı üçün əlverişli şəraitin olduğunu göstərir. 2023-cü ildə Azərbaycan 2.1 milyon xarici ziyarətçi qəbul edib. Cari ilin ilk 6 ayında isə ölkəmizə 1.2 milyon əcnəbi gəlib, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 34 faiz artım deməkdir. Daxili turizm 2022-ci ildə bərpa olunub və 5.2 milyon ölkə vətəndaşı ölkə daxilində turizm məqsədli səfərlər edib, bu da 2019-cu il səviyyəsindən 20 faiz çoxdur. 2023-cü ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 2.7 milyard manat ÜDM istehsal olunub ki, bu da 2022-ci illə müqayisədə 22 faiz artım deməkdir. Ümumilikdə, turizm sektorunun iqtisadiyyatda payı pandemiyadan əvvəlki səviyyəyə, yəni 2.4 faizə çatıb.

"MİNLƏRLƏ İNSAN HƏR GÜN, XÜSUSİLƏ YAZ-YAY MÖVSÜMLƏRİNDƏ GÖYGÖL GÖLÜNƏ GƏLİR"

Azərbaycanın hər bir guşəsində geniş imkanlar yaradılıb. Ölkəmizin cənub bölgəsinin də əsrarəngiz təbiəti var. Zümrüd meşələri, bulaqları, laləli yamacları, yarpızlı dərələri diqqəti çəkəndir. Buradakı turizm istirahət mərkəzləri olan "Çənlibel", "Təbəssüm", "Meşəbəyi", "Ağgöl", "Qala" və s. istər yayda, istərsə də qışda turistlərin üzünə açıqdır. Lerik ölkəmizdə turizm diyarı, uzunömürlülər məskəni kimi tanınır. Son illər Lerik-Kəlvəz, Noda-Şingədulan-Xanagah, Piran-Hamarat-Vıjaker yollarının istifadəyə verilməsi diyarda yeni turizm mərkəzlərinin açılmasına səbəb olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir – meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr". Cənab Prezident bu rayonların sözün əsl mənasında, turizm mərkəzinə çevrilməsinin əsas vəzifələrdən biri olduğunu qeyd edib: "Son illərdə bir çox işlər görülüb. Mən dəfələrlə Göygöl, Lerik və Masallı rayonlarında olarkən, o cümlədən bu məsələ ilə də maraqlanırdım və öz tövsiyələrimi verirdim: "Bilirəm ki, bu rayonlarda müasir istirahət zonaları, otel kompleksləri inşa edilib və əlbəttə ki, bu proses daha geniş vüsət almalıdır… Mən əvvəlki illərdə, müharibədən əvvəlki illərdə də maraqlanırdım ki, nə üçün Göygöl gölümüzə, bizim təbii sərvətimizə insanların yaxınlaşması, yaxud da ki, gəlişi mümkün deyil. Bunu onunla əsaslandırırdılar ki, təmas xəttinə yaxın olan ərazidir. Ondan sonra araşdırmağa başladıq və gördük ki, Göygöl gölü turizm obyekti kimi və bu gölün ekoloji vəziyyəti, ekosistemi qorunmaq şərtilə açıla bilər və bunu da etdik. İndi minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümlərində Göygöl gölünə gəlir, bu gözəl mənzərəni seyr edir, xüsusilə Vətən müharibəsindən sonra ki, artıq biz düşməni torpaqlarımızdan qovduq".

TURİZMİN QLOBALLAŞMASI MÜASİR DÖVRÜN REALLIĞIDIR

Vurğulayaq ki, dağ gölü olan Göygöl Azərbaycanın ən gözəl və ecazkar təbii su hövzəsidir. Göygöl Gəncə şəhərindən 25 kilometr cənubda eyniadlı rayonda, Murovdağın şimal ətəklərində dəniz səviyyəsindən 1500 metrdən çox yüksəklikdə yerləşir. Bu göl 1139-cu ildə Gəncə şəhəri yaxınlığında baş vermiş dağıdıcı zəlzələdən sonra Kəpəz dağının dağılan zirvəsinin Ağsu çayının qarşısını kəsməsi nəticəsində yaranıb. Yaranan şəffaf sulu hövzə Göygöl adlandırılıb. Buranın nadir təbiətini, flora və faunasını qorumaq üçün 1965-ci ildə Göygöl Dövlət Təbiət Qoruğu yenidən təşkil edilib. Göygölün şimal sahili və onun ətrafı populyar istirahət zonasıdır. Bu yerlərin havasının tənəffüs yolları və əsəb sistemi xəstəliklərindən əziyyət çəkənlər üçün müalicəvi əhəmiyyəti olduğu hesab edilir. Gölün ətrafında yay mövsümündə turistlərin sevimli məkanı olan, müxtəlif turist bazaları, istirahət evləri, pansionatların olduğu Hacıkənd kurort zonası yerləşir. Bir neçə turist marşrutu da bu yerlərdən keçir.

"Əlbəttə ki, bu gözəl yerin turizm üçün çox böyük əhəmiyyəti var", – deyə Prezident bildirib: "Digər rayonlarda da turizm potensialı çox zəngindir. Vaxtilə Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Mənim göstərişimlə yol əsaslı şəkildə təmir olundu, yenidən quruldu".

Etiraf edək ki, turizmin qloballaşması müasir dövrün reallığıdır. Turizmin təşkilinə üstünlük verən ölkələr dünyanı tam şəkildə qəbul edir, onun hər yerində sülhün, əmin-amanlığın qorunmasına çalışırlar. Çünki müharibələr, münaqişələr, terror hadisələri turizmin inkişafına mane olan ən başlıca amillərdir. Bu gün ölkəmizdəki sabitlik, əmin-amanlıq turizmin də inkişafında önəmli faktordur.

Reallıqlar göstərir ki, müasir dövrümüzdə Azərbaycanın turizm ölkəsinə çevrilməsi və dünya arenasında öz sözünü deməsi üçün böyük potensialı vardır. Zəngin təbii sərvətləri, qədim tarixi və memarlıq abidələri, özünəməxsus mentaliteti, əlverişli ictimai coğrafi mövqeyi, eləcə də Xəzərin sahil zonaları turizmin inkişafında xüsusi əhəmiyyət kəsb edir.

ƏCNƏBİ TURİSTLƏRİN SAYINDA 65,1 FAİZ ARTIM QEYDƏ ALINIB

Bu gün turizm sektoru Qəbələ rayonunda iqtisadiyyatın ən əlverişli sahəsi olmaqla kiçik və orta sahibkarlıq üçün möhkəm baza yaradır, yeni iş yerlərinin açılmasına kömək edir, regionun infrastrukturunun formalaşdırılmasında mühüm rol oynayır. Ümummilli Lider Heydər Əliyev hələ 2002-ci ildə Qəbələ rayonunda səfərdə olarkən bu diyarın gözəlliyinə məftun olduğunu bildirib və Qəbələ gecələrini İsveçrə gecələrinə bənzətmişdi. Bu gün Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, ölkəmizin hər bir bölgəsi kimi, Qəbələnin də iqtisadiyyatı sürətlə inkişaf edir. Belə vüsətli inkişaf və zəngin turizm potensialı yaxın illərdə Qəbələnin dünyanın əsas turizm mərkəzinə çevriləcəyinə zəmin yaradır.

Azərbaycanın ən gözəl məkanlarından biri olan Qəbələ həm də çoxlu sayda tarixi abidələri, maddi-mədəniyyət nümunələri ilə məşhurdur. Qəbələ Tarix Diyarşünaslıq muzeyində bu diyarın qədimliyini əks etdirən yüzlərlə eksponat, tarixi maddi-mədəniyyət nümunələri Qəbələ haqqında tam təəssürat yaradır.

Qədim Qəbələnin maddi-mədəniyyət nümunələri ilə yanaşı, müasir Qəbələ şəhəri də turistlərin böyük marağına səbəb olur.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 44 min 310 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 17 min 641 nəfəri və ya 39,8 faizi Azərbaycan, 26 min 669 nəfəri və ya 60,2 faizi xarici ölkə vətəndaşı olub.

Yanvar-iyun aylarında Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 min 860 nəfər və ya 25 faiz artıb. Altı ayda yerli turistlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 1655 nəfər və ya 8,6 faiz azalsa da, əcnəbi turistlərin sayında 10 min 515 nəfər və ya 65,1 faiz artım qeydə alınıb.

Cari ilin yanvar-iyun aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib. Belə ki, altı ayda bu ölkənin 14 min 66 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, yanvar-iyun aylarında Qəbələyə Səudiyyə Ərəbistanından 3905, Birləşmiş Ərəb Əmirliklərindən 2168, Küveytdən 1070, Pakistandan 717, Rusiyadan 601, Qətərdən 405, Omandan 384, İsraildən 311, Türkiyədən 195, Bəhreyndən 160, Böyük Britaniyadan 156, ABŞ-dan isə 98 turist səfər edib. Bundan əlavə, həmin müddətdə Qəbələyə digər ölkələrdən də xeyli sayda əcnəbi turist gəlib.

XANKƏNDİDƏ "QARABAĞ" VƏ "PALACE" HOTELLƏRİ TURİZMİN İNKİŞAFINA TÖHFƏDİR

Bütün bunlarla yanaşı, turizm milli maraqların və iqtisadi inkişafın əsas istiqamətlərindən biridir. Əlbəttə ki, Azərbaycanda turizmin inkişafı məsələsi təkcə sosial-iqtisadi əhəmiyyət kəsb etmir. Çox mürəkkəb məkanda yerləşən ölkəmizin dünyaya daha real şəkildə təqdim edilməsinə də təsirini göstərir. Bu gün işğaldan azad olunan ərazilərimizdə böyük turizm imkanları var. Kəlbəcərin isti suyu, Şuşanın, Laçının sərin bulaqları və əzəmətli dağları, meşələri. Turizm səfərlərinə gələn xarici ölkə vətəndaşlarına ölkəmizin tarixi və mədəniyyəti, onun mənəvi dəyərləri haqqında geniş məlumatların çatdırılması Azərbaycanın dünya ölkələrinə tanıdılması baxımından diqqətəlayiqdir. Bütün bu reallıqları nəzərə alaraq Azərbaycan turizmi sistemli şəkildə inkişaf etdirilir.

Füsunkar təbiəti, tarixi-mədəni abidələri ilə tanınan Qarabağda geniş turizm potensialı var. Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün hərtərəfli tədbirlər görülür. Prezident İlham Əliyevin iştirakı ilə Xankəndidə açılışı olan "Qarabağ" və "Palace" hotelləri də turizmin inkişafında böyük rol oynayacaq. "Qarabağ" hoteli ötən əsrin ortalarında istifadəyə verilib. 2023-cü ildə 24 saatlıq antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam bərpasından sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanılıb. Yenidənqurma işlərindən sonra bina ilkin görkəminə qaytarılıb. Hotelin keçmiş adı da qaytarılıb və "Qarabağ" adı ilə fəaliyyət göstərir. Müasir səviyyəyə çatdırılan hoteldə Xankəndi şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran da fəaliyyət göstərəcək. Hoteldə işgüzar görüşlər və tədbirlər keçirmək də mümkün olacaq. Əsaslı təmir və bərpadan sonra açılışı olan "Palace" hotelində də qonaqların istirahəti və rahatlığı üçün hər cür şərait var. Müxtəlif tipli 54 otağın olduğu hoteldə ən müasir iaşə məkanları yaradılıb. Lobbi, açıq və qapalı terras zonalarından ibarət restoranda 300 qonağı qəbul etmək imkanı olacaq. Hotelin əyləncə və istirahət zonalarında SPA, sauna və qapalı hovuz, idman zalı yaradılıb.

Tarixi Zəfərimizdən sonra Şuşada bərpası başa çatan və təqdim edilən layihələrdən biri də "Yasəmən" otelidir. XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş, Şuşa şəhərinin Köçərli küçəsində yerləşən üç yaşayış binası işğal zamanı dağıdılaraq istifadəyə yararsız vəziyyətə salınıb. Heydər Əliyev Fondu ərazidə layihələndirmə işləri apararaq, 2022-ci ilin may ayından etibarən həmin yaşayış binalarının təmir-bərpa işlərinə başlayıb. Bərpa zamanı binalarda təməlbərkitmə işləri görülüb, divarlarda daxili bərkitmə işləri aparılıb. Mərmi düşməsi nəticəsində binanın dağılmış hissələri yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər isə sökülüb. Fond tərəfindən bərpa edilən binalar hazırda otel kimi istifadəyə verilib. "Yasəmən" otelinin eksteryer və interyeri buraya gələnləri orta əsr Şuşasına qaytarır. Qonaqlar otelin həyətində dövrünün üslubuna uyğun salınan bağçada və terrasda dincələ, şəhərin mənzərəsini seyr edə bilərlər. Şuşa işğaldan azad edildikdən sonra şəhərdə qısa müddətdə "Qarabağ", "Xarıbülbül" otelləri, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışı olub və artıq "Yasəmən" oteli də şəhərin tarixi mənzərəsinə daha bir gözəllik qatmaqla qonaqların istifadəsinə verilib.

Qədim insan məskənlərini görmək, onlarla tanış olmaq hamı üçün maraqlıdır. Azərbaycana gələn hər kəs ölkəmizin tarixini, coğrafi mövqeyini görür. Avropa və Asiya qovşağında yerləşən Azərbaycanın iqlimi, rəngarəng təbii-coğrafi quruluşu bütün il boyu xaricdən turist qəbul etmək imkanına malikdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər