PDF Oxu

Siyasət

  • 1 819

Azərbaycan-Misir münasibətləri inkişafının yeni mərhələsində TƏHLİL

Azərbaycan-Misir münasibətləri inkişafının yeni mərhələsində TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: «Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk»

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Prezident Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda bildirilir: «Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk».Məktubda, həmçinin deyilir: “Hazırda ölkələrimiz arasında əlaqələrin dərinləşməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar yaranmışdır. Siyasi dialoqumuzun müntəzəm xarakter daşıması birgə fəaliyyətimizin inkişafına öz müsbət təsirini göstərir. Bu baxımdan iyun ayının əvvəlində Misirə həyata keçirdiyim səfər çərçivəsində əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin əhəmiyyətini xüsusi vurğulamaq istərdim.

Əminəm ki, dövlətlərarası münasibətlərimizi möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”.

Dövlətimizin başçısı bu bayram günündə Prezident Əbdülfəttah əs-Sisiyə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

TARİXİ KÖKLƏRƏ BAĞLANAN AZƏRBAYCAN-MİSİR ƏLAQƏLƏRİ

Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir. Bu əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü Mübarək arasında dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb. Bu gün bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib.

HƏR İKİ ÖLKƏ PREZİDENTLƏRİN SƏFƏRLƏRİ AZƏRBAYCAN-MİSİR ƏLAQƏLƏRİN GENİŞLƏNMƏSİNƏ TƏKAN VERİR

Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyun ayının 7-də Misir Ərəb Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açdı. Bu səfərlə gələcəkdə yüksək səviyyədə olan əlaqələrin daha da inkişafının və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinin əsası qoyuldu. Qeyd edək ki, ikitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan və Misir prezidentlərinin görüşləri keçirildi. Səfər çərçivəsində imzalanan bir sıra sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirdi.

Xatırladaq ki, səfər zamanı Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə gənclər və idman, elektrik və bərpaolunan enerji, informasiya və kommunikasiya texnologiyaları sahələrində, habelə təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumları, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu” imzalanıb.

Qeyd edək ki, dövlətimizin başçısının Misir Ərəb Respublikasının Prezidenti ilə geniş tərkibdə görüşündə isə Misirin COP27-yə, Azərbaycanın isə COP29-a sədrlik etməsi vurğulanaraq, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması qeyd olundu. BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) vasitəsilə Dünya Şəhərsalma Forumuna Misirin bu il, respublikamızın isə 2026-cı ildə evsahibliyi edəcəyi nəzərə alınaraq, bu sahədə də təcrübə mübadiləsinin və birgə əməkdaşlığın önəmi vurğulandı.

Azərbaycan və Misir prezidentlərinin görüşündə ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyi bildirildi. Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının hazırda nəzərdən keçirildiyi qeyd vurğulandı. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin Türkiyənin Mersin limanı vasitəsilə bu xətdən istifadə edərək Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olundu. Şimal-Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Prezidentlər İlham Əliyev və Əbdülfəttah əs-Sisinin mətbuata bəyanatlarında da Misir-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində geniş danışıldı. Dövlətimizin başçısının bəyanatında Misirin COP27-ə evsahibliyinin böyük uğurlarla nəticələndiyi, dost ölkənin sözügedən sahədəki təcrübəsini öyrənmək üçün Azərbaycan nümayəndələrinin bu məsələyə böyük maraq göstərdiyi vurğulandı.

Dövlətimizin başçısının bəyanatında ikitərəfli münasibətlərin bir sıra məqamlarına toxunuldu. Ölkələrarası ticarət dövriyyəsinin bir neçə dəfə artmasına baxmayaraq bunu qaneedici olmadığı, lakin imzalanmış sənədlərin, əldə edilmiş razılaşmalarin bu istiqamətdə dönüş yaradacağına ümid bəsləndiyi diqqətə çatdırıldı. Ümumiyyətlə, yaxın perspektivdə iki ölkə arasında energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi və digər sahələrində yüksək nəticələr əldə ediləcəyi bildirildi.

İki ölkə rəhbəri arasında keçirilən görüşlərdə yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikir mübadiləsi də aparıldı. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçdiyi, respublikamızın ərazisində bütün infrastrukturun yaradıldığı və beləliklə nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açıldığı da xatırladıldı.

Bir sözlə, bütün bunlar onu göstərir ki, hazırda Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin Misirə indiki rəsmi səfəri də ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsini və bu istiqamətdə yeni uğurların əldə edilməsini şərtləndirir.

AZƏRBAYCAN ÇOXQÜTBLÜ XARİCİ SİYASƏT YÜRÜTMƏK İSTİQAMƏTİNDƏ İRƏLİLƏYİR

Eyni zamanda, ötən il Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri, bu səfər çərçivəsində imzalanmış bir sıra sənədlər göstərir ki, Azərbaycan çoxqütblü xarici siyasət yürütmək istiqamətində irəliləyir. Yaxın Şərqin, eləcə də ərəb dünyasının əsas dövlətlərindən olan Misirlə əlaqələrin inkişaf etdirilməsi müsbət xarakter daşıyır. Misir Prezidentinin məhz indi səfər etməsi onun göstəricisidir ki, Azərbaycanın Avropada və Şərqdə gedən proseslərdə artan nüfuzu bu bölgəyə diqqəti bir daha yönəldib. Bir sıra beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə edən Misir indi bölgədəki vəziyyəti daha dərindən öyrənmək, Azərbaycanla ticari-iqtisadi əlaqələri yaxşılaşdırmaq istəyir. Çünki Avropanın Azərbaycana münasibətindəki iqtisadi və geosiyasi amillər bu bölgənin yaxın vaxtda diqqət mərkəzində olacağını xəbər verir. Misir dövləti də bu prosesdən faydalanmaq, Azərbaycanla, eləcə də Türkiyə ilə münasibətlərə yeni müstəvidən yanaşmaq istəyir.

Cənab Prezident İlham Əliyevin rəsmi görüşdə ifadə etdiyi fikirlər də bunu təsdiq edir: “Biz bu gün həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə bir çox məsələləri müzakirə etdik və gələcək əməkdaşlıq haqqında vahid mövqeyə gəldik - bu əməkdaşlıq dərinləşdirilməlidir və genişləndirilməlidir. Bunun üçün bütün imkanlar var və bugünkü səfər bunu bir daha təsdiqlədi. Biz bundan sonra da beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərəcəyik, bir-birimizi bundan sonra da dəstəkləyəcəyik, necə ki, bu günə qədər iştirak etdiyimiz beynəlxalq təşkilatlarda - istər BMT olsun, Qoşulmama Hərəkatı olsun, İslam Əməkdaşlıq Təşkilatı olsun, bu təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstəririk.”

Onu da vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT-də isalahatların aparılması zərurətini dəfələrlə ən yüksək kürsülərdən səsləndirmişdir. İndiki dünya düzənində buna çox ehtiyac var. Hazırkı siyasi vəziyyət, Rusiyanın bu dünya təşkilatındakı tormozlayıcı rolu da bunu sübut edir. Həm də Qoşulmama Hərəkatı kimi önəmli bir təşkilata sədrlik edən Azərbaycan lideri öz mövqeyini ciddi arqumentlərlə əsaslandırır. Misirin qeyd edilən məsələyə münasibəti də mövqelərimizin üst-üstə düşməsini göstərir. Bu məsələyə münasibətini cənab İlham Əliyev belə ifadə etdi: “BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar. Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə, hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcəkdir.”

Azərbaycanın enerji təhlükəsizliyi sahəsində önəmli rolu və mühüm nəqliyyat dəhlizinin üzərində olması sözsüz ki, Misirin siyasətinə təsir edir. İndiki məqamda Azərbaycanla münasibətləri inkişaf etdirmək, qlobal layihələrdə yer almaq istəyi açıq-aşkar görünür. Təbiidir ki, Misirin bu istəyi bizim üçün də maraqlıdır. Ən azından ona görə ki, Misir Azərbaycan-Ermənistan münasibətlərində neytral mövqeyini Azərbaycana dəstək mövqeyi ilə dəyişəcəkdir.Bir sözlə, bu gün artıq əminliklə söyləmək olar ki, ortaq din və mədəniyyətə malik Azərbaycan ilə Misir arasında əməkdaşlıq möhkəm təməl üzərində qurulub və bu da onun səmərəli inkişafına etibarlı zəmin yaradır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər